“Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində sonuncu görüşlər Qazax, Gəncə və Mingəçevirdə keçirilib

“Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Texnologiya Universiteti (ATU), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri ilə Qazax, Gəncə və Mingəçevirdə görüşlər keçirilib.

 

Sözügedən görüşlərdə universitet rəhbərləri tədbir iştirakçılarını salamlayaraq iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində layihənin əhəmiyyətini vurğulayıblar.

 

Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə nümayəndəsi Monika Felföldi çıxış edərək təqaüd proqramı barədə tələbələrə məlumat verib.

 

Gəncəyə səfər çərçivəsində nümayəndə heyəti 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinə raket hücumu nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə həsr edilmiş Gəncə Memorial Kompleksi ilə tanış olub.

 

Məlumat üçün qeyd edək ki, layihə Macarıstanın “Stipendium Hungaricum” təqaüd proqramının 10-cu ildönümünə həsr olunub. Adıçəkilən layihə Macarıstanda təhsil almış məzunların ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən universitetlərin tələbələri ilə görüşünü təşkil etmək, təcrübə və karyera imkanlarını regionlardakı universitetlərdən olan tələbələrlə bölüşmək, həmçinin Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Macarıstanda təhsil barədə məlumatlandırma işini aparmaq məqsədi daşıyır.

 

 



19.10.2023 | 12:00