AzTU-da 18 oktyabr-Dövlət Müstəqilliyl Günü qeyd olunub | |
Oktyabrın 17-də Azərbaycan Texniki Universitetində Dövlət Müstəqilliyi Günü qeyd olunub.
Tədbiri giriş sözü ilə açan universitetinin prorektoru, professor İsa Xəlilov bu günün tarixi haqqında məlumat verərək dövlət müstəqilliyimizin keçdiyi yoldan danışıb. Prorektor bildirib ki, 100 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparıb. Lakin məlum səbəblərdən Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayan Cümhuriyyətin ömrü çox qısa olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub. Prorektor çıxışında qeyd edib ki, müstəqilliyimizin dönməzliyi və əbədiliyinin ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olması müasir tariximizin danılmaz faktıdır.
Sonra “İctimai fənlər” kafedrasının professoru Qabil Hüseynli Azərbaycanda müstəqillik gününə qədər olan hadisələri tarixi faktlarla qeyd edib. O bildirib ki, “Azərbaycanın müstəqilliyi asan qazanılmayıb. Bu yolda igid oğul və qızlarımız qəhrəmancasına mübarizə aparıb və şəhid olublar. Azərbaycanın bugünkü inkişaf yolu isə ulu öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsidir”.
Tədbirdə tələbələr çıxışlarında müstəqil Azərbaycan uğrunda lazım gələrsə ölməyə hazır olduqlarını bildiriblər və Azərbaycan gənclərinin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə də ötürəcəklərini vurğulayıblar.
|
|
17.10.2018 | 16:35 | |
|
|
|