BMU ilə Türkiyənin Kafkas Universiteti arasında Anlaşma memorandumu imzalanıb | |
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Türkiyənin Kafkas Universitetinin (Qars) rektoru Hüsnü Kapı ilə görüşüb.
Görüşdə Y.Piriyev eyni kökə, dilə, dinə mənsub olan Azərbaycan və Türkiyə xalqlarının mövcud münasibətlərinə diqqət çəkib və hazırda bütün dünyanın iki ölkənin simasında əsl qardaşlıq nümunəsinin şahidi olduğunu bildirib. Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan münasibətlərini tarixin ən yüksək zirvəsinə qaldırdıqlarını, iki ölkənin bütün istiqamətlər üzrə bərabər addımladıqlarını xüsusi vurğulayan rektor qardaş dövlətlərin uğurlu fəaliyyətinin böyük nailiyyət və zəfərlərlə müşayiət edildiyini söyləyib.
İki ölkə arasında təhsil sahəsində də sıx əlaqələrin olduğuna toxunan rektor ayrı-ayrı ali təhsil müəssisəsələri arasında qurulan əməkdaşlığın ümumi işə verdiyi töhfədən, bu əməkdaşlıqların önəmindən danışıb.
Azərbaycanda bilikli, peşəkar kadrların yetişdirilməsi üçün dövlət səviyyəsində verilən dəstəyi önə çəkən rektor təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan xaricdə təhsil strategiyası barədə qonaqları məlumatlandırıb. Ulu Öndərin bu sahədə müstəsna xidmətlərini, o vaxt 15 min azərbaycanlı gənci keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil ardınca göndərməsini xatırladan rektor, bu ənənənin hazırda davam etdirildiyini deyib və bu yöndə icra olunan mühüm dövlət proqramlarını nəzərə çatdırıb.
Y.Piriyev BMU-nun maddi-texniki bazası, Cənubi Koreya Respublikasının İNHA Universiteti ilə birgə gerçəkləşdirilən tam dövlət təqaüdlü ikili diplom proqramı barədə zəruri informasiyaları da qeyd edib. Eyni zamanda, BMU-nun “QS Avropa Universitetləri Reytinqləri 2024” cədvəlində Azərbaycan üzrə yer alan 8 ali təhsil ocağından biri olduğunu söyləyib.
Öz növbəsində rektor Hüsnü Kapı ölkələrimizin məmnunluq doğuran dostluq, qardaşlıq münasibətlərindən ətraflı danışıb. Rektor bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edən əlaqələrin daha da dərinləşməsinin, xüsusən elm və təhsil sahəsində birgə, müştərək fəaliyyətin gücləndirilməsinin vacib əhəmiyyət daşıdığını deyib.
Rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar və kadr hazırlığı üzrə aparılan işləri də diqqətə çatdıran Hüsnü Kapı BMU ilə əməkdaşlıqda xüsusi maraq kəsb edən sahələrə toxunub.
Sonda Bakı Mühəndislik Universiteti ilə Kafkas Universiteti arasında ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini-birgə araşdırmalar, elmi-tədqiqat fəaliyyəti, elmi konfans, tədbirlərin təşkili, müəllim-tələbə mübadiləsi və s. nəzərdə tutan Anlaşma memorandumu imzalanıb.
|
|
23.10.2023 | 18:35 | |
|
|
|