Kərküklü şairlə görüş

Kərküklü şair, yazar, jurnalist, ictimai xadim və Ankaradakı Kərkük Kültür Dərnəyinin başqanı Dr.Şəmsəddin Küzəci Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə qonaq olub. 

 

Məktəbin akt zalında şairlə keçirilən görüşdə müəllim və şagirdlər iştirak ediblər. Tədbirdə şagirdlərin ifasında Şəmsəddin Küzəcinin şeirləri dinlənilib, Kərkük mahnıları səsləndirilib.

 

Məktəbin direktoru Əməkdar müəllim Almaz Həsrət bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsi şagirdlərin dünyagörüşünün genişləndirilməsi üçün mütəmadi belə tədbirlər təşkil edir. O, Azərbaycan ictimai rəyində Kərkükün özünəməxsus yeri olduğunu vurğulayıb.

 

Ş.Küzəci görüşdə çıxış edərək bildirib ki, o, kərküklüdür, özünü həm də azərbaycanlı kimi hiss edir, çünki kərküklülər də Azərbaycan xalqının bir parçasıdır. Hər zaman Azərbaycan naminə çalışmağı özünə borc bilən Ş.Küzəci bu yöndə müxtəlif səviyyələrdə gördüyü işlər haqqında məlumat verib.

 

Daha sonra qonaq məktəbin direktoru Almaz Həsrətə Kərkük Kültür Dərnəyinin diplomunu təqdim edib. Yeni nəşr edilmiş kitablarını imzalayaraq məktəbin kitabxanasına hədiyyə edən Ş.Küzəci ədəbiyyatın insanlar arasında körpü rolunu oynamasına diqqət çəkib.

 

Şair məktəbin şagirdlərinə də hədiyyələr təqdim edib və onlara uğurlar arzulayıb.

 



26.10.2023 | 11:35