Nizami Kino Mərkəzində "Şuşa maarifi" sənədli filminin nümayişi olub

Noyabrın 2-də Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə hazırladığı "Şuşa maarifi" sənədli filmi nümayiş etdirilib. 

 

Mərasimdə Elm və Təhsil və Mədəniyyət nazirliklərinin əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ictimaiyyət nümayəndələri, dövlət qurumlarının mətbuat katibləri, 44 günlük Vətən müharibəsində döyüşmüş müəllimlər, tələbələr və digər qonaqlar iştirak ediblər. 

 

Açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu filmin həsr olunduğu Şuşa maarifinin ölkəmizdə bütün sahələrin inkişafındakı rolunu vurğulayıb. Şuşa məktəbinin Azərbaycan təhsilinə verdiyi töhfələrə toxunan nazir müşaviri hazırda aparılan təmir-quruculuq işlərindən sonra Şuşada yeni məktəb mənzərəsinin formalaşacağına və müasir dövrün dahilərinin həmin məktəbdə yetişəcəyinə inamını bildirib. 

 

Açılış nitqindən sonra film nümayiş etdirilib.

 

49 dəqiqəlik film Şuşanın maarif tarixindən bəhs edir.  Azərbaycanın ilk dünyəvi məktəbi – Şuşada açılan qəza məktəbindən başlanan tarixdən söz açılan filmdə bu qədim şəhərin xalqımız üçün tarixi və mədəni əhəmiyyəti, həmçinin maarifçilik sahəsində önəmli rolu xüsusilə qeyd olunur.

 

Filmdə Şuşanın Azərbaycanın təhsil və elm sahəsinə tanınmış alimlər, görkəmli ziyalılar bəxş etdiyi diqqətə çatdırılır, eləcə də maarif tarixini yaradan şəxsiyyətlər barədə danışılır.

 

 



03.11.2023 | 12:32