MDU aliminin rəhbərliyi ilə “Nur şəhərinin dil yaddaşı” adlı dialektoloji lüğət hazırlanıb

Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru  Namaz Manafovun rəhbərliyi ilə “Nur şəhərinin dil yaddaşı” adlı (“Elm və təhsil”, 2023-cü il) dialektoloji lüğət  tərtib edilib.

 

Lüğətdəki sözlərin  toplanmasında MDU-nun müəllimləri ilə yanaşı “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr də yaxından iştirak ediblər. Onlar Mingəçevirin yaşlı sakinləri ilə görüşüb, dialektoloji materiallardan, çap olunmuş  lüğətlərdən, monoqrafiyalardan  istifadə ediblər. Tələbələr ədəbi dilimizdə işlənməyən, lakin Mingəçevir şəhər şivəsində mühafizə olunan mindən artıq söz bazası formalaşdırıblar.

 

Lüğətin sözlüyünə daxil olan sözlər bir daha sübut edir ki, Mingəçevir ərazisi qədim və əbədi türk yaşayış məskənidir. “Ön söz”də qeyd olunduğu kimi, yerli əhali ilə ətraf ərazilərdən vaxtilə köçüb gəlmiş və  Mingəçevirin salınmasında bilavasitə iştirak etmiş insanların iş birliyi zaman keçdikcə həm də “dil birliyinə” çevrilmiş, daha doğrusu, vahid şəhər şivəsini  formalaşdırmışdır.

 

Xalqımızın və dilimizin tarixi ilə bağlı bir çox əlamətlər Mingəçevir şəhər şivəsində  qorunub saxlanılır.  Bu şivədə işlənən qədim türk mənşəli sözlərin doğmalığı insanı heyrətdə qoyur: “çalkeçir” (məhəccər), “de:cilik” (xəbərçilik), “dö:ürə” (məcməyti),“qıymaz” (xəsis), “micir” (zəif) və s.

 

Mingəçevir şəhər şivəsi kənd təsərrüfatına, maldarlığa, balıqçılığa və gəmiçiliyə, meşəçilik, bağçılıq təsərrüfatına, ev və çöl heyvanlarına, ev əşyalarına,  adət- ənənələrə dair zəngin terminoloji leksikası, öz orijinallığı ilə fərqlənir.

 

Lüğətə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova və  MDU-nun dosenti, filologiya elmləri doktoru Flora Namazova rəy veriblər. Lüğətdən MDU-nun  “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasında təhsil alan tələbələr başda olmaqla, magistrantlar, müəllimlər, tədqiqatçılar və eləcə də geniş oxucu kütləsi faydalana bilər. Lüğət dərs və tədqiqat vəsaiti kimi istifadə edilə bilər.

 

Qeyd edək ki,“Nur şəhərinin dil yaddaşı” (Mingəçevir şəhər şivəsinin qısa lüğəti, təkmilləşdirilmiş ikinci nəşr) AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının  qərarı ilə çap olunub.



22.10.2023 | 10:37