SDU ilə Polimer Materialları İnstitutu arasında memorandum imzalanıb

Sumqayıt Dövlət Universiteti (SDU) ilə Polimer Materialları İnstitutu (PMİ) arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsi üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.

 

Tədbirdə PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Bəxtiyar Məmmədov və SDU-nun  rektoru Rüfət Əzizov başda olmaqla, hər iki tərəfdən nümayəndə heyəti, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov  iştirak ediblər.

 

Universitetin rektoru R.Əzizov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi, kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verib, tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq edilməsi istiqamətində aparılan islahatlardan danışıb. İmzalanan memorandumun elm və ali təhsilin inteqrasiyası prosesinə təkan verəcəyini vurğulayıb.

 

Polimer Materialları İnstitutunun direktoru professor Bəxtiyar Məmmədov universitetin təhsil modelini yüksək qiymətləndirib, müasir texnologiyaların tətbiqinin tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil olduğunu bildirib.         O, rəhbərlik etdiyi institutun ali məktəblərlə, o cümlədən SDU ilə əməkdaşlığının möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb, institutda tələbələrin universitetdə əldə etdikləri bilikləri elmi tədqiqatlarla əlaqələndirmələri üçün hər cür şəraitin olduğunu söyləyib. Universitet əməkdaşlarının da öz növbələrində PMİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları və onlarda praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivlərdən söz açıb. Qeyd edib ki, SDU-nun PMİ-də “Polimer materiallarının texnologiyası” baza kafedrası yaradılıb. Baza kafedrası respublikanın, xarici kimya müəssisələrinin və şirkətlərinin tələblərini tam təmin edən mütəxəssislərin hazırlanması, ali təhsilli mütəxəssis hazırlanmasının əsas şərtləri olan elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi məqsədlərini daşıyır.  Bu istiqamətdə imzalanan memorandum  iki müəssisə arasında aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov çıxış edərək universitetlə müəssisə arasında əlaqələri daha da inkişaf etdirmək üçün bu görüşün əhəmiyyətini və geniş spektrdə əməkdaşlığın mümkünlüyünü bildirib.

 

Məlumat üçün bildirək ki, memorandum tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı anlaşma, yüksək ixtisaslı kadrların hazırlanması, elmi araşdırma, təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

 

Sonda memorandumun detalları, gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

 



02.11.2023 | 18:07