“Mən müəllim olacağam”

Bu il  ali məktəblərə qəbul imtahanlarının nəticələrinə uyğun olaraq, ixtisas seçən  və artıq tələbə adını qazanan gənclərimizlə həmsöhbət olarkən demək olar ki, hamısının dilindən eşitdiyim,- “ümdə arzum müəllim olmaq idi, ona da nail oldum” kəlməsi  mənim üçün də  qürurvericidir. Növbəti həmsöhbətim Aynur Ağayeva da yüksək bal toplamasına baxmayaraq  seçim turunda başqa ixtisas deyil, məhz  öz həmyaşıdları kimi bu müqəddəs peşəni seçərək tələbə adını qazanıb.   Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinin  I kurs tələbəsidir.

 

“Bacımla universitetə bir yerdə gedib-gəlirik”

 

Aynur Ağayeva Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin məzunudur. Onunla təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetində görüşdük. Səmimi və mehribandır. Söhbətimiz də çox maraqlı keçdi. Dedi ki, bacısı Günel Ağayeva hazırda ADPU-nun riyaziyyat fakültəsinin üçüncü kurs tələbəsidir. Biz məktəbə  bir yerdə gedib, bir yerdə gəlirik. Məni şəhərə tək buraxmır. Axı, mən paytaxtımızı hələ yaxşı tanımıram. Etiraf etməliyəm ki, bu fənni mənə sevdirən riyaziyyat müəllimim Kamran Kazımov olub. O, həm riyaziyyat fənnini gözəl tədris edirdi, həm də bu fənni bizə sevdirməyi bacarırdı.

 

Bilik meydanında qələbəni bilik çalır

 

Hələ doqquzuncu sinifdə oxuyarkən buraxılış imtahanından 270 bal toplamışdım.  Ali məktəblərə qəbul imtahanı zamanı da çox sərbəst idim. Bilirdim ki, yüksək bal toplayacağam. Özümə ona görə arxayın idim ki, gecəmi gündüzümə qatıb ciddi hazırlaşmışdım. 626,5 bal topladığımı biləndə bir daha əmin oldum ki, bilik meydanında  qələbəni bilik çalır.  Deyim ki, qəbul imtahanlarına hazırlaşan müddətdə  sosial şəbəkələrdən istifadə etmədim. Dərslərimi ciddi  hazırlamağa başladım. Səhərə kimi oxuyurdum, sonra da təkrarlayırdım. Abituriyentlərə də məsləhətim budur ki, daha çox dərsləri ilə məşğul olsunlar. Gündəlik dərslərini yaxşı öyrənsinlər, sonra oxuyaram,- deyib, kitabı kənara qoymasınlar.

 

Uşaqlıq arzum idi müəllimlik

 

Gərək sənətə və peşəyə məhəbbətin olsun ki, cəmiyyətə xeyir verə biləsən. Bir də ki, uşaqlıq arzum idi  müəllimlik peşəsi.Qəti  qərarlı  idim ki, mən müəllim olacağam. Sinfə daxil olub uşaqlara dərs demək, onlara riyaziyyat fənnini   mənimsətməkdən şərəfli hansı peşə  ola bilər?! Qazandığım bütün uğurlar sevimli müəllimlərimin üzərimizdəki zəhmətinin bəhrəsidir.

 

İlk dərs günü

 

İlk dərs günü  hiss etdim ki, artıq mən şagird deyiləm, I kurs tələbəsiyəm. Bilirsiniz necə sevinirdim?! “Bilik Günü”ndə ADPU-da keçirilən tədbirdə mənə söz veriləndə bu sözləri ucadan səsləndirdim: - Bu adı daşımaq mənim üçün böyük şərəf, böyük fəxarətdir! Bütün tələbələri  tələbə adını qazandıqları münasibətilə ürəkdən təbrik etdim və onlara ali təhsil illərində uğurlar, mənalı tələbə həyatı arzuladım. Sonra rektorumuz  Cəfər  Cəfərov yüksək bal toplamağım münasibətilə məni təbrik etdi və tələbələr  məni alqışladılar.

 

Milli və  müasir üslubda işlədiyi kompozisiyalar

 

…Aynur həm də rəsm həvəskarıdır. Masallı rayon incəsənət məktəbində keçirilən əlamətdar günlərdə onun rəsm əsərləri   nümayiş olunub. Təsviri sənətin bir çox janrlarına müraciət etməyi xoşlayır. Milli və müasir üslubda işlədiyi kompozisiyalar, təbiət tabloları tamaşaçılarda xoş ovqat yaradıb. O, Azərbaycan və dünya ədəbiyyatını mütaliə etməkdən də  zövq alır.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi Aynur həm də  qrup nümayəndəsidir. Özünü dünyanın ən xoşbəxt gənci sayır. Tələbəlik həyatı da çox maraqlı keçir. Qrup yoldaşları çox mehriban və səmimidirlər. Onlarla ilk gündən dostlaşıb. Ən yaxın dostu və  sirdaşı isə bacısı  Güneldir.

 

Sanki qarşımda tələbəlik dövrünün ilk günlərini yaşayan bir gənclə deyil, gələcəyin məşhur riyaziyyat müəllimi ilə həmsöhbət idim. Onu dinləməkdən aldığım zövq ruhuma xoş bir ahəng qatırdı. Dərsdən yorğun çıxan tələbə Aynuru çox yubatmadım, çünki evdə  onu rayondan təşrif buyuran nənəsi gözləyirdi.

 

Sifai SƏFƏROVA

 



23.10.2023 | 13:15