III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılış mərasimi | |
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi və qardaş Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun açılış mərasimi keçirilib.
Tədbirdən əvvəl simpozium çərçivəsində qrafik dizayn sərgisinə baxış keçirilib.
BDU-nun rektoru Elçin Babayev tədbiri giriş nitqi ilə açaraq 2023-cü ilin Türk dünyası və Azərbaycan üçün əlamətdar olduğunu deyib: “Bu il Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya miqyaslı siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edirik. Böyük Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ulu Öndər Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” -deyirdi. Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun gücü məhz Türk dünyasının bu iki dahi oğlunun düsturuna əsaslanır. Hazırda bütün türk dövlətləri bu düsturun nə qədər uzaqgörən mahiyyət daşıdığının fərqinə varır, onun ətrafında birləşirlər. Ortaq dil, ortaq tarix, ortaq mədəni irs, ortaq maraqlara malik Türk dünyası birlikdə daha güclüdür. 2023-cü il bütün Türk dünyası üçün ikiqat bayramdır. Qardaş Türkiyə Cümhuriyyətin qurulmasının 100-cü ildönümünü qeyd edir. Güclü Türkiyə güclü Azərbaycan, güclü Türk dünyası deməkdir. Ona görə də bu bayram özünü türk hesab edən hər kəsin bayramıdır”.
Rektor diqqətə çatdırıb ki, bu iki əlamətdar hadisəni Vətən müharibəsində qazandığımız şanlı Zəfər daha da gözəlləşdirir, rövnəqləndirir: “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsi və bu il sentyabrın 19-da cəmi 24 saat belə çəkməyən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı seperatçı rejimi birdəfəlik məhv etdi, ölkəmizin suverenliyi bərpa olundu. Hazırda Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə də üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Türk dünyasının birliyi hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş miqyas alan bərpa-quruculuq işlərində də özünü parlaq şəkildə büruzə verir. Türkiyə şirkətləri ilk gündən bu prosesdə fəal iştirak edirlər. Eyni zamanda, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin, Özbəkistan Prezidentinin təşəbbüsü ilə məktəb tikintisinin həyata keçirilməsi birliyimizin təcəssümüdür. Artıq azad Qarabağımız Türk dünyasının birləşmə nöqtəsinə - çoxsaylı siyasi, iqtisadi, mədəni tədbirlərin keçirilmə məkanına çevrilir. Əziz Şuşamız 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Şuşada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu, türk dövlətlərinin uşaq rəqs qruplarının iştirakı ilə “Heydər Əliyev – Türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı, III “Korkut Ata” Türk Dünyası Film Festivalı kimi mötəbər tədbirlərin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir…”.
BDU rektoru bildirib ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma memorandumunun təsdiq edilməsi, “Birgə Media Platforması” çərçivəsində Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılması Azərbaycan və Türkiyə, eləcə də digər qardaş türk dövlətləri üçün yol xəritəsidir: “Məhz beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizə aparılması, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media təmsilçiləri ilə tərəfdaşlığın qurulması artıq günün tələbinə çevrilib. Ortaq dəyərlərimizin təbliği baxımından bu gün keçirilən III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun da bu böyük missiyaya töhfə verəcəyinə inanıram”.
Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir isə qeyd edib ki, türk dövlətləri böyük bir ailədir. Bu ailənin həmişə güclü olması üçün türkdilli dövlətlərin mətbuat, mədəniyyət xadimlərinin, alimlərinin üzərinə böyük vəzifələr düşür. Menderes Dəmir bu istiqamətdə birgə layihələr həyata keçirməyin, ortaq dəyərlərin təbliğinin önəmini vurğulayıb.
Daha sonra Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin insan hüquqları və mədəniyyət kafedrasının müdiri professor Nazire Taşpolatova, Qazaxıstan Avrasiya Universitetinin jurnalistika fakültəsinin dekanı professor Kairat Omirbayulya, Şimali Kipr Türk Cümhuriyyətinin Lekfe Avropa Universitetinin kommunikasiya fakültəsinin dekanı professor Elif Asude Tuncay çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Tədbirdə BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb.
Simpoziumun açılış mərasimindən sonra Türk Dünyası Jurnalistlər Federasiyasının fəaliyyətinə və III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun gedişinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Daha sonra Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə Ankarada keçirilən “VIII Türk Dünyası Sənədli Film Festivalı”nda Baş mükafatı qazanan rejissor Vaqif Mustafayevin “Fikrət Əmirov” filmi nümayiş olunub. “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən festivalda mükafata layiq görülən filmlərin dünyanın doqquz ölkəsində nümayiş etdirilməsi planlaşdırılır. Filmin ilk nümayişi isə BDU-da keçirilib.
|
|
26.10.2023 | 18:00 | |
|
|
|