“Qarşıda daha çətin sınaq dururdu” | |
Arzulardan arzular doğur, deyirlər. Balaca fidanlar iki-üç yaşları olanda uşaq baxçasına getdiklərinə, baxça həyatı ilə vidalaşandan sonra artıq yeniyetməlik dövründə orta məktəbə yollandıqlarına, orta məktəblə xudahafizləşəndən sonra isə müstəqil bir gənc ikən ali məktəblərə qəbul olunduqlarına görə necə də sevinirlər! Və bu yüksəliş tempi ilə əvəzlənən sevinc hissləri onların vətən üçün layiqli vətəndaşlar kimi yetişmələrinə zəmanət verir. Yuxarı sinifdə təhsil alan məktəblilər gələcəkdə hansı peşənin sahibi olacaqlarını artıq erkən yaşlarından özləri müəyyənləşdirirlər və bu arzulara çatmaq üçün ali məktəblərə qəbul imtahanlarına əzmlə hazırlaşırlar. Elə fitri istedadın özü də uşaqlarda erkən yaşlarında üzə çıxır və onlara məktəb illərində kifayət qədər uğurlar qazandırır. Bu gün oxuculara təqdim etmək istədiyim Nəzrin Haqverdiyeva da belə şagirdlərdəndir.
“Müharibəsiz xoşbəxt uşaq dünyası”
2006-cı ildə Bakı şəhərində anadan olub. Abşeron rayon Mehdiabad qəsəbə 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarına I qrup üzrə hazırlaşır. Məqsədi yüksək balla Bakı Dövlət Universitetinin tələbəsi olmaqdır. Çalışqan və istedadlı qızdır. İbtidai sinifdə oxuduğu dövrdən hal-hazıra kimi məktəbdaxili tədbirlərdə iştirak edərək fəxri fərman və diplomlarla mükafatlandırılıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 28 May Respublika Günü münasibətilə keçirilən “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı tədbirdə aparıcı olmaqla yanaşı şeirlər, səhnəciklər, vətənpərvərlik mövzusunda musiqilər səsləndirərək fəxri fərmana layiq görülüb. 2018-ci ildə “British Council”da Azad Müəllimlər Birliyi və ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə keçirilən Uşaq Hüquqlarına həsr olunan “Müharibəsiz xoşbəxt uşaq dünyası” adlı tədbirin də aparıcısı olub. Maraqlı və məzmunlu çıxışı ilə məktəbli qız sertifikatla mükafatlandırılıb.
“Əziz Şuşa, sən azadsan”
Elm və Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz qayıtmışıq!” adlı müsabiqədə Nəzrin nitq nominasiyasında fərqlənərək birincilər sırasında olub. 2022-ci ildə Çağdaş Gənclər Portalının təşkilatçılığı ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyinə həsr olunan “AXC 104” adlı yarışmada yüksək nəticə əldə etdiyi üçün o, təltif olunaraq sertifikat qazanıb.
Eyni zamanda, Çağdaş Gənclər Portalının məzun könüllüsü proqramını bitirdiyinə görə də Nəzrin Haqverdiyeva sertifikata sahib olub. Məktəbli qız həmçinin respublika üzrə şagird qızları əhatə edən “Azerbaijani Women in Science” təhsil, gənc məktəbli səfirlər təşkilatının və rayon üzrə fəaliyyət göstərən Abşeron Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəal iştirakçısı və üzvüdür.
2022-ci ilin mayında məktəbin məzunu Şəhid Qadir Heydərovun Abşeron Rayonu Mehdiabad qəsəbəsində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən şəhid kompleksinin açılış tədbirinə aparıcılığı da Nəzrin edib.
Məktəblilərarası “Breyn-rinq” yarışması
Nəzrin Haqverdiyeva 9 və 10-cu siniflərdə oxuyarkən Respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə öz gücünü sınayıb. Hazırda isə 11-ci sinif üzrə də riyaziyyat fənnindən biliyini sınamağı düşünür. 2023-cü ilin aprelində Xırdalan şəhərində keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan məktəblilərarası “Breyn-rinq” yarışmasına komanda kapitanı olaraq qatılıb və uğur qazanıb.
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi
Bunun ardınca isə istedadlı şagird Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin də qalibi olub.
Nəzrin Haqverdiyeva deyir ki, bu il mənim üçün orta məktəb həyatı bitir, buna görə də bu qələbəmi şagirdlik dönəminin xüsusilə böyük uğuru sayıram. “Ən yaxşı təqdimat” müsabiqəsinə qeydiyyat cari ilin əvvəllərində - fevral ayında başlamışdı. Mart ayında ilk mərhələyə, rayon-şəhər mərhələsinə dəvət olundum. Seçim Abşeron Rayon Təhsil Şöbəsində keçirildi. II mərhələ olan Respublika mərhələsinə rayon üzrə 2 nəfər seçiləcəkdi. Aprel ayında həmin 2 nəfərdən biri olduğumu öyrəndim. Qarşıda daha çətin sınaq dururdu, respublika mərhələsi. Çox qısa zaman kəsiyində qərar verərək qatıldığım bu müsabiqəyə əzmkarlıq nümayiş etdirərək daha ciddi hazırlaşdım. Yuxusuz, uzun çəkən gecələr, erkən açılan səhərlər, səsli şəkildə bütün mövzuları məşq etmək və daha nələr-nələr... 10 aprel tarixində respublika mərhələsində uğur qazanaraq qalib oldum.
Xoşbəxt şagird
Respublika mərhələsi Bakı şəhərində keçirildi. Mən artıq münsiflərin üz ifadələrindən hiss etdim ki, qalib olmuşam. Aprelin 5-də nəticələr açıqlandı. Respublika ikincisi olduğuma görə özümü dünyanın ən xoşbəxt şagirdi sayırdım. Bax, elə buna görə də bu uğurumu xüsusilə yüksək dəyərləndirirəm. Etiraf etməliyəm ki, məktəb illərində qazandığım bütün uğurlarımda sevimli müəllimlərimin və valideynlərimin əməyi kifayət qədərdir. Onlar gələcək həyatıma işıq saçan mayaklardır. Qaliblərin mükafatlandırma mərasimi də mənim yaddaşımda tarixi bir hadisəyə çevrildi. Belə ki, elm və təhsil nazirimiz Emin Əmrullayevlə qısa da olsa söhbət etmək şansım da bax, elə həmin tədbirdə gerçəkləşdi.
Sifai SƏFƏROVA
|
|
27.10.2023 | 16:16 | |
|
|
|