Pedaqoji Universitetdə “Zəfər Günü”

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, şəhid ailələri və qazilər, eləcə də, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Əvvəlcə, rektor professor Cəfər Cəfərov Vətən müharibəsi şəhidləri Xudayar Yusifzadənin anası Radə Qurbanova, Arəstə Baxışovanın anası Məktubə Baxışova və Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayeva ilə görüşüb, sonra isə universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi, “Zəfər stendi” və “Zəfər guşəsi” ziyarət olunub.

 

Zəfər Günü ilə bağlı videoçarxın nümayişindən sonra rektor C.Cəfərov bu gün tariximizin ən möhtəşəm səhifəsi olan Böyük Zəfərimizin üçüncü ilinin qeyd edildiyini vurğulayıb. Rektor cari ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərinə, nəticədə qondarma rejimin tamamilə tərksilah edildiyinə də toxunaraq, Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, suverenliyinin də tam bərqərar olunduğunu söyləyib.  

 

Böyük mübarizələrin itkisiz olmadığını qeyd edən professor C.Cəfərov Vətən müharibəsində 3 minə yaxın vətən övladının canlarından keçdiyini, şəhidlərimizin arasında Pedaqoji Universitetin 15 tələbə və məzununun da olduğunu vurğulayıb. Bildirilib ki, onlardan iki nəfəri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Eyni zamanda, Zəfər salnaməmizin yeganə xanım şəhidi olan Arəstə Baxışova da Pedaqoji Universitetin yetirməsi, məzunudur.

 

Şəhidlərimizin xatirələrini ədəbiləşdirmək üçün Pedaqoji Universitetdə ardıcıl işlərin aparıldığını diqqətə çatdıran rektor deyib ki, universitetin 100 illiyində “Pedaqoji Universitetin Qəhrəmanları” ensiklopedik toplusu hazırlanaraq nəşr olunub, “Zəfər stendi”, “Zəfər qorelyefi”, bu yaxınlarda isə Pedaqoji Universitetin I və II Qarabağ müharibəsində şəhid olan tələbə və məzunlarının adlarının əbədiləşdirildiyi “Zəfər guşəsi”nin açılışı olub.

 

Daha sonra çıxış edənlərdən Vətən müharibəsi şəhidləri Xudayar Yusifzadənin anası Radə Qurbanova, Arəstə Baxışovanın anası Məktubə Baxışova, Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayeva, Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri, I Qarabağ və Vətən müharibəsi veteranı Tahir Məmmədov, eləcə də digər şəhid ailəsi üzvləri və qazilər göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını bildirib,  canını Vətən uğrunda fəda edən qəhrəmanlarımızın qanının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad edildiyinin fərəhini yaşadıqlarını deyiblər.

 



06.11.2023 | 10:13