XXI əsrin 21 peşəsi

“Cognizat” konsaltinq qrupunun hesablamalarına görə, 10-15 ildən sonra robotlar ABŞ əhalisinin 12%-ni işsiz qoyacaq. Kimsə hesab edə bilər ki, bu, XXI əsrin acı reallığıdır. Ancaq tarix heç vaxt yerində addımlamayıb. Sürətli dəyişikliklər əsrində işsizlikdən qorxub şikayətlənmək çıxış yolu deyil. İşsiz qalmamaq istəyirsənsə, dəyişməlisən!

 

“Cognizat”ın araşdırmalarının nəticələrindən irəli gələn “Bussines İnsider” nəşri də bu qənaətdədir. Əgər bir neçə ildən sonra işsiz qalmaq istəmirsənsə gələcəyin tələblərinə uyğun peşə seçməli, yaxud ixtisasını yeniləməlisən. “Bussines İnsider” yaxın gələcəkdə 21 tam yeni və bir çoxunun bizə məlum olmadığı peşələrin aktual olacağı qənaətindədir. Əlbəttə, onların əksəriyyəti inkişaf etmiş industrial cəmiyyətlər üçün aktualdır. Məsələn, Asiya və Afrikada hələ də qəbilə münasibətləri ilə yaşayan tayfalar var. Nə biz onları yada salırıq, nə də onlar vəziyyətlərindən xüsusi narahatlıq keçirirlər. Ancaq Azərbaycanın dinamik inkişafda olduğu, dünyadakı siyasi, xüsusilə iqtisadi proseslərlə sıx əlaqəliliyi nöqteyi-nəzərdən mövzu bizim üçün də gündəmdə olmalıdır. Beləliklə, söhbət gələcəyin hansı 21 peşəsindən gedir?

 

1. Məlumatlarla iş üzrə detektiv. Onların əsas işi internetdən və digər “ağıllı” qurğulardan əldə edilən məlumatın saf-çürük edilməsi olacaq. Bu məlumatları analiz edən mütəxəssis müştərisinə - şirkətə, yaxud ayrıca şəxsə işində nəyi dəyişmək, nəyi yeniləməklə bağlı tövsiyələrini verəcək. Detektivlər məlumatı maksimal şəkildə çoxlu mənbədən almağa çalışacaqlar, hətta ev termostatı və səsli yardımçılardan belə. Müştərilər özləri də keyfiyyətli xidmət naminə ona lazımi informasiyanı verəcəklər. Hazırda bəzi iri korporasiyalar məhsullarını daha yaxşı satmaq üçün bu metoddan istifadə etməyə başlayıblar. Ancaq güman edilir ki, bu peşə bir müddət sonra daha populyar olacaq.

 

2. Həmsöhbət. Gələcəkdə insanlar daha uzunömürlü olacaqlar. Səbəb biotexnologiyalardır. Ötən yazılarımızdan birində qeyd etmişdik: alimlərin hesablamalarına görə, belə getsə, təqribən 2050-ci ildə elm ölümə qalib gələcək. Yəni bədbəxt hadisələr, intiharlar nəticəsində ölənlər olacaq, ancaq xəstəliklərin demək olar hamısının əlacı tapılacaq. Bax belə bir vəziyyətdə ahıl insanlarla vaxt keçirmək, onlara kömək etmək üçün həmsöhbət peşə sahiblərinə ciddi ehtiyac yaranacaq. Xüsusi öyrədilmiş, təlim keçilmiş şəxslər olacaqlar ki, yaşlılarla vaxt keçirib keçmişin gözəl günləri barədə söhbətlər aparsınlar.

 

3. Şəhər kiberanalitikləri. Bu peşə sahibləri şəhərdə baş verən bütün hadisələr, əsasən də yollarda nizam-intizama dair məlumatların toplanması və işlənməsi ilə məşğul olacaqlar. Şəhər təsərrüfatının elektrik enerjisi ilə təminatdan tutmuş kanalizasiya xətlərinədək bütün sahələri “ağıllı” qurğular vasitəsilə idarə olunacaq. Şəhər kiberanalitiklərinin bir işi də sıradan çıxmış həmin qurğuları vaxtında görmək və ya təmir etmək, yaxud da yenisi ilə əvəzləməkdir.

 

4. Əlavə edilmiş reallıqda səyahət layihələndiricisi. Peşələrdən ən qəlizi bəlkə də budur, çünki söhbət əlavə edilmiş virtual reallıqdan gedir. Alimlərin fikrincə, yaxın gələcəkdə ön plana təcrübə iqtisadiyyatı çıxacaq. Yeni hisslər və biliklər verən əyləncə metodlarına ciddi tələbat yaranacaq. Əlavə edilmiş reallığa səyahətlər adi hala çevriləcək, dünyanın dizaynını yaradacaq və layihələndirməsini həyata keçirəcək mütəxəssislər məhz bu peşənin sahibləri olacaqlar.

 

5. Süni intellekt biznesi üzrə inkişaf meneceri. “Cognizat”ın mütəxəssisləri proqnozlaşdırırlar ki, gələcəkdə süni intellekt daşıyıcıları bir çox sahədə işlərin icraçısı olsalar da, özləri özlərini sata bilməyəcəklər. Elə buna görə də şirkətlərə süni intellektli məhsullara yeni bazarlar tapan və satışı ilə məşğul olan şəxslər lazım olacaq. Necə deyərlər, ticarət asan məsələ deyil.

 

6. Fitnes-motivasiya üzrə məsləhətçi. Artıq çəki və piylənmə müasir cəmiyyətin problemlərindən biridir. Fitnes-trekerlərin meydana gəlməsinin əsas səbəblərindən biri də insanların öz çəkilərinə nəzarət etmələrinə stimullaşdırma idi. Ancaq belə görünür ki, qadjetlər insanı arıqlamağa, yaxud nəfsinə hakim olmağa yönəltməyə, həvəsləndirməyə qadir deyillər. Elə buna görə də gələcəyin peşələrindən biri fitnes-motivator olacaq.

 

7. Süni intellektlə iş üzrə tibbi texnik. Süni intellekt texnologiyalarının inkişafı ilə əlaqədar olaraq tibbi təminat prosesində də irəliləyiş olacaq. Əvvəllər olduğu kimi həkimə getməyə də ehtiyac olmayacaq. Mütəxəssislər özləri xəstələrin evlərinə gəlib müasir texnoloji yeniliklər hesabına dəqiq diaqnoz qoyacaqlar. Hətta heç bir tibbi təhsil görməyən xüsusi tibbi texniklər robotların köməyi ilə cərrahi əməliyyatlar da edəcəklər.

 

8. Fərdi data-broker. Gələcəkdə Facebook abunəçiləri barədə məlumatları “Amazon”a sata bilməyəcək. Bunu abunəçilərin özləri edəcəklər. Hər bir şəxs özü biləcək fərdi məlumatını hansı qiymətə satır. Bu işdə onlara data-brokerlər köməkçi olacaqlar.

 

9. Yol dispetçerləri. Muxtar avtomobillər və dron-kuryerlər həm havada, həm də yollardakı vəziyyəti - hərəkət münasibətlərini köklü şəkildə dəyişəcəklər. Yol dispetçerləri bu prosesi nəzarətdə saxlayacaqlar.

 

10.  Rəqəmsal dərzi. Tezliklə rəqəmsal qurğular insanın bədən ölçülərini götürüb onun 3D-modelini yarada biləcəklər. Bu azmış kimi, rəqəmsal dərzi bizim üçün ideal olan geyimi də seçəcək. “Cognizat”ın ehtimallarına inansaq, belə dərzilərdən ilk olaraq qadın paltarı istehsal edən və satan şirkətlər yararlanacaq.

 

11. Genetik fərqlilik üzrə mütəxəssis. Kollektivdə bərabərlik və fərqlilik amilləri gələcəkdə tək etnik və cinsi mənsubiyyətlə məhdudlaşmayacaq. Hər bir şirkət insanlar arasında genetik mənşə baxımından da balansı qorumağa çalışacaq.

 

12.  IT-əlaqələndirici. Şirkətlərin rəqəmsal məqsədlərinə doğru irəliləmələri və bütün platformalarda maksimal şəkildə avtomatlaşdırmanı həyata keçirmələri prosesinə IT-əlaqələndirici cavabdeh olacaq.

 

13. Kriptokouç. Çox böyük ehtimalla gələcəkdə fiziki pullar arxa plana keçəcək. İnsanlar daha çox kriptovalyutadan istifadə edib mikroborclar götürəcəklər. Yeni sistemli bazarda nələrin baş verdiyini anlamağa hər kəsin gücü çatmayacaq. Bax bu anda onların köməyinə kriptokouçlar yetişəcək.

 

14. Fərdi xatirələrin kuratoru. İnsanlar çox yaşayacaqlar və bu səbəbdən onlara xatirələrin şəxsi virtual dünyası lazım olacaq. Yaddaş kuratorları belə virtual dünyanı yaradıb onları həqiqətəbənzər edə biləcəklər. Bu məqsədlə yaradılmış süni dünya keçmişin realist xatirələri ilə doldurulacaq. Məsələn, mütəxəssis müştərinin uşaqlıqda yaşadığı evi virtual aləmdə reallaşdıracaq. Yaxud insanın keçmişinə dair məlumatlar bazası formalaşdırılacaq ki, yaddaşı tükəndikcə istifadə etsin.

 

15. Virtual dükanlarda məsləhətçi. Hesab olunur ki, ticarət tam olaraq onlayn-formata köçdükdən sonra insanlar evdən çıxmayaraq virtual mağazalarda alış-veriş edəcəklər. Həmin o onlayn-dükanlarda müştəriləri virtual məsləhətçilər “gəzdirəcək”.

 

16. Genetik portfel üzrə direktor. Genetik kodlar analizi və CRİSPR-redaktənin inkişafı ilə əlaqədar olaraq biotexnoloji şirkətlər müştərilərinin yeni sifarişlərini reallaşdırmağa çalışacaqlar. Bu iş genetik portfel üzrə direktorun üzərinə düşəcək. O, şirkətdə ən mühüm vəzifələrdən birini tutacaq. Onun əsas məqsədi innovativ dərmanlar bazarında strategiyanın işlənilməsi və layiqli yerin tutulmasını təmin etməkdir.

 

17. İnsanın maşınla davranışına dair tim-menecer. Futuroloqlar proqnozlaşdırırlar ki, əmək bazarı gələcəkdə insanla robotların işdə necə “dil tapmaları”ndan asılı olacaq. Tim-menecer də məhz bunu müəyyən edəcək: robotun hansı güclü tərəfləri var, insanın hansı. Bundan sonra onların birgə işi təşkil ediləcək.

 

18. Etimad üzrə baş direktor. Səhmdarların şirkətin bütün məlumatlarına çıxışının olması səbəbindən müəssisələr maksimal şəkildə şəffaf işləməyə çalışacaqlar. Etimad direktorunun işi də ondan ibarət olacaq ki, şirkət ətrafındakı “qara bulud”ların yayılmaması, investorlar arasında müəssisə barədə pozitiv auranın yaranmasına çalışsın. Yəni səhmdar bilməlidir ki, pulunu havaya sovurmur və düzgün yoldadır. Yeri gəlmişkən, jurnalistika fakültəsinə daxil olmaq istəyən gənclər bu peşəni diqqətdə saxlasalar yaxşı olar. İxtisasdəyişmə üçün çox vaxt tələb olunmaz.

 

19. Kvant tədrisinin analitiki. Bu şəxs kvant hesablamaları ilə maşın tədrisini birləşdirərək biznesin inkişafı üçün sürətli və effektiv yollar axtaracaq.

 

20. “Əyalət” hesablamaları ustası. Bu mütəxəssisin fəaliyyət sferası bundan ibarət olacaq: o, köhnəlmiş infrastrukturlu şirkətin təkmilləşdirilmiş əyalət (periferiya) hesablama sistemli mərkəzdənqaçma modelinə keçirilməsini təmin edəcək. Hesab olunur ki, əyalət hesablamalı (edge computing) şirkətlər iri data-mərkəzlərdən cavab gözləmədən məlumatların işlənilməsini həyata keçirə biləcəklər.

 

21. Etik təminat üzrə mütəxəssis. Bəzi şirkətlər işlərində tək gəliri deyil, etik çıxarları da nəzərə alacaqlar. Mütəxəssis hesablayacaq ki, şirkətin siyasəti səhmdarların dəyərlərinə hansı dərəcədə riayət edir. Məsələn, bəzi investorlar istəyəcəklər ki, işdə insan əməyi robotlardan üstün dəyərləndirilsin. Etik təminat üzrə mütəxəssis bu prosesə nəzarət edəcək.

 

Göründüyü kimi, dünyada bir tərəfdən hər şey asanlaşır və əlçatan olur, digər tərəfdən isə ortaya çətin gerçəklik çıxır: bu miqyasda texnoloji inqilab tələblərinə necə cavab verməli? Əlbəttə, təkmilləşməli! Unutmayaq, vaxtilə buxar maşını icad ediləndə əl əməyinə ehtiyac olmayacağı düşünülürdü. Ancaq bu kəşf yeni-yeni iş yerlərinin açılmasına səbəb oldu.

 

Rüstəm QARAXANLI

 



09.03.2018 | 12:20