MDU və Qazi Universiteti Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd edib | |
Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında işbirliyi çərçivəsində Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü və 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığı paneli keçirilib. Tədbirdə hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.
Tədbirin açılışında Qazi Universitetinin rektoru Musa Yıldız və MDU-nun rektoru Şahin Bayramov çıxış ediblər.
Panel iştirakçılarını salamlayan Qazi Universitetinin rektoru M.Yıldız 29 Oktyabr Türkiyə Cümhuriyyət Bayramı münasibətilə təbriklərini çatdırıb, Türkiyə Cümhuriyyətinin 100 illiyinin qardaş ölkənin universiteti ilə birlikdə qeyd edilməsindən məmnunluğunu bildirib, tədbirin təşkilində dəstəyinə görə MDU-nun rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.
XX əsrin əvvəllərində mövcud geosiyasi şəraitin Azərbaycanda və Türkiyədə müstəqillik mübarizəsini gücləndirdiyini bildirən M.Yıldız iki ölkənin qardaşlıq münasibətlərindən bəhs edib. Bildirib ki, Atatürkün öndərliyində şanlı zəfərlə başa çatan istiqlal savaşı cümhuriyyətin elan edilməsilə nəticələndi. Azərbaycan daha erkən, 1918-ci ildə müstəqilliyinə qovuşsa da, imperialist güclərin işğalçılıq siyasəti nəticəsində bu müddət çox qısa davam etdi. M.Yıldız qeyd edib ki, müstəqillik yolunda millətimizə rəhbərlik edən Atatürkün və onun yaxın silahdaşlarının, Azərbaycanda müstəqilliyin qurucularının, müasir müstəqil Azərbaycan dövlətinin və “Bir millət, iki dövlət” şüarının memarı Heydər Əliyevin əziz xatirəsi daima böyük ehtiramla anılacaqdır.
Türkiyə Respublikasının yaradılmasının 100 illiyi və 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə panel iştirakçılarını təbrik edən MDU-nun rektoru Ş.Bayramov bu əlamətdar günə həsr olunan ortaq proqramın təşkilində dəstəyinə görə Qazi Universitetinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.
Düz 100 il əvvəl Türkiyə Cümhuriyyətinin yaradılmasının elan edilməsilə Türk dünyasının tarixində yeni səhifə açıldığını vurğulayan rektor qardaş ölkənin uzun, şərəfli və şanlı tarixi yol keçərək ilk yüzilliyini möhtəşəm surətdə başa vurduğunu bildirib. Qeyd edib ki, tarixin çətin və ağır sınaqlarından hər zaman uğurla çıxmış Azərbaycan – Türkiyə qardaşlığının hazırda daha da güclənməsi olduqca qürurvericidir. Türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları bu birliyin və qardaşlığın rəmzinə çevrilib. Qardaşlıq bağlarımız, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bir millət, iki dövlət, tək yumruq” konsepti ilə daha da inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlib. Hazırda Türkiyənin növbəti yüzilliyə böyük inamla və qətiyyətlə qədəm qoyduğunu qeyd edən Ş.Bayramov qardaş ölkənin daha da güclənməsi və inkişaf etməsinin bütövlükdə Türk dünyasının gücünü artırdığını, birlik və bütövlüyünü möhkəmləndirdiyini diqqətə çatdırıb.
Sonra iki universitet arasında yaradılan əməkdaşlığın qısa müddət ərzində keçdiyi dinamik və məhsuldar inkişaf yolundan söhbət açan rektor hazırki tədbiri işbirliyinin faydalı nəticələrindən biri kimi dəyərləndirib, bütün təşkilatçılara, məruzəçilərə və iştirakçılara təşəkkür edib, panelin işinə uğurlar arzulayıb.
Daha sonra tədbir Qazi Universitetinin “Atatürk Qanunları və İnqilab Tarixi Araşdırma və Tətbiq Mərkəzi”nin rəhbəri Mehmet Ali Çakmakın moderatorluğu ilə davam edib.
Paneldə MDU əməkdaşlarından Esmira Cəfərova “Türkçülük şövqünün parlaq siması: Atatürk”, Asim Məmmədov “Milli mücadilə dövründə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri”, Qazi Universitetinin əməkdaşlarından Ayşegül Altınova Şahin “Cümhuriyyətin qazancları” və Mehmet Akif Bal “Qarşılıqlı yardım nümunəsi - Qafqaz İslam Ordusu” mövzusunda məruzələrlə çıxış ediblər.
Panel iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
|
|
30.10.2023 | 09:46 | |
|
|
|