Ali təhsildə yeniliklərin ünvanı

Son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər insan kapitalının inkişafında mühüm mərhələnin başlanğıcını qoyub. Xüsusən də Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan genişmiqyaslı islahatlar təhsilin bütün pillə və səviyyələri üzrə yeni innovativ təşəbbüslərlə müşayiət olunub. Dövlət Strategiyası çərçivəsində mühüm keyfiyyət dəyişiklikləri özünü xüsusən də ali təhsil sahəsində göstərib.

 

Strategiyanın qəbul edilməsindən ötən 10 il ərzində ali təhsil sisteminin təkmilləşdirilməsi, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirilməsi, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb.  

 

Ali məktəblərə qəbulda müsbət dəyişikliklər

 

Ali təhsil sahəsində ilk uğurlu dəyişikliklər ali məktəblərə qəbulun təkmilləşdirilməsi nəticəsində baş verib. Dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar, respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlı olub.    Həyata keçirilən tədbirlər nəticəsində subbakalavrların müsabiqədənkənar ali məktəblərə qəbul olması ali təhsilli vətəndaşların sayının artmasına, təhsilin əlçatanlığının təmin olunmasına təsir göstərib. Respublika fənn olimpiada  qaliblərinin birbaşa ali məktəblərə qəbul olması ilə bağlı “Təhsil haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi bu sahədə rəqabəti gücləndirməklə keyfiyyət dəyişikliklərinə də yol açıb.

 

Son 10 ildə ali təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində ali məktəblərə qəbul olunan tələbələrin sayı 2003-cü ilə nisbətən təxminən 3 dəfə artaraq cari ildə 65760 nəfər təşkil edib. Dövlət sifarişli əsaslarla qəbul olunanların sayı isə 2 dəfədən çox artıb. Bu dövrdə təhsil alan tələbə sayı isə təxminən 2 dəfə artaraq 120 mindən 220 minə çatıb. 2026-2027-ci tədris ilində 75 min tələbə qəbulu nəzərdə tutulur. Bundan əlavə, 2023-2024-cü tədris ilində magistratura səviyyəsinə qəbul 13485 nəfər olub. Bu da 10 il əvvəllə müqayisədə 3 dəfə çoxdur.  

 

Gənclərin intellektual potensiallarının inkişaf etdirilməsi də ali təhsildə mühüm vəzifələrdən biridir. Bu mənada Dövlət Strategiyasının icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri də SABAH qruplarının yaradılması olub. SABAH qrupları gənclərimizə xarici ölkələrlə yanaşı, ali təhsil müəssisələrimizdə keyfiyyətli təhsilin təmin edilməsidir. Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. 2022-2023-cü tədris ilində 11 ali təhsil müəssisəsi və 29 ixtisas üzrə 827 tələbə, 7 ixtisas üzrə 298 magistrant məzun olub. 2022-2023-cü tədris ilində 32 ixtisas üzrə 985 tələbə “SABAH” tələbəsi adını qazanıb. Bu qruplarda ümumilikdə 2563 tələbə bakalavr, 727 tələbə isə magistr təhsili alıb.

 

Ali təhsildə rəqabət mühiti

 

Dövlət Strategiyasında ali təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkəmizin real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi kimi vəzifələr yer alıb. Ali təhsil sistemində aparılan islahatlar tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, yüksəkixtisaslı kadr hazırlığı, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində müsbət tendensiyaların əsasını qoyub. Ölkə başçısı tərəfindən 2019-cu il 14 fevral tarixində imzalanmış “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, təqaüd sistemi təkmilləşdirilib, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin miqdarı 23 min vahid artırılıb. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib. Eyni zamanda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artırılaraq qəbul planı 27 faizdən 42 faizə çatdırılıb. Ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması tədbirləri nəticəsində ali və orta ixtisas təhsili müəssisələrində təqaüd yerlərinin sayının 16000 artırılması, ödənişsiz plan yerlərinin 21 minə çatdırılması son 10 ilin ən uğurlu nəticələridir. Ali məktəblərdə təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45, 2020-2022-ci tədris ilindən başlayaraq isə 50 faizdən çox olub. Yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində imkansız ailələrdən olan 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına təmin edilib.

 

Xaricdə təhsil

 

Dövlət Strategiyasında nəzərdə tutulmuş mühüm vəzifələrdən biri ölkəmizdə yüksəkixtisaslı, rəqabətqabiliyyətli mütəxəssis hazırlığına nail olmaqdır. Bu məqsədlə həyata keçirilən xaricdə təhsil dövlət proqramları öz strateji hədəflərinə çatıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 4 mindən artıq gənc ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə xaricdə təhsil almaq hüququ əldə edib.

 

Dünyanın aparıcı ali məktəblərinə göndərilən gənclər yüksəkhazırlıqlı mütəxəssislər kimi Vətənə dönərək müvafiq sahələrdə ölkəmizin inkişafına öz töhfələrini verməkdədir. Bu sahədə müasir çağırışlar nəzərə alınmaqla Dövlət Proqramının davamı olaraq Prezident İlham Əliyev tərəfindən 16 noyabr 2018-ci il tarixində imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanmasını nəzərdə tutur.

 

Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında  “Təhsil və İnsan kapitalının inkişafı”, Corc Vaşinqton Universiteti və ADA Universiteti arasında “Kompüter elmləri və verilənlərin təhlili” və “Elektrik və elektroenergetika mühəndisliyi” ixtisası üzrə magistratura, Cənubi Koreya Respublikasının INHA Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi”, “İnformasiya texnologiyaları” ixtisasları, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqronomluq”, “Aqromühəndislik”, “Bitki mühafizəsi” və “İqtisadiyyat” ixtisasları üzrə bakalavriat səviyyələrində 4 beynəlxalq ikili diplom proqramı həyata keçirilməkdədir. Eyni zamanda, Bakı Dövlət Universiteti ilə İsrailin Yerusəlim İbrani Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Vorvik Universiteti arasında 2 yeni ikili diplom proqramının  icrasına başlanılıb.

 

Bundan əlavə, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadr hazırlığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”  təsdiq olunub. Hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının dünyanın nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil almasını təmin edəcək Dövlət Proqramının builki nəticələri olduqca ürəkaçandır. Bu il tələbələrimiz dünyanın 10 ən yaxşı universitetinə qəbul olunub. Təkcə Harvard Universitetində 7 nəfər təhsil alacaq. Proqramın həyata keçirildiyi 2 il ərzində 717 nəfər bu təqaüdə layiq görülüb.

 

Ali təhsil imkanlarının yaxşılaşdırılması

 

Dövlət Strategiyasında nəzərdə tutulan və son illərdə uğurla icra olunan yeniliklərdən biri ali təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin genişləndirilməsidir. Bu məqsədlə Təhsil Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildə Maarifçı Tələbə Kredit Fondu yaradılıb. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Bu illər ərzində təhsilin əhatəliliyinin artırılması, həssas əhali qrupuna aid vətəndaşların ali təhsil imkanlarının yaxşılaşdırılması daim ölkə başçısının diqqət mərkəzində olub. Məhz yüksək dövlət qayğısının nəticəsidir ki, Prezident İlham Əliyev əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. 2021-2022-ci tədris ilindən  təhsil tələbə kreditlərinin verilməsinə başlanılıb. Güzəştli şərtlərlə təhsil kreditlərinin verilməsi gənclərin keyfiyyətli ali təhsil almaq imkanlarını yaxşılaşdırıb.

 

Statistikaya əsasən, Fonda yarandığı gündən 2023-cü ilin 20 sentyabr tarixinə qədər ümumilikdə 32745 müraciət olunub. Onlardan 24931 nəfər məqbul cavab alaraq kreditləri rəsmiləşib. Cari tədris ilinin əvvəlinə Fond tərəfindən 19.5 milyon manat vəsait kredit olaraq rəsmiləşdirilib. 2026-2027 tədris ilində bu vəsaitin 38 milyona çatdırılması proqnoz edilir.

 

Dövlət Strategiyasında ali təhsil sahəsində nəzərdə tutulmuş vəzifələrdən biri kampusların yaradılmasının təşviqidir. Ali təhsilalma imkanlarının genişləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr üçün dövlət-özəl tərəfdaşlığı əsasında 800 yerlik müasir yataqxana kompleksi tikilərək istifadəyə verilib. Bununla yanaşı, dövlət xətti ilə Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxana binalarının əsaslı təmiri ilə bağlı tədbirlər də həyata keçirilib.

 

Təhsilin inkişafına dəstək

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Prezident İlham Əliyevin 14 iyul 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondu yaradılıb. Ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin maliyyələşdirilməsi, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən Fond ali təhsil sahəsində fəaliyyətini aşağıdakı prioritetlər üzrə uğurla davam etdirməkdədir: akademik mobillik proqramlarının həyata keçirilməsi; ali təhsil müəssisələrinin institusional inkişafı; elmi tədqiqatların aparılması, nəşr və dərsliklərin hazırlanmasına dəstək; dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrasında iştirak; ali təhsil müəssisələri tələbələrinin şəxsi və peşəkar inkişafı. Təhsilin İnkişafı Fondunun iştirakı və digər qurumlarla əməkdaşlığı ilə həyata keçirilən “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı -2023” , “4Sİ Akademiyası”, “Gənc Qızların Təhsilinə Dəstək” və s. layihələrini göstərmək olar. Bundan əlavə, 2022-ci ilin oktyabr ayından təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına başlanılıb.

 

Təhsildə keyfiyyət təminatı

 

Dövlət Strategiyasında qarşıya qoyulan vəzifələrdən biri təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılmasına nail olmaqdır. Strategiyada təhsilin keyfiyyəti  prioritet elan olunub. Sənəddə ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədilə təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb. Bu hədəfə çatmaq üçün ölkə  Prezidentinin Fərmanı ilə 2019-cu ildə Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb. Agentlik mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.

 

Strategiyada qarşıya qoyulan mühüm vəzifələrdən biri də ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin yaradılması və tətbiqidir. Təhsil Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” 2018-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilib və icrasına başlanılıb.

 

Qeyd edək ki, Dövlət Strategiyasının qəbulundan sonra ali təhsildə keyfiyyət dəyişiklikləri beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik Hesabatına (2016) əsasən, Azərbaycan 144 ölkə arasında ali təhsil və təlimin keyfiyyəti göstəricisinə görə 78-ci, ali təhsilə cəlb olunma üzrə 94-cü yerə yüksəlib.

 

Oruc MUSTAFAYEV

 

 



27.10.2023 | 09:30