Türk Dünyası Jurnalistlər Federasiyasının nümayəndə heyəti ilə görüş olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə oktyabrın 26-da BDU-da keçiriləcək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş III Türk Dünyası Media və Sənət Simpoziumunun açılış mərasiminə hazırlıq işləri müzakirə edilib. Simpoziumda türkdilli dövlətlərin media və mədəniyyət sahələrində tanınmış xadimləri iştirak edəcəklər. Simpoziumun açılış mərasimindən sonra Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə Ankarada keçirilən “VIII Türk Dünyası Sənədli Film Festivalı”nda Azərbaycandan mükafat qazanan filmlərin nümayişi keçiriləcək. “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən festivalda mükafata layiq görülən filmlərin dünyanın doqquz ölkəsində nümayişi planlaşdırılır. İlk nümayiş məhz Azərbaycanda və onun ən böyük, qədim ali təhsil müəssisəsi olan BDU-da keçiriləcək.

 

Simpozium iştirakçıları panel müzakirələrdə ümumtürk mədəniyyətinin təbliği, media sahəsində ortaq layihələr, türkdilli dövlətlərdə media birliyinin önəmi kimi mövzulara dair müzakirələr aparacaq, həmçinin BDU-nun jurnalistika fakültəsinin tələbələri üçün ustad dərsləri keçəcəklər.

 

 



25.10.2023 | 17:33