“Şagirdlərimin uğurları üçün yorulmadan çalışıram” | |
Nümunəvi ailənin qızı nümunəvi şagird olub. İndi isə nümunə göstərilən müəllimdir. Bu dəfə “Əməkdar müəllimlərimizi tanıyaq” rubrikasında Zenfira Hüseynovanın hekayəsini paylaşırıq.
Sevgisi riyaziyyatı peşəyə çevirdi
1965-ci ildə Beyləqan rayonunda doğulan Zenfira Hüseynova ailədə məktəbə, məktəbdə həyata hazırlanıb. Ziyalı ailədə dünyaya göz açan bu qız rayondakı F.Hacıyev adına 2 nömrəli tam orta məktəbə gedib. Hər fənni oxuyub, mənimsəyib, amma riyaziyyatı həm də sevib. Məktəbi əla qiymətlərlə bitirərək sevgisinin arxasınca getməyə qərar verib. Ali məktəb seçimində elə də çətinlik çəkməyib. Müəllimliyin əsas ünvanına - Azərbaycan Dövlət Pedaqoji Universitetinə baş vurub. Müraciəti uğurla dəyərləndirilib və o, burada riyaziyyat-informatika və hesablama texnikası fakültəsində təhsil alıb. 1989-cu ildən Beyləqan rayonu N.Allahverdiyev adına şəhər 1 nömrəli tam orta məktəbin müəllimidir: “Peşəmin vurğunuyam. Bu peşəni həm də uşaqlara görə sevirəm. Şagirdlərimin uğurları üçün yorulmadan çalışıram”.
O qədər ürəklə çalışıb ki, bir əyalət məktəbinin müəllimi olan Zenfira xanımın nüfuzu məktəbini, elini, regionunu aşıb paytaxta qədər çatıb. Məktəbdə verdiyi hər dərs şagirdlərinin ömrünə işıq olub. Çünki bütün elmlərin açarını verib. “Çox qapını açacaq riyaziyyat”, - deyib. Yetər ki, o açarı doğru qapıya sal.
Özü də doğru qapıdadır Zenfira müəllim. Riyaziyyat müəllimi olmaq onun bu həyatda verdiyi ən doğru qərardır. Çünki riyaziyyatı, ilk növbədə, sevir. Atasının sevdirdiyi qədər, atası kimi sevir riyaziyyatı, həm də atasını sevdiyi qədər sevir. Çünki riyaziyyat sevgisi atasından gəlib ona: “Atam mühəndis olub. Riyaziyyatı çox sevirdi, mənə də sevdirdi”.
Riyaziyyat elə bir elmdir ki, onu, sadəcə sevməklə bilmək, hətta öyrətmək mümkün deyil. Zenfira Hüseynova riyaziyyatı tək öyrənməyib, başqa fənlərlə qarşılaşdırıb öyrənib, əlaqələrini yaradıb mənimsəyib. Nəticədə riyazi bacarığı ilə öncə məktəbdə, sonra institutda fərqlənib.
Mühəndis atası bilirdi ki, riyaziyyat bir çox elmlərin açarı ola, hətta insan üçün həyatı asanlaşdıra bilər, amma məktəbdə keçilən hər fənnin verdiyi bir dərs var. Odur ki, qızının hər mövzudan çıxartdığı dərs, hər fəndən aldığı qiymətlə maraqlanıb. Nəticədə həyata hazır, dünyagörüşlü, bacarıqlı bir qız yetişdirib.
Müəllimlikdə uğur qazandı
İndi o qız riyaziyyatda uğura çatmış, uğuru peşəsinə də gətirmiş, peşədə də yüksəlmiş bir müəllimdir, ƏMƏKDAR müəllimdir: “Atam çox arzu edirdi ad almağımı. Fəaliyyətimi dövlətin də qiymətləndirməsi ən böyük arzusu idi. Çox təəssüf ki, o vəfat edəndən 1 ay sonra fəxri ad aldım”.
O gün 2013-cü ilin oktyabr ayına təsadüf edib. Müəllimlərin peşə bayramında “Əməkdar müəllim” adına layiq görülən Z.Hüseynova pedaqoji fəaliyyətinin zirvəsinə ucalıb: “Pedaqoji fəaliyyətim, buraxılış və qəbul imtahanlarında şagirdlərimin yüksək nəticələri nəzərə alınaraq bu ada layiq görüldüm”.
Z.Hüseynova indi də sertifikatlaşdırma imtahanlarını gözləyir. Bu dəfə özünü orada sübut edəcək: “Müəllimlərin ilk qiymətləndirmə imtahanlarında iştirak etdim. Diaqnostik qiymətləndirmədə 56 bal topladım. İndi səbirsizliklə riyaziyyatçıların sertifikatlaşdırma imtahanlarına hazırlaşıram. Bu, mənə qazandığım nüfuza, aldığım ada, daşıdığım vəzifəyə layiq olduğumu təsdiq etmək üçün lazımdır!”
Ruhiyyə DAŞSALAHLI
|
|
03.11.2023 | 11:09 | |
|
|
|