BDU, “LU-MUN Holding” və İstanbul Universitetinin ortaq layihəsi

Bakı Dövlət Universiteti (BDU), “LU-MUN  Holding” və İstanbul Universiteti “universitet-özəl sənaye sektoru” işbirliyi modeli çərçivəsində “Kür çayı və Xəzər dənizi suyunun abiotik amillərinin akvakultura şəraitində yetişdirilən nərəkimilərin rifahına təsirinin müqayisəli tədqiqi” adlı ortaq elmi layihənin icrasına başlayıb.

 

Tədqiqat layihəsinin əsas məqsədi akvakulturada, duzlu və ya şirin suda yetişən nərə balıqlarının böyüməsinin, qida dəyərinin hansı mühitdə daha yüksək olmasını müəyyənləşdirməkdir. Layihədə iki fərqli mühit - seçilmiş tədqiqat növü üçün təbii yaşayış mühiti olan Xəzər dənizi və Kür çayı müqayisə edilir.

 

Layihə çərçivəsində BDU-ya səfər edən İstanbul Universitetinin su elmləri fakültəsinin Su təsərrüfatı və xəstəlikləri bölməsinin əməkdaşı Çiğdem Ürkü ilə BDU rəhbərliyi və “LU-MUN Holding” əməkdaşları arasında görüş keçirilib. Görüşdə layihə üzrə həyata keçirilən işlər müzakirə edilib.

 

BDU-nun mütəxəssisləri Çiğdem Ürkü ilə birlikdə Neftçalada “Azərbaycan Balıq Təsərrüfatı” MMC-nin idarə etdiyi Yenikənd Nərə Balıqçılıq Təsərrüfatına da səfər ediblər. Səfər zamanı götürülən müvafiq nümunələr İstanbul Universitetində analizlərə cəlb ediləcək.

 

Qeyd edək ki, tədqiqatın nəticələri duzlu və ya şirin su mühitinin nərə balıqlarının yetişdirilməsi üçün uyğun olub-olmadığını müəyyən etməkdə, həmçinin müxtəlif şəraitlərdə balıqların inkişaf göstəricilərini qiymətləndirməkdə mühüm rol oynayacaq.

 

 



23.10.2023 | 11:14