“Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” | |
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan İcması (QAİ) ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, elmi-pedaqoji ictimaiyyətin nümayəndələri və Qərbi Azərbaycan ziyalıları iştirak ediblər.
Tədbirdən əvvəl filologiya fakültəsi tərəfindən hazırlanan “Zəfər guşəsi”nin açılışı olub. Guşə iki hissədən ibarətdir, - birinci hissədə Pedaqoji Universitetin Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarının adları əks olunub, ikinci hissədə isə “Dəmir yumruq” ətrafında Şuşa qalasının işğaldan azad olunmasını əks etdirən möhtəşəm kompozisiya tədqim olunur.
Qeyd edək ki, ADPU-nun tələbə və məzunlarından I Qarabağ müharibəsində adları məlum olan 29 nəfər, Vətən müharibəsində 14 nəfər, 2022-ci ilin sentyabr döyüşlərində isə 1 məzunu şəhid olub. Onlardan 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır, 3 nəfəri isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Sonra ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın dəstəyi və təşəbbüsü ilə keçirilən tədbirdə iştirakçılar, Qərbi Azərbaycanın folklor sənəti nümunələri, tarixi, etnoqrafiyası ilə bağlı kompozisiyalar, kitab sərgisi və Dərələyəz mahalının tanınmış simalarının fotoşəkilləri ilə tanış olub, universitetdəki Heydər Əliyev muzeyini ziyarət ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Dövlət Bayrağını ucaltmasını xatırladaraq, bu gün xalq olaraq möhtəşəm tarixi dövr yaşadığımızı vurğulayıb. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin layiqli sərkərdəsi olan cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyü və suverenliyini bərpa etdi:”Bu gün nəinki Qarabağ və Şərqi Zəngəzura qayıdırıq, eyni zamanda Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşdırılmasına başlanılıb”.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, QAİ-nin Dərələyəz mahalının Keşkənd rayonu üzrə icma sədri professor Mahirə Hüseynova və Paşalı rayonu üzrə icma sədri Faiq Xudayev mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Məruzələrdə Qərbi Azərbaycan irsinin araşdırılması, respublika və beynəlxalq səviyyədə təbliği bu gün informasiya və elm cəbhələrimizin önündə duran vacib vəzifələr kimi qiymətləndirilib. Bu istiqamətdə əsaslı elmi araşdırmaların aparılmasında mərhum akademik Həsən Mirzəyevin tətqiqatlarının mühüm mənbə rolunu oynadığı xüsusi vurğulanıb.
Tədbirdə çıxış edənlərdən Milli Məclisin deputatları Fəzail Ağamalı, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, İcma nümayəndələrindən Səməd Vəkilov və Məhəmməd Rəsuloğlu, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, akademik Abel Məhərrəmov və başqaları əzəli torpaqlarımıza qayıdışla bağlı ali təhsil müəssisələrində bu tip geniş maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğuna təşəkkür ediblər.
Tədbir incəsənət nümayəndələri və filologiya fakültəsində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin ifasında bədii hissə ilə davam edib.
Sonda Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.
|
|
30.10.2023 | 10:11 | |
|
|
|