Təhsilin İnkişafı Forumu keçirilir

Noyabrın 1-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu öz işinə başlayıb. 

 

“Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət – özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, həmçinin iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflərdəndir.

 

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. 

 

Daha sonra foruma dair videoçarx nümayiş etdirilib. 

 

Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev təhsil sisteminin nailiyyətlərindən söz açıb. Nazir bildirib ki, təhsil olmadan innovasiya mümkün deyil. Təhsil sisteminin nailiyyətləri isə uzunmüddətli vaxtda innovasiyanın inkişafına təkan verir. 

 

Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb. 

 

Daha sonra Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu məruzə ilə çıxış edib. 

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluq etdiyi  “İnnovasiya ekosisteminin yaradılması” adlı ilk paneldə elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış ediblər. 
 

Forum hazırda işini davam etdirir. 

 

Qeyd edək ki, forum çərçivəsində  “Universitet – sənaye tərəfdaşlığı”, “Gələcək üçün təhsil” panelləri də təşkil olunacaq. 

 

Təhsilin İnkişafı Forumu “NEQSOL Holding”, “British Petroleum” şirkəti, SOCAR, Sumqayıt Texnologiyalar Parkı, Azərbaycan Beynəlxalq Bankı, “Azersun Holding” və “BestComp Group”un sponsorluğu ilə keçirilir.

 

 



01.11.2023 | 13:39