Tanınmış bəstəkar məktəblilərlə musiqidən danışdı

“Məktəbdə...” layihəsinin növbəti qonağı Xalq artisti, bəstəkar Faiq Sücəddinov olub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçirilib. 

 

Qonaq vaxtilə oxuduğu məktəb, ilk müəllimləri, məktəb xatirələrindən, kiçik yaşlarından musiqiyə olan marağından söz açıb, musiqi zövqünü formalaşdıran amillərdən, digər sənət növləri ilə müqayisədə musiqinin insan həyatına, onun mənəvi tərbiyəsinə təsirlərindən, vətənpərvərlik mövzularında mahnıların insanlarda yaratdığı ruh yüksəkliyindən danışıb. 

 

Məşhurluq qazanan bir çox mahnılarının yaranma tarixçəsi haqqında danışan F.Sücəddinov Vətən Müharibəsində qazanılan tarixi Zəfərdən ilhamlanaraq yaratdığı əsərlərdən bəhs edib. Bəstəkar yazılan mahnıların əbədiyaşarlıq qazanmasına təsir edən amillərdən, uşaqlar üçün yazılan mahnıların onların incəsənət bacarıqlarının inkişafına göstərdiyi təsirlərdən, bugünkü gənclərin musiqi zövqündən söz açıb, şagirdləri düşündürən suallara aydınlıq gətirib.

 

Qonaq piano arxasına keçərək mahnılar ifa edib, musiqi alətlərində ifa bacarığına yiyələnməyin üsulları haqqında maraqlı fikirlər bildirib. Məktəbin VI sinif şagirdi Aslan Əliyevin bəstəkarın müşayiəti ilə ifa etdiyi mahnı alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq,  mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

 



25.10.2023 | 15:00