NDU-da növbəti lektoriya

Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir” mövzusunda  lektoriya keçirilib.

 

Lektoriyanı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 1991-ci ildə öz müstəqilliyini bərpa edən  Azərbaycan  1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Vurğulanıb ki, ulu öndərin siyasi kursu,   müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər  Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.

 

“Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Xəzər Hüseynov “Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir” mövzusunda çıxış edərək bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olan ən əsas məsələlərdən biri də xalqın və bütün cəmiyyətin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə səfərbər edilməsi olub. Bildirilib ki, Heydər Əliyev yolu Azərbaycanı firavan gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf üçün həyata keçirilən siyasət bu yolun əsas qayəsidir ki, Prezident İlham Əliyev bunu layiqli səviyyədə həyata keçirir.

 

Sonda rektor Müstəqillik Günü münasibətilə lektoriya iştirakçılarını təbrik edib.

 



18.10.2018 | 10:41