Təhsildə əlçatanlıq

Ölkəmizdə təhsilin əhatə dairəsinin genişləndirilməsi, təhsildə əlçatanlığın təmin olunması məqsədilə bir sıra sosialyönümlü layihələr həyata keçirilir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də Təhsil Tələbə Krediti Fondunun (TTKF) yaradılmasıdır. Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli Fərmanına əsasən Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb. Fondun əsas məqsədi təhsilin hamının, xüsusilə də aztəminatlı ailələrindən olan vətəndaşların təhsilə çıxış imkanlarını genişləndirmək, hər bir tələbəyə istədiyi ixtisas üzrə təhsil almasına şərait yaratmaqdır.

 

TTKF-yə müraciət etmək üçün tələbədən tədrisə tam cəlb olunaraq təhsil müəssisələrində əyani təhsil alması, hər tədris semestri üçün müraciət etməsi və son semestr üçün akademik borcu olmaması tələb olunur. Sosial və standart növlərə ayrılan təhsil tələbə krediti üzrə bütün əməliyyatlar bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsilə aparılır.

 

TTKF-yə müraciətlərin sayı hər tədris müddətində artır. Fond yarandığı gündən 2023-cü ilin 24 oktyabr tarixinə qədər ümumilikdə müraciətlərin sayı 34304-dür. 24927 nəfərin müraciəti məqbul cavab alaraq kreditləri rəsmiləşib. Tələbələrdən 15928 nəfər standart, 8999 nəfər isə sosial TTK-dən yararlanıb. Hazırda payız semestri üzrə təhsil tələbə krediti üçün 8128 nəfərin müraciəti qeydə alınıb, onlardan 5283 tələbənin müraciəti məqbul hesab olunub. Sosial TTK-dən yararlanan tələbələrin sayı 1869, standart TTK-dən faydalanan tələbələrin sayı isə 3514 nəfəri əhatə edir.

 

Fondun imkanlarından yararlanan bir neçə tələbə ilə söhbətləşdik, onlar TTKF haqqında təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşdülər.

 

“Fond tələbələrə təhsilini davam etdirməkdə çox gözəl şərait yaradır”

 

 

Jalə Rəhimli Bakı Slavyan Universitetinin II kurs tələbəsidir. “Xarici dil müəllimliyi” (alman dili) ixtisası üzrə təhsil alır. Ailənin maddi vəziyyətini nəzərə alaraq təhsil almağın çətin olduğunu qeyd edir: “Bunun üçün də Fonda müraciət etdim. Müraciətim təsdiqləndikdən sonra mənim təhsil haqqım TTKF tərəfindən qarşılandı. Qeyd etdiyim kimi, təhsil haqqını ödəməkdə çətinlik çəkirdim və bu səbəbdən də ali təhsil alma şansımı itirə bilərdim. Amma Təhsil Tələbə Krediti Fondu bu məsələdə mənim köməyimə çatdı. Ali təhsil almaq üçün bu imkandan faydalandım. Fond tələbələrə təhsilini davam etməsində çox gözəl şərait yaradır”.

 

Jalə Rəhimli 2023-cü ilin fevral ayında 3 ay müddətində TTKF-də könüllü olaraq fəaliyyət göstərdiyini də qeyd edib. 17 mindən çox tələbə ilə əlaqə saxlayıb və onları Fond barəsində məlumatlandırıb. 3 ay sonunda isə səmərəli fəaliyyətinə görə qızıl diplomla təltif olunub. O, müəllimlik peşəsini çox sevdiyini və universiteti bitirdikdən sonra alman dili müəllimi işləmək istədiyini bildirib.

 

 

“Fondun yaradılması biz gənclərin təhsil imkanlarını artırır”

 

Dilbər Orucova da Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanan gənclərdən biridir. O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə I kursda təhsil alır: “Fond haqqında videoçarxlar, müxtəlif növ informasiyalar zamanla sosial şəbəkələrdə qarşıma çıxırdı. Bir çox tanışın da bu barədə məlumat əldə etmək istədiyini gördükdə mənim də marağım artdı. Bu barədə bilgilərimi artırdıqca gördüm ki, bu kreditin çox böyük üstünlükləri var. Mən kreditin sosial növündən yararlanmışam. Tələbənin ümumi ortalama müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olduqda Fond bir sıra güzəştlər də vəd edir. Buna görə də, növbəti semestrlərdə çalışacağam ki, ortalamamı yüksək tutum və lazımi şanslardan faydalanım. Fondun yaradılması biz gənclərin təhsil imkanlarının artırılmasına şərait yaratdı. Belə bir imkan yaradıldığına görə zəhməti olan hər kəsə xüsusi təşəkkürümü bildirirəm”.

 

 

“Tələbələr üçün yaradılan bu şərait dövlətimizin təhsilə, gənclərə olan diqqət və qayğısının nəticəsidir”

 

2019-2023-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosial iş” ixtisası üzrə bakalavr təhsili almış, hazırda Azərbaycan Turizm və Menecment Universitetinin “Biznesin təşkili və idarə olunması” ixtisasında magistratura pilləsi üzrə I kurs tələbəsi Bəhram Bəhramzadə Fond haqqında dostları, eləcə də sosial şəbəkələr vasitəsilə məlumat əldə etdiyini deyir: “TTKF-nin yaratdığı imkanlardan faydalanan tələbələrdən biri də mənəm. Kredit haqqında daha geniş məlumata sahib olmaq üçün həm Fonda, həm də universitetin rəhbərliyinə müraciət etmişəm. İstər bakalavr dövründə, istərsə də magistraturaya daxil olanda maddi sıxıntılar olduğundan ödənişlə bağlı müəyyən çətinliklərim var idi. Təhsil tələbə kreditinin mövcudluğu təhsilimi davam etməkdə mənə maddi dəstək və böyük faydası oldu. Kreditin standart növündən yararlanmışam. Tələbələr üçün yaradılan bu şərait dövlətimizin təhsilə, gənclərə olan diqqət və qayğısının nəticəsidir. Fond sayəsində təhsilə əlçatanlıq təmin olunub və hər kəsin istədiyi ixtisas üzrə təhsil almasına imkan yaradılıb”.

 

 

 

Tünzalə QULİYEVA

 



27.10.2023 | 10:35