Gənc pianoçularımızın növbəti uğuru

Litvanın Vilnüs şəhərində gənc ifaçıların V Beynəlxalq “World Harmony” müsabiqəsi keçirilib. Klassik musiqi və  milli folklorun təbliğini, eləcə də yetişən gənc musiqiçi nəslinin istedadlı nümayəndələrini üzə çıxarmaq məqsədini daşıyan bu müsabiqədə dünyanın müxtəlif ölkələrindən ifaçılar iştirak ediblər.

       

“World Harmony” V Beynəlxalq müsabiqəsi fortepiano, orkestr (violino, viola, cello, bassi),  nəfəs və vokal ifaçılıq sənəti üzrə keçirilib. İştirakçılar bu ifaçılıq sahələri üzrə müxtəlif ölkələrdən (Litva, Latviya, Polşa, Azərbaycan, Gürcürstan) mötəbər və səriştəli münsiflər heyəti (T.Biçikaşvili, V.Vitaite, D.Staponkus, İ.Lauruşiene, R.Aydukas, N.Quliyeva, T.Sarvazişvili, D.Caiani, G.Tsikarişvili, B.Makal) tərəfindən qiymətləndirilib.

       

Beynəlxalq müsabiqə iki formatda təşkil olunub. Müsabiqə 15-18 oktyabra kimi “Off line” formatda baş tutub. Sonra isə “Online” rejimdə bir çox ölkələrdən hər nominasiya üzrə təqdim olunan ifalar münsiflər heyəti tərəfindən dinlənilib.

     

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri V Beynəlxalq “World Harmony” müsabiqəsinin 16-18 oktyabr tarixlərində keçirilən fortepiano ifaçılığı yarışında xüsusilə seçiliblər. Belə ki, bu müsabiqədə Azərbaycan pianoçuları tərəfindən əldə olunan qələbələrin sayı üstünlük təşkil edib.

       

Musiqi Akademiyasının tələbələri - Nəriman Məsimov (IV kurs),  İlqarə Talıbova (IV kurs), Fidan Muxtarova, Nurel Kərimova (II kurs),  Fatimə Hacızadə (IV kurs) və Əli Vəliyev (Bülbül adına  Orta İxtisas musiqi məktəbinin şagirdi) uğurla çıxış edərək ölkəmizi bu müsabiqədə layiqincə təmsil ediblər.

       

Nəriman Məsimov - Gran Pri (müəllim N.Quliyeva), İlqarə Talıbova - I yer (müəllim E.Kəbirlinskaya), Fidan Muxtarova (müəllim N.Salmanlı) və Nurel Kərimova (müəllim N.Mansurova) - II yer, Fatimə Hacızadə (müəllim N.Kəngərli) - III yerə layiq görülüblər. Əli Vəliyev isə (müəllim G.Mirzəyeva)  Qran Pri mükafatını qazanıb.

          

Müsabiqənin sonuncu günü Qala konsertdə Bakı Musiqi Akademiyasının prorektoru Əməkdar müəllim, professor Nərminə Quliyevanın tələbəsi Nəriman Məsimov bəstəkar Tofiq Quliyevin “Qaytağı” əsərini peşəkarlıqla ifa edib. “Qaytağı” əsərinin dəfələrlə proqrama daxil edilməsi və yüksək səviyyədə xarici ölkələrdə ifa olunması Bakı Musiqi Akademiyasının rektoru görkəmli pianoçu, beynəlxalq müabiqələr laureatı Fərhad Bədəlbəylinin adı ilə bağlıdır. “Qaytağı” əsərinin ifası ilə F.Bədəlbəyli laureatlıq estafetini gənc pianoçularımıza ötürür və onlar  hər zaman bir etalon ifa kimi Fərhad Bəbəlbəylinin ifasına müraciət edir,  laureat adını layiqincə daşımağa çalışırlar.

            

V Beynəlxalq “World Harmony” müsabiqəsində  gənc pianoçularımızın uğuru Azərbaycan fortepiano ifaçılığının yüksək pilləyə qalxmasının bir daha təsdiqidir.

 

 



24.10.2023 | 11:09