Korporativ sektordan UNEC-ə dəstək | |
“Azərlotereya” korporativ sosial məsuliyyət çərçivəsində elm və təhsilin inkişafı istiqamətində növbəti mühüm layihəyə imza atıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə imzalanan əməkdaşlıq memorandumuna əsasən, “Azərlotereya” UNEC kitabxanasına müxtəlif dillərdə nəşr olunan kitablar hədiyyə edərək, ali məktəbin kitab fondunu daha da zənginləşdirib.
“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş təqdimolunma mərasimində çıxış edərək, nəfis tərtibatla nəşr olunan kitabların UNEC-də yeni fənlərin tədrisi üçün nəzərdə tutulduğunu deyib. Kitabların tələbələrin daha çox bilik və bacarıq əldə etmələrinə imkan yaradacağından əminliyini ifadə edən Osman Karakuş, UNEC ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.
UNEC rektoru professor Ədalət Muradov universitet kitabxanasına göstərilən dəstəyə görə Osman Karakuşa təşəkkürünü bildirib, kitabların tələbələrin yeni biliklər əldə etməsində, eləcə də tədqiqatların aparılmasında faydalı olacağını deyib. Korporativ sektorun təhsilin inkişafı istiqamətində təşəbbüslərlə çıxış etməsini yüksək qiymətləndirən rektor, digər şirkətləri də bu layihələrə qoşulmağa çağırıb.
Qeyd edək ki, tərəflər arasında imzalanan memorandumda birgə layihələrin reallaşdırılması, tələbələrə təcrübə keçmək imkanının yaradılması, “Azərlotereya”nın əməkdaşları üçün peşə hazırlığı kurslarının, eləcə də müəllimlərin praktiki biliklərinin artırılması məqsədilə təlimlərin təşkili və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.
|
|
01.11.2023 | 09:48 | |
|
|
|