Lusi kosmik gəmisi Dinkineş asteroidinin qoşa olduğunu kəşf edib | |
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Lusi (Lucy) kosmik gəmisi sınaq çəkilişi edərkən Dinkineş asteroidinin yaxınlığında daha bir kiçik asteroid qeydə alıb.
Kolorado ştatı San-Antonioda yerləşən Cənub-Qərb Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Hal Levisonun sözlərinə görə, Amhar dilindən tərcümədə “Möcüzəvi” mənasını verən Dinkineş astreoidi ona verilmiş adı doğrultdu. Lusinin uçuş traektoriyası planlaşdırılan zaman onun Dinkineş də daxil olmaqla 7 asteroidin yaxınlığından ötüb keçməsi nəzərdə tutulmuşdu. Sonradan isə bu sayı 11-ə kimi artırılıb.
Kosmik gəminin Dinkineş ilə qarşılaşmasından bir neçə həftə əvvəl tədqiqat qrupu asteroidin parlaqlığının zamandan asılı olaraq dəyişdiyini qeyd etmişdi və Dinkineşin qoşa sistem ola biləcəyi ehtimalı yaranmışdı. Qarşılaşmanın ilk görüntüləri bütün şübhələri aradan qaldırdı. Belə ki, alınmış şəkillərdən Dinkineş və peykinin sıx qoşa sistem olduğu görünür. İlkin təhlillərdən sonra tədqiqat qrupu hesab edir ki, böyük asteroidin ölçüsü ~790 m, kiçik asteroidin isə ~220 m-dir.
Bu qarşılaşma, ilk növbədə Lusinin 4,5 km/s sürətlə hərəkəti zamanı avtonom izləməyə imkan verən sisteminin sınağı idi və nəticələr müsbət oldu. Sınaq zamanı Lusinin terminal izləmə kamerası (T2CAM) tərəfindən qoşa asteroid cütünün şəkilləri 13 saniyə fərqlə alınmışdır. Şəkillərin kontrast və dəqiqliyini artırmaq üçün isə üzərində işlənmişdir. Ümumilikdə, bu qarşılaşma bir mühəndislik sınağı kimi həyata keçirilsə də, alimlər kiçik asteroidlərin təbiətini analiz etmək üçün məlumatları araşdırırlar.
Dinkineşin bütün məlumatlarının əldə olunması bir həftə çəkəcək ki, tədqiqat qrupu bu məlumatlar əsasında 2025-ci ildə Lusinin növbəti asteroidə yaxınlaşması zamanı daha yaxşı nəticə almasını təmin edəcək. Yupiterin Troyanlar qrupundan olan asteroidlərin izlənilməsi isə 2027-ci ilə planlaşdırılıb.
Planetlərin təkamül modelləri göstərir ki, Troyan asteroidləri xarici planetləri əmələ gətirən eyni ilkin materialın qalıqlarıdır və nəticə olaraq 4 milyard il əvvəlki Günəş sistemi haqqında məlumat daşıyır. Troyan asteroidlərinin səth tərkibi bir-birindən çox fərqlidir. Ehtimal olunur ki, bu müxtəliflik onların Günəş sisteminin müxtəlif yerlərində formalaşması və təkamül zamanı indiki orbitlərinə gətirilməsi ilə bağlıdır. Lusinin məqsədi də bu müxtəlifliyi araşdırmaqdır.
Qeyd edək ki, Lusi kiçik səma cisimlərinin tədqiq olunması üçün həyata keçirilən ilk missiyadır. 16 oktyabr 2021-ci ildə kosmosa buraxılan kosmik gəmi, noyabrın 1-də missiya çərçivəsində ilk asteroidə yaxınlaşıb.
Şamaxı Astrofizika Rəsədxanası
|
|
04.11.2023 | 14:11 | |
|
|
|