Azərbaycan müəllimlərinin qurultaylarının tarixi yolu | |
(Əvvəli https://muallim.edu.az/news.php?id=26199 )
Azərbaycan müəllimlərinin XI qurultayı 1998-ci il sentyabrın 25-də Heydər Əliyev Sarayında keçirilib. Bu qurultay müstəqil Azərbaycanın ilk müəllimlər qurultayı kimi tarixə düşüb. Qurultayda 1995 nümayəndə qeydiyyatdan keçib. Azərbaycan müəllimlərinin qurultayları tarixində ilk dəfə olaraq Azərbaycan müəllimlərinin himni səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qurultaya təbrik məktubu göndərib. Təbrik məktubunda deyilirdi: “Ümidvaram ki, müstəqil Azərbaycan müəllimlərinin ən mötəbər məclisi olan bu qurultay təhsilimizin qarşısında duran məsələlərin həlli yolunda mühüm addım olacaq və pedaqoji fikir tariximizdə əhəmiyyətli yer tutacaqdır”. Heydər Əliyev qurultayda geniş nitq söyləyib, müəllimlərin əməyinə yüksək qiymət verib, “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”, “Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur” kimi fikirlər söyləyib, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qərarlar barədə qurultay iştirakçılarına məlumat verib.
Qurultayda Heydər Əliyev bəzi təkliflərlə də çıxış edib. Belə ki, Respublika Təhsil Şurasının tərkibi elan edildikdə Heydər Əliyev tərkibə münasibətini bildirib, Şuraya dövlət nümayəndələrinin, hökumət üzvlərinin deyil, müəllimlərin, bilavasitə təhsil sahəsində çalışanların daxil edilməsini təklif edib. Heydər Əliyevin təklifi yekdilliklə qəbul edilib. Heydər Əliyev qurultayda Azərbaycanda fəaliyyət göstərən iş adamlarına, özəl şirkətlərə çağırış edib ki, yeni məktəblərin tikintisi və mövcud məktəblərin əsaslı təmiri ilə bağlı təşəbbüs göstərsinlər. Sonrakı illərdə bu çağırışa nəinki yerli iş adamları və şirkətlər, həm də bir sıra beynəlxalq təşkilatlar da qoşulub və Azərbaycanda məktəb tikintisi geniş vüsət alıb.
XI qurultay həm də tarixi bir təşəbbüslə yadda qalıb. Belə ki, qurultayda ilk dəfə olaraq “Xalq müəllimi” adı təsis edilib və hər zaman təhsilə böyük diqqət və qayğısı ilə seçilən, maarifpərvər dövlət xadimi Heydər Əliyevə bu adın verilməsi qərara alınıb. Fəxri adın diplomunu Heydər Əliyevə qocaman təhsil işçisi, Bakı şəhəri 190 nömrəli tam orta məktəbin direktoru Sona Tağıyeva təqdim edib. Bu fəxri ad sonradan heç kimə verilməyib.
Qurultayda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov məruzə ilə çıxış edib. Məruzə və çıxışlarda səslənən fikirlərdə növbəti illərdə təhsil sistemi qarşısında duran vəzifələr müəyyənləşdirilib, o cümlədən təhsilin idarə olunması və maliyyələşməsi sahəsində yeni mexanizmlərin tətbiqi, təlim-tərbiyənin şagirdin meyil, maraq və potensial imkanları nəzərə alınmaqla təşkil edilməsi, peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla yenidən qurulması istiqamətlərində islahatların aparılması barədə qərar qəbul edilib.
Azərbaycan müəllimlərinin XII qurultayı 2003-cü il oktyabrın 4-də Heydər Əliyev Sarayında keçirilib. Qurultayda 1857 nümayəndə iştirak edib. Qurultay Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təbrik məktubu ilə açılıb. Təbrik məktubunda təhsil sahəsində aparılan islahatlar yüksək qiymətləndirilib: “Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi milli dövlətçilik prinsiplərinə və ümumbəşəri dəyərlərə cavab verən islahatların aparılmasını zəruri etmişdir. Ölkəmizdə dövlət proqramına uyğun olaraq, təhsil quruculuğu sahəsində əsaslı islahatlara başlanılmış, bu proses dönməz xarakter alaraq təhsil sisteminin bütün pillələrini əhatə etmiş, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasının dərinləşməsini təmin etmişdir”. Eyni zamanda təbrik məktubunda sonralar təhsilin cəmiyyətdə rolu və əhəmiyyətini sərrast ifadə edən “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir” kəlamı da öz əksini tapıb.
Qurultayda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1999-cu ilin 15 iyununda təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın icrası barədə qurultay iştirakçılarına məlumat verilib. Bildirilib ki, Proqrama əsasən təhsil sistemində kadr, maliyyə, maddi-texniki, elmi, tədris-metodiki və informasiya təminatının, yeni idarəetmə modelinin yaradılması istiqamətində əhəmiyyətli addımlar atılıb, Azərbaycanda uğurlu islahatların aparılmasına Dünya Bankı ilə birgə həyata keçirilən layihələr əhəmiyyətli töhfə verib.
Eyni zamanda məktəbəqədər təhsil sahəsində müasir model və mexanizmlərin sınaqdan keçirilməsi, ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, yeni tipli ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı üzrə proqramın hazırlanması, peşə təhsili müəssisələrinin bölgələr üzrə şəbəkəsinin optimallaşdırılması, bu müəssisələrə şagirdlərin geniş cəlbini təmin etmək məqsədilə təhsil komplekslərinin yaradılması, müəllim hazırlığı sisteminin müasir səviyyəyə qaldırılması, mütəxəssis hazırlığının əmək bazarının tələblərinə və ehtiyaclarına uyğunlaşdırılması kimi məsələlərlə bağlı vəzifələr də müəyyən edilib.
Azərbaycan müəllimlərinin XIII qurultayı 2008-ci il sentyabrın 22-də Heydər Əliyev Sarayında keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaya təbrik məktubu göndərib. Təbrik məktubunda deyilirdi: “Ümidvaram ki, müstəqil Azərbaycan müəllimlərinin XIII qurultayı müasir təhsilimizin qarşısında duran məsələlərin həlli yolunda mühüm addım olacaqdır”.
Qurultayda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov hesabat məruzəsi edib. Məruzə və çıxışlar əsasında qəbul edilmiş qətnamədə məktəbəqədər təhsil sahəsində beynəlxalq təcrübədə sınaqdan çıxmış təhsil xidmətlərinin təşkili, ümumi təhsil müəssisələrinin infrastrukturunun daha da yaxşılaşdırılması, yeni fənn kurikulumlarının tətbiqi, dərslik hazırlığı və dərsliklərin qiymətləndirilməsi təcrübəsinin təkmilləşdirilməsi, mərkəzləşdirilmiş buraxılış imtahanı sisteminin bütün məktəblərdə tətbiq edilməsi, təhsil sisteminin informasiyalaşdırılması, peşə təhsili sisteminin və ali təhsildə kadr hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması, təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahələrində zəruri tədbirlərin həyata keçirilməsi öz əksini tapıb.
Azərbaycan müəllimlərinin XIV qurultayı 2014-cü il 14 dekabr tarixində Heydər Əliyev Mərkəzində keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaya təbrik məktubu göndərib. Təbrik məktubunda deyilirdi: “İnanıram ki, Azərbaycan müəllimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, azərbaycançılıq məfkurəsinə sadiq və qloballaşan dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsində bundan sonra da var qüvvəsini əsirgəməyəcəkdir”.
Qurultayda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan hədəflər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Strategiyada təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi müəyyən edilib. Strategiyanın reallaşdırılması səriştəli təhsilverənlərin formalaşdırılmasına, nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun təşəkkülünə zəmin yaradacaq, həmçinin ölkəmizin modernləşməsi üçün zəruri olan insan kapitalının inkişaf etdirilməsinə, təhsil infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafını təmin edəcək.
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə 5 yaşlıların ümumi təhsil müəssisələrində məktəbəhazırlığının təşkili, müəllimlərin tədris yükünün 12 saatdan 18 saata qaldırılması, müəllimlərin fəaliyyətinin diaqnostik qiymətləndirilməsi və əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması, müəllimlərin və direktorların işə qəbulu sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi, ali təhsildə yeni yanaşmalar əsasında “SABAH” (Savadlı, Bacarıqlı, Hazırlıqlı) qruplarının yaradılması Azərbaycan təhsili üçün yeni istiqamətlər olaraq qurultay iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Qurultayda elan edilən bu innovativ yanaşmaların sonrakı illərdə tətbiqi və təhsil sistemində şəffaf idarəetmə mexanizmlərinin yaradılması Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb oldu.
Azərbaycan müəllimlərinin XV qurultayı 2018-ci il noyabrın 28-də Bakı Konqres Mərkəzində keçirilib. Qurultayda 1708 nümayəndə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaya təbrik məktubu göndərib. Təbrik məktubunda son illərdə təhsil sistemində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib: “Ümumi təhsildə yeni proqramların tətbiqi başa çatdırılıb, tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənib, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatıb. Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlib, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artıb.
Qurultayda Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov geniş hesabat məruzəsi ilə çıxış edib. Məruzədə ötən qurultaydan sonra təhsil sistemində aparılmış əsaslı islahatlar, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində həyata keçirilən tədbirlər barədə qurultay iştirakçılarına geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, təhsil tariximizdə ilk dəfə olaraq dövlət büdcəsi hesabına ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlığına başlanılıb, 2016-cı ildə həmin yaşda olan uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Ümumi təhsil müəssisələrində məzmun islahatları çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsinə başlanılıb. Müəllim nüfuzu yüksəlib, 150 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1.5, vəzifə maaşı 2 dəfə artırılıb. “Gələcəyin müəllimi” layihəsi çərçivəsində qəbul imtahanlarında 500 və daha artıq bal toplamış və müəllimlik ixtisasını ilk sıralarda seçmiş tələbələr üçün təqaüd müəyyənləşdirilib.
Məruzədə vurğulanıb ki, müəllimlərin əməkhaqqının əhəmiyyətli artımı, şəffaf və obyektiv müsabiqə yolu ilə işə qəbulu, bu istiqamətdə həyata keçirilən digər tədbirlər nəticəsində müəllim peşəsinə maraq artıb. Peşə təhsili sahəsində idarəetmə təkmilləşdirilib, 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, peşə təhsili və təliminin inkişafı üzrə strateji yol xəritəsi təsdiq edilib və icrasına başlanılıb. 2014-cü ildən ali təhsil sahəsində ilk dəfə olaraq yeni məzmun və tədris texnologiyaları əsasında SABAH layihəsinin həyata keçirilməsinə başlanılıb və uğurlu nəticələr əldə edilib.
Təhlil göstərir ki, Azərbaycan müəllimlərinin qurultayları hər zaman böyük bir ictimai hadisə kimi dəyərləndirilir. Belə ki, qurultay dövlət və hökumət, QHT nümayəndələrinin, yerli və beynəlxalq təşkilatların, özəl strukturların, bütün təhsil pillələrini əhatə edən təhsil işçilərinin iştirakı ilə aparılan müzakirələrin yeganə platformasıdır. Eyni zamanda müəllimlərin qurultayları, bir qayda olaraq, əhatə etdiyi dövrdə aparılan təhsil islahatlarına yekun vurulması və yeni islahatların istiqamətlərinin müəyyən edilməsi baxımından tarixi bir missiyanın da daşıyıcısı kimi müstəsna əhəmiyyət kəsb edir.
İnanırıq ki, Azərbaycan müəllimlərinin XVI qurultayı da IV sənaye inqilabının, süni intellekt dövrünün çağırışlarına, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının tələblərinə uyğun olaraq növbəti illərdə təhsil sistemi qarşısında duran vəzifələrin müəyyən edilməsinə öz töhfəsini verəcək.
Fərzəli QƏDİROV, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Əməkdar müəllim
|
|
20.10.2023 | 12:03 | |
|
|
|