AzMİU-da elmi-texniki konfrans keçirilib | |
Azərbaycan Memarlıq və İnşaat Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Nəqliyyat qəzaları zamanı yaranan fövqəladə hallar və onların idarə olunması” mövzusunda elmi-texniki konfransın plenar iclası keçirilib.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, 2023-cü ildə universitetdə təşkil olunan mühüm tədbirlərin böyük əksəriyyəti Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunub: “Əlbəttə ki, bu təsadüfi deyil. Çünki ölkəmizdə əldə etdiyimiz bütün uğurların təməli Ulu Öndərin dövründə qoyulub. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası son 100 ildə əldə etdiyimiz ən böyük nailiyyətdir. Şübhəsizdir ki, bu nailiyyətimiz də Ulu Öndər tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin məntiqi nəticələridir”.
Rektor çıxışında konfransın mövzusunun aktuallığına diqqət çəkərək AzMİU-da fövqəladə hallar və onların idarə olunması istiqamətində aparılan tədqiqat işlərindən, bu istiqamətdə kadr hazırlığı prosesindən də danışıb. Qeyd edib ki, günümüzdə ən çox baş verən hadisələrdən biri olan və təəssüf doğuran nəqliyyat qəzalarının nəticələrinin aradan qaldırılması, bu qəzalar zamanı yarana biləcək fövqəladə halların idarə edilməsi ilə bağlı məsələlər AzMİU üçün prioritet tədqiqat istiqamətlərindən biridir.
AzMİU-nun fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü İslam Mustafayev bildirib ki, Azərbaycanda müki müdafiənin təşkili və ölkəmizin ümumdünya mülki müdafiə təşkilatına üzv olması Ümummilli Liderin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı aparılan tədqiqatlara, qazanılan təcrübəyə diqqət çəkən alim qeyd edib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr mülki müdafiə sahəsini də inkişaf etdirib.
Milli Aviasiya Akademiyasının nəqliyyat texnologiyaları fakültəsinin dekanı dosent N.Nağıyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrasının müdiri professor S.Rəsulov da çıxışlarında Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın inkişafı naminə həyata keçirilən geniş miqyaslı layihələrdən danışıb, nəqliyyat qəzaları zamanı fövqəladə halların idarə olunmasının vacibliyinə diqqət çəkiblər.
Çıxışlardan sonra “Avtomobil qəzaları zamanı yaranan fövqəladə halların idarə olunması”, “Avtomobil qəzaları zamanı yaranan fövqəladə hallarda xilasetmə işləri”, “Dəniz nəqliyyatında qəzalar zamanı yaranan fövqəladə halların idarə olunması” və “SOCAR yükdaşımalarında qəzalar zamanı yaranan fövqəladə halların idarə olunması” mövzularında məruzələr dinlənilib.
|
|
28.10.2023 | 10:00 | |
|
|
|