Mingəçevirdə Əmək Yarmarkası və MDU Birinci Məzun Forumu

Mingəçevir Dövlət Universiteti (MDU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əmək yarmarkası və MDU Birinci Məzun Forumu keçirilib.

 

Elm və Təhsil Nazirliyi, ƏƏSMN və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan hər iki tədbirdə şəhid ailələri, müharibə veteranları, dövlət və özəl qurumların, təhsil müəssisələrinin nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar və məzunlar iştirak ediblər.

 

Əvvəlcə, tədbir iştirakçıları və qonaqlar əmək yarmarkasının açılışında iştirak edib, stendlərlə tanış olub, işəgötürənlərlə söhbət ediblər. Diqqətə çatdırılıb ki, əmək yarmarkasına 19 müəssisə tərəfindən 160 vakansiya çıxarılıb.

 

Sonra MDU Birinci Məzun Forumunun işinə start verilib.

 

Forumun açılışında MDU-nun rektoru Şahin Bayramov, DMA-nın İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin  başçısı İlham İsmayılov,  Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, MDU-nun Zəngilan və Füzulidə pedaqoji fəaliyyət göstərən məzunları və Türkiyədən olan qonaq professorlar çıxış ediblər.

 

Ali təhsil müəssisəsinin əsas missiyasının yüksək keyfiyyətli mütəxəssis və layiqli vətəndaş hazırlamaqdan ibarət olduğunu vurğulayan rektor Ş.Bayramov hazırda MDU məzunlarının ictimai həyatın bir çox sahələrində müxtəlif vəzifələrdə uğurla çalışaraq cəmiyyətə fayda verdiklərini vurğulayıb. MDU ailəsinin məzunları ilə hər zaman fəxr etdiyini və onlara böyük dəyər verdiyini bildirən Ş.Bayramov məzunların da təhsil aldıqları universitetə münasibətini yüksək qiymətləndirib və əməkdaşlığın inkişafının qarşılıqlı faydalılığından bəhs edib.

 

Əmək yarmarkası və məzun forumunun universitet-dövlət, universitet-sənaye və universitet-məzun kommunikasiyasının inkişafı, məzunlar və tələbələr arasında şəbəkələşmənin formalaşması üçün faydalı platforma olduğunu vurğulayan rektor qeyd edib ki, bu tipli tədbirlər həm də ali təhsil müəssisələri üçün fəaliyyət nəticələrini, o cümlədən məzunlarının performansını real dəyərləndirmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Ş.Bayramov MDU tarixində ilk dəfə keçirilən Məzun Forumunun gələcəkdə daha effektiv və təkmil formada davam edəcəyinə əminliyini ifadə edib.

 

DMA-nın İdarə Heyətinin sədri M.Abbasbəyli bildirib ki, ali təhsil sahəsində və əmək bazarında meydana çıxan yeni çağırışılara cavab olaraq MDU-da belə önəmli tədbirlərin keçirilməsi sevindirici haldır və bütün bunlar universitetin davamlı müasirləşmək iradəsindən xəbər verir. Əmək bazarının mövcud tələblərindən və çətinliklərindən, təhsilin həlledici rolundan danışan M.Abbasbəyli dayanıqlı məşğulluğun təmin edilməsində qlobal trendlərə diqqət yetirilməsinin və gələcəyin əmək bazarına hazırlığın vacibliyini qeyd edib.

 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İ.İsmayılov tədbirin aktuallığına və önəminə diqqəti çəkərək bildirib ki, ölkə başçısının tapşırıqlarına əsasən işsizliyin aradan qaldırılması istiqamətində regionlarda mühüm işlər aparılır. DMA və MDU-nun birgə təşkilatçılığı ilə Mingəçevirdə əmək yarmarkası və Məzun Forumunun keçirilməsi bu istiqamətdə şəhərdə görülən işlərə əhəmiyyətli töhfədir.

 

Tədbirə onlayn formatda qoşulan MDU-nun məzunu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov universitetin kollektivini, tələbələri, məzunları və qonaqları salamlayıb, MDU-da universitet-məzun əlaqələrində yeni mərhələnin başlanmasından məmnunluğunu dilə gətirib.

 

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində və Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində çalışan 3 MDU məzunu  - Şəmsiyyə Şəmsəddinova, Zəhra İsayeva və İltimas Məmmədova müxtəlif illərin məzunlarını bir araya toplayan Birinci Məzun Forumunda iştirak etməkdən məmnunluqlarını ifadə ediblər.

 

Qazi Universitetinin və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz və Evren Güçer vurğulayıblar ki, əmək yarmarkası və Forum yeni başlanğıcların əsasını qoymaqla universitetin strateji hədəflərinə doğru daha dinamik inkişafı baxımından əhəmiyyətli ekosistem təmin edir. Məzunların nailiyyətlərini universitetin verdiyi təhsilin uğurları kimi dəyərləndirən qonaq professorlar əmək bazarında kifayət qədər yüksək mövqe tutmuş məzunların uğurlarının paylaşılması üçün yaradılan belə bir platformanın davamlı təşkilinin mühüm töhfələr verəcəyinə əminliklərini qeyd ediblər. 

 

Sonra Forum işini panel müzakirələri ilə davam etdirib.

 



04.11.2023 | 16:25