AzMİU-da “Dəmir yumruq” adlı tədbir keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Günü münasibətilə “Dəmir yumruq” adlı tədbir keçirilib.

 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova  xalqımızı Zəfər bayramı münasibətilə təbrik edib, müstəqilliyimizin əbədi olmasını arzulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun  dünya hərb tarixinə düşən tarixi qələbəsindən danışıb: “Prezident İlham Əliyev üçrəngli Azərbaycan  bayrağını Xankəndidə dalğalandıracağımıza söz vermişdi. “Sözümüz imzamızdır!” – deyən Prezidentimiz artıq bunu reallığa çevirib. Biz Xocalı və Xankəndidə dalğalanan bayrağımıza baxıb fəxr edirik. Bütün dünya, o cümlədən düşmən artıq bu reallıqla barışıb, razılaşıb”.

 

“44 günlük Vətən müharibəsində AzMİU-nun məzun və tələbələri də böyük igidlik və şücaət göstərib. Vətən müharibəsində və ondan sonraki dövrlərdə həyata keçirilən əməliyyatlarda AzMİU-nun 27 tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb. Bizlər, bütöv Azərbaycan üçün canlarını fəda etmiş bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik. AzMİU-da şəhidlərin xatirəsi hər zaman uca tutulur, onların vətənpərvərliyinin tələbələrə təbliği istiqamətində bir sıra işlər görülür”-deyə rektor qeyd edib.  

 

Vətən müharibəsində şəhid olmuş AzMİU tələbə və məzunlarının hər birinin ad və soyadını səsləndirən G.Məmmədova doğma universitetlərinin onların xatirəsini hər zaman yaşadacağını vurğulayıb.

 

Millət vəkili Hikmət Babaoğlu çıxışında Vətən müharibəsində, lokal antiterror əməliyyatlarında əldə etdiyimiz qələbənin dövlətimiz üçün siyasi dividendlərindən danışıb: “Prezident İlham Əliyevin hakimiyyəti dövründə Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı, bilik və təcrübi bacarıqları daima təkmilləşdirildi, hərbçilərimizin xidmət və məişət şəraitinin yaxşılaşdırılması həmişə diqqət mərkəzində saxlanıldı. Beləliklə, Milli Ordumuz ən mürəkkəb tapşırıqları icra etməyə qadir olan dünyanın ən güclü orduları sırasına daxil oldu. Nəticədə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında son iki yüzillik tariximizin elə bir Zəfər tarixini yazdı ki, bu Zəfər xalqımızı məğlub edilmiş xalqdan qalib xalqa çevirdi. İşğalçı Ermənistan və hamiləri unuda bilməyəcəkləri dərs aldı”.

 

Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov ordumuzun uğuruna diqqət çəkərək hərbi təcrübəmizin dünya ölkələri tərəfindən tədqiq olunduğunu bildirib. “Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır”.

 

Universitetin magistrantı, Vətən müharibəsi iştirakçısı Fariz Əzizov da çıxış edərək müharibə və döyüş yolu  ilə bağlı öz xatirələrini bölüşüb.

 

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

 

 



07.11.2023 | 15:17