Nazirliyin nümayəndə heyəti Türkiyədə ümummilli liderin 100-cü ildönümünə həsr olunan konfransda iştirak edib

Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və Türkiyənin Qafqaz Universiteti tərəfindən keçirilən beynəlxalq konfransda iştirak edib. Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub.
 

Konfransda Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, baş konsul Nuru Quliyev, Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, eyni zamanda nümayəndə heyətinin üzvləri – nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Gəray Musayev, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və Bakı Dövlət Universitetinin prorektoru Hüseyn Məmmədov iştirak ediblər.
 

Konfransda iştirak edən professor-müəllimlər tərəfindən “Heydər Əliyev və türk dünyası” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə ulu öndərin sözügedən istiqamətdə gördüyü işlər, Azərbaycan – Türkiyə qardaşlığı, hər iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlıq nailiyyətləri haqqında danışılıb, eləcə də universitetdə mövcud olan Azərbaycan dili və ədəbiyyat ixtisasının əhəmiyyəti vurğulanıb. 

 

Konfrans ərzində universitetin nəzdindəki Heydər Əliyev Azərbaycan Elmi Araşdırmalar Mərkəzində yaradılan şəraitlə də tanışlıq olub.
 

Nümayəndə heyəti Qars şəhərindəki Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinə baxış keçirib, həmçinin Türkiyənin Milli Təhsil Nazirliyinin Qars Şəhər İdarəsinin rəhbəri ilə görüşüb. 

 

 



20.10.2023 | 18:52