Türkiyəli mütəxəssislər AzMİU-da

Türkiyənin  su və tullantı su sektorunda aparıcı qurum olan İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) mütəxəssisləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) seminar keçiblər.

 

Seminar  “Su və çirkab su tikintisi texnologiyaları”, “İstanbulda içməli suyun idarə olunması” mövzularını əhatə edib.

 

AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri (ST və MKS) fakültəsinin aidiyyəti istiqamətlər üzrə dərs deyən müəllimləri və tələbə heyəti üçün nəzərdə tutulmuş seminarda İSKİ-nin tətbiq etdiyi üsullar, yerli texnologiyalar, o cümlədən Türkiyədə su qəbuledici qurğuların, quyuların, saxlama və paylayıcı sistemlərin, kanalizasiya sistemlərinin layihələndirilməsindən  bəhs olunub.

 

Tədris işləri üzrə prorektor professor Akif Qasımov çıxış edərək AzMİU və İSKİ-nin uğurlu əməkdaşlıq əlaqələrindən söz açıb. Qurumun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində  elmi nailiyyətlərə, əhatəli tədqiqatlara əsaslandığını, yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirdiyini söyləyib. Onların bu sahədəki qabaqcıl təcrübələrini öyrənmək, onu tədrisdə və istehsalat prosesində tətbiq etməyin üstünlüklərindən bəhs edib.

 

İSKİ-nin Su inşaatı dairə başkanı Secaattin Varer “Su və çirkab su tikintisi texnologiyaları” mövzusunda məruzəsində İstanbulun su və çirkab su problemlərinə diqqət çəkərək təmsil etdiyi qurumun həll yolları üsulunu təqdim edib. Su və çirkab su tikintisi texnologiyalarının iş prosesində tətbiqini əks etdirən prezentasiya nümayiş etdirib.

 

Mütəxəssis qeyd edib ki, su tədarükü və təmizlənməsi, tullantı sularının yığılması, təmizlənməsi və çıxarılmasında düzgün layihələndirmə və  mühəndislik strukturları vacibdir. Eyni zamanda işin davamlılığı və etibarlılığı da mühüm məsələdir.

 

Secaattin Varer  su və çirkab su obyektlərində təhlükəsizlik problemləri,  texniki xidmət fəaliyyətləri, texniki problemlərin həll yolları barədə sahəvi təcrübələrini də seminar iştirakçıları ilə bölüşüb.

 

İSKİ-nin İkitelli su təmizləmə şöbəsinin müdiri Ömer Turaşlı “İstanbulda içməli suyun idarə olunması” mövzusunda məruzəsində dünyanın aktual sosial-iqtisadi problemi olan şirin su probleminə diqqət çəkib. Türkiyənin iqlim dəyişikliyi, əhali artımı, urbanizasiya və sənayeləşmə kimi faktorlara görə quraqlıq riski altında olduğunu deyən mütəxəssis İSKİ-nin suyun mühafizə olunması və qənaətlə işlədilməsi sahəsində gördüyü optimal həll yollarından danışıb.

 

Seminarın sonunda qoyulan mövzular ətrafında fikir mübadiləsi aparılıb,  sullar cavablandırılıb.

 

 



01.11.2023 | 17:41