Alim hündür “ağıllı” binalarda seysmik davamlılığa nəzarət prosesini tədqiq edib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasında elmi seminar keçirilib.

 

Seminarda professor Nailə Musayevanın “Hündür “ağıllı” binalarda seysmik davamlılığın pozulmasının gizli dövrünün başlanmasının “noise” nəzarət texnologiyaları” mövzusunda məruzəsi dinlənilib.

 

Məruzəçi bildirib ki, seysmik aktiv rayonlarda təhlükəsizliyin təmin edilməsi üçün hündür mərtəbəli intellektual binaların texniki vəziyyətinə nəzarət tələb olunur: “Bundan əlavə, nasazlıqların baş verməsinin erkən gizli dövrünün aşkarlanması və onların inkişaf dinamikasının müəyyən edilməsi monitorinq sistemlərinin əsas vəzifəsidir. Qüsurların əmələ gəlməsi küyün yaradılması ilə müşayiət olunur və onun xarakteristikaları nasazlığın baş verməsi haqqında informasiya daşıyıcısı kimi qəbul edilə bilər”.

 

Məruzəçi qeyd edib ki, hündür mərtəbəli “ağıllı” binanın texniki vəziyyətinin qiymətləndirilməsi üçün həssas göstərici kimi küyün yüksək tərtib momentlərin hesablanması alqoritmləri işlənib hazırlanıb. Həmçinin küyün yüksək tərtib ehtimal modelinin qurulması üçün texnologiya da işlənilib.

 



23.10.2023 | 16:16