Məktəblilərin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası | |
Bakı şəhəri 180 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Sahib Şəmizadə və informatika müəllimi Şəhla Bünyadzadənin təşkilatçılığı ilə şagirdlərin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası təşkil edilib.
S.Şəmizadə məktəblilərə məlumat verərək bildirib ki, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Bakının Xəzər rayonunun ərazisindəki qədim Qala kəndində yaradılıb. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. qorunub saxlanılıb. Dulusçuluq, çörəkbişirmə sexləri orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları nümayiş etdirilir.
S.Şəmizadə deyib ki, ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatlar çatdırmaqdan ibarətdir.
|
|
26.10.2023 | 11:28 | |
|
|
|