“Təhsildən tərəqqiyə” | |
“Təhsildən tərəqqiyə” devizi altında Bakıda Təhsilin İnkişafı Forumu təşkil edilib. Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə baş tutan tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Forumda işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, innovasiya ekosisteminin yaradılması, dövlət - özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası müzakirə olunub. Panel müzakirələrdə çoxşaxəli suallar səsləndirilib, onlara maraqlı cavablar verilib.
İnnovasiya ekosistemi ətrafında gedən müzakirələrdən biri elm və təhsil nazirinin iştirakı ilə keçib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə “İnnovasiya ekosisteminin yaradılması” üzərində qurulan həmin müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov öz düşüncələrini paylaşıb, sualları cavablandırıblar.
Foruma qatılan Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu çıxışında bildirib ki, Türkiyədə on illərdir davam edən universitet-sənaye əməkdaşlığına cəhdlər belə deməyə əsas verir ki, bu, elə də asan proses deyil. Belə ki, əməkdaşlıq birdən-birə baş vermir. Bunun üçün münbit mühit formalaşdırmalı, ekosistem yaradılmalıdır: “İnnovativ inkişafın 3 əsas tərəfi var. Bu, ictimaiyyət, universitet və tədqiqat mərkəzləri və sənaye dünyasıdır. Bu üçü bir araya gəlib üzərinə düşən rolu oynamalıdır. Biri irəli gedirsə, digəri geridə qalırsa, innovasiya sağlam formada inkişaf etmir. Bu gün dünyada 30 mindən çox universitet var. Lakin 98 faizi hazırkı formatlarından çıxmalı və islahatlar aparılmalıdır.Bu islahatları aparmadıqca, onları lazımi səviyyəyə gətirmək mümkün deyil”.
İnnovasiyaların inkişafı üçün uzun, ya qısa yol?
Elm və təhsil naziri Emin Əmrullayev bu fikirdədir ki, innovasiyanı yaradan təhsilli insandır, o, olmadan innovasiya mümkün deyil: “İnsan zamanla yetişir, onları zamandan sürətli yetişdirmək metodu isə yoxdur”.
O zaman başqa bir sual ortaya çıxır. Təhsildə nailiyyətlər əldə etməyə zaman lazımdırsa, onda qısa və səmərəli yollarla nələri həll edə bilərik? E.Əmrullayev həm qısa, həm uzun yolu göstərir:”İnnovasiyaların uzunmüddətli inkişafından danışırıqsa, məktəblərdən, hətta məktəbəqədər təhsil müəssisələrindən, qısa müddətdə innovativ inkişafdan danışırıqsa, əsasən ali təhsil müəssisələrindən söhbət gedir”.
İnnovativ inkişafda iki istiqamət
İnkişafın da iki istiqamətini göstərən nazir riskləri, səhvləri həyatımızın nə qədər mərkəzinə qoymağımızın önəminə diqqət çəkib: “Birinci istiqamət ümumi davranış, münasibətlər, dəyərlər prizmasıdır. Yəni bizim baxışımız innovativ düşüncəni nə qədər dəstəkləyir?!”
Nazirin fikrincə, innovativ inkişaf risklə bağlıdır. Riski sevmirsənsə, innovasiya ilə məşğul olmaq çətindir: “İkinci bir məsələ, səhv etmək və səhvlərə olan münasibətdir. Səhv etmək çox vacib öyrənmə elementidir. Şagird səhvi üzərindən daha yaxşı öyrənir. Səhv etməkdən qorxan, başqasının səhvini qabardıb heç nə etməyən insanlarla innovasiya etmək çətindir. Uşaqlarımıza qorxmadan cəhd etməyi aşılasaq, daha yaxşı nəticələr əldə etmək olar”.
Risk və səhv etməkdən qorxmayan insandan başqa, bir də səriştəlilər var: “Həqiqətən səriştəli bir adam innovasiya edə bilər. Bu da özlüyündə iki yanaşmaya ayrıla bilər. Son dövrlərin startaplarının bir qismi sadə bacarıq üzərində yaranıb. Bu, başqasına satmaq bacarığıdır. Geniş anlamda satmaq bacarığı da vacibdir. Bəzi hallarda nəyisə satmaq, kimdənsə pul istəmək ayıb hesab edilməməlidir. İnnovasiyaların bir qismi buradan yaranır. Satışda, marketinqdə bacarığı olanlar daha çox mənfəət əldə edirlər, nəinki məhsulu yaradanlar”.
Məhsul yaratmaq isə ikinici vacib istiqamətdir. Amma bu istiqamətin inkişafı üçün danışmaq, müzakirə eləməklə iş görmək olmaz: “Yığışıb innovasiyalardan danışmaqla innovasiyalar yaradılmayacaq. Müzakirə etmək zərurətdir, amma bundan vacibi məhsulu yaradacaq səriştəli şəxsləri ortaya çıxaracaq fundamental biliklərdir. Ona görə çalışırıq ki, daha çox uşaq məktəbəqədər təhsilə getsin, daha çox uşaq rəqəmsal bacarıqlara cəlb olunsun. Məktəblərdə STEAM kabinetləri yaradılır. Ola bilsin ki, işlərimiz yavaş gedir. Lakin əvvəlki onilliklə müqayisədə daha yaxşı yerdəyik”.
“Ali təhsil müəssisələrində innovasiya sisteminin tətbiqi vacibdir”
Ali təhsil müəssisələrində isə səriştəlilik bacarığı artıb. Emin Əmrullayevin fikrincə, Azərbaycanın 3 universitetinin qarşıdakı bir neçə il ərzində top 800 universitet sırasına düşəcəyi proqnozlaşdırılır. Odur ki, bilik paylaşan müəssisələrdən bilik yaradan müəssisələrə inteqrasiya etməliyik: “Hər il ölkədə 55 minə yaxın şəxs bakalavr, 10 min nəfər isə magistr təhsili alır və bu rəqəmlər getdikcə artacaq: “Ali təhsil müəssisələrində innovasiya sisteminin tətbiqi vacibdir”.
Son illərdə ali təhsil alanların sayı 3 dəfə artıb. “Yaxşı kadr üçün 10 min avro ödədiyimiz proqramlar var” - deyən Emin Əmrullayevin sözlərinə görə, ali təhsil müəssisəsinə az resurs verib, dünya səviyyəli innovasiya tələb etmək doğru yanaşma deyil: “Kompüter mühəndisi 4000 manata yaxın əməkhaqqı alır. Bu gün “dünyada rəqabətədavamlı kompüter mühəndisi hazırlamaq neçəyə başa gələr?” sualının cavabı daha maraqlıdır. Düşünmək lazımdır ki, 1500 manata 10 min avro xərc tələb olunan həmin ixtisas üzrə, heç olmasa, ona bərabər və ya yaxşı mühəndis yetişdirmək mümkündürmü?”
Nəinki yaxşı mühəndis, işinin peşəkarı olan ağac budayana belə tələbat var. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məhz bu məqama diqqət çəkib: “Hamı mütəxəssis axtarır. Özəl sektor da həmin şəxslərə ehtiyac duyur. Ali təhsil müəssisələri ehtiyacdan çox hüquqşünas yetişdirir, ehtiyac isə aqronomadır”.
“Əhatə dairəmizi artırmağı qarşımıza hədəf qoymuşuq”
Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tələbləri işəgötürənlərdən alır: “Bu gün işlə təminat məsələsindəki əhatə dairəsi heç də arzuedilən kimi əmək bazarına girən 100 faiz vətəndaşı əhatə etmir. Qarşımızda duran ən böyük çağırış da budur. Əhatə dairəmizi artırmağı qarşımıza hədəf qoymuşuq”.
Sahil Babayevin fikrincə, yüksək texnologiyalar sahəsində hər zaman inkişaf var. Lakin sırf bu peşə yönünə köklənmək doğru olmaz. Misal olaraq, kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər”.
Sahil Babayevin sözlərinə görə, bu gün dünya alternativ enerjidən danışır, halbuki əvvəl bu sahəyə bugünkü qədər kadr lazım deyildi: “Yəni, hər dövrün öz tələbi var. Müxtəlif istiqamətlərdə ssenarilərimiz olmalıdır. Qazanılan bilik və bacarıqların tətbiqinin imkanları mütləqdir. Etiraf edək ki, sovet dövründə nəzəri baxımdan təhsil Qərb təhsilindən kifayət qədər güclü idi. Lakin tətbiqi iş praktiki təcrübədən sonra mümkün idi”.
Təhsil sahəsində konsepsiyaların tətbiqini daha önəmli sayan S.Babayev əmindir: “Əhalinin məşğulluğu əsas hədəflərdəndir. Müxtəlif kateqoriyadan olan vətəndaşların hazırlanması vacibdir. Gələcək dövrdə kadr ehtiyacının tələblərə görə artıb-azaldığını görəcəyik”.
İqtisadiyyat Nazirliyində innovativ tərəqqi üçün qanuni baza hazırlanır
İnnovativ fəaliyyətlər İqtisadiyyat Nazirliyində də vacib istiqamətdir. Belə ki, artıq innovativ tərəqqi üçün qanuni baza üzərində iş gedir. “İnnovativ fəaliyyətlər” haqqında qanun layihəsindən danışan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev hazırda layihə şəklində olan sənədin yaxın zamanda müvafiq dairələrə təqdim olunacağını deyib: “İnnovativ fəaliyyətlərin çərçivələrini müəyyənləşdiririk. Bundan doğan strategiyanın olması və fəaliyyətin tənzimlənməsi zəruri olacaq”.
Universitet - sənaye tərəfdaşlığı
İkinci paneldən öncə “Bilişim Vadisi” Texnoparkının baş icraçı direktorunun müavini Tuba Öztepe məruzə ilə çıxış edib.
“SABAH.HUB”ın icraçı direktoru Rəhim Bayramlının moderatorluğu ilə keçirilən ikinci paneldə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “BP Azerbaijan” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Abbas İbrahimov, Sumqayıt Texnologiyalar Parkının baş insan resursları inzibatçısı Şölə Əliyeva spiker qismində çıxış ediblər. Panel çərçivəsində təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, təhsil ilə iqtisadiyyatın inteqrasiyası, tədqiqat və inkişaf ekosistemi mövzuları ətrafında müzakirələr aparılıb.
Forumun üçüncü panelində “Gələcək üçün təhsil” müzakirə edilib
Paneldən əvvəl ABŞ-nin “Coursera” şirkətinin baş müşaviri Çad Paşa məruzə ilə çıxış edib. Daha sonra ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “212” şirkətinin baş direktoru Numan Numan, TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş spiker qismində çıxış ediblər. Panel çərçivəsində ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunub.
Qeyd edək ki, Foruma “NEQSOL Holding”, “British Petroleum” şirkəti, SOCAR, Sumqayıt Texnologiyalar Parkı, Azərbaycan Beynəlxalq Bankı, “Azersun Holding” və “BestComp Group” sponsorluğu ilə keçirilib.
Ruhiyyə DAŞSALAHLI
|
|
03.11.2023 | 09:09 | |
|
|
|