Təhsil müəssisəsində iki qrant layihə təqdim olunub | |
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra olunan "Məktəbli idman klubu" və "Sərbəst öyrənənlər dərnəyi" layihələrinin təqdimat mərasimi keçirilib.
Bakı şəhəri 56 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən layihələrin təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Bakı Nobel İrsi Fondunun direktoru Fuad Qasımov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Milli Olimpiya Komitəsinin Xarici əlaqələr idarəsinin məsləhətçisi Ruslan Məmmədov və məktəb direktorları iştirak ediblər.
Tədbirdə çıxış edənlər təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması baxımından təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin əhəmiyyətindən və son illərdə bu istiqamətdə görülən işlərdən, müsabiqəyə müraciət edən müəllimlərin sayında olan müsbət dinamikadan danışıblar.
Daha sonra hər iki layihə barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib gəlmiş "Məktəbli idman klubu" layihəsinin əsas məqsədi şagirdlərin marağına uyğun idman növlərinin təşkil olunması və həmin idman növlərinə aid maddi-texniki, təlim-tədris bazasının yaradılmasından ibarətdir. Layihə çərçivəsində məktəbdə qılıncoynatma və qol güləşi üzrə idman klubları fəaliyyət göstərəcək. Bundan əlavə, şagirdlər müvafiq idman sahələri üzrə peşəkar təlimçilərdən dərs alaraq yarışlara qatılacaqlar.
Fərqi kateqoriya üzrə qalib olan "Sərbəst öyrənənlər dərnəyi" layihəsi isə riyaziyyat fənni üzrə şagirdlərə elektron platforma üzərindən sərbəst öyrənmə bacarıqlarının aşılanmasına xidmət edəcək.
|
|
19.10.2023 | 15:02 | |
|
|
|