“Times Higher Education Subject” reytinq siyahısında ABŞ və Böyük Britaniya universitetləri birinci yerdədir

Böyük Britaniyanın Times Higher Education (THE) nəşri  oktyabrın 26-da 2024-cü il üçün ixtisaslar üzrə dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısını (World University Rankings 2024 by subject) açıqlayıb. Builki siyahıda ABŞ və Böyük Britaniya universitetləri bütün 11 fənn üzrə birinci yerdədir.

 

Harvard Universiteti və Stanford Universiteti müvafiq istiqamətlərdə - 3 fənn üzrə ən çox bal toplayaraq siyahıda birinci yerdədirlər. Harvard Universiteti  mühəndislik, hüquq və həyat elmləri, Stenford Universiteti isə incəsənət və humanitar elmlər, psixologiya və sosial elmlər üzrə liderlik edirlər. Massaçusets Texnologiya İnstitutu (MIT) biznes və iqtisadiyyat sahəsində liderdir və sosial elmlərdə də yüksək mövqedədir.

 

Qeyd edək ki,  Bakı Dövlət Universiteti “Times Higher Education Subject” reytinq siyahısında yer alan yeganə Azərbaycan ali təhsil müəssisəsidir. BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub.

 

Times Higher Education-a görə, bu gün açıqlanan son cədvəldə 11 fənn reytinqinin ilk 10-luğunda təmsil olunan ərazilərin sayı beş il ərzində 5-dən 8-ə yüksəlib:  Avstraliya, Kanada, İsveçrə, Böyük Britaniya və ABŞ, Honkonq,Çin, Sinqapur.

 

Reytinqdə universitetlər aşağıdakı ixtisaslar üzrə qiymətləndirilib: humanitar elmlər; biznes və iqtisadiyyat; klinik və sağlamlıq; kompüter elmləri; təhsil; mühəndislik; hüquq; həyat elmləri; fizika elmləri; psixologiya;  sosial elmlər.

 

Builki  reytinq  fənlərə görə dünya üzrə üstün olan universitetlərin və ölkələrin daha çox müxtəlifliyini göstərsə də, bu reytinqlərdə hələ də ABŞ və Böyük Britaniya institutları üstünlük təşkil edir.

 

Oruc MUSTAFAYEV

 



26.10.2023 | 15:00