“Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı keçirilib | |
Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində növbəti ümumrespublika bilik yarışı keçirilib.
“Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub.
Artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixi və bu il 100 illiyi qeyd edilən ümummilli lider Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədini daşıyır.
18 Oktyabr – Müstəqilliyin Bərpası Günündə keçirilən yarışda əvvəlcə Heydər Əliyevin gənclərlə görüşlərini, ulu öndərin onlara mühüm tövsiyələrini və Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini əks etdirən videoçarx nümayiş olunub.
Builki bilik yarışında ölkənin 50 ali təhsil müəssisəsinin komandaları iştirak ediblər.
Qeyd edək ki, komandalar yarışa hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyində saxlanılan arxiv materialları ilə tanış olublar.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən I, II və III yerləri tutan komandalar mükafatlandırılıblar. Qaliblərə mükafatları elm və təhsil naziri Emin Əmrullayev və Prezidentin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov təqdim ediblər.
Bilik yarışında I yeri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, II yeri Daxili İşlər Nazirliyinin Akademiyası, III yeri isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Akademiyası qazanıb.
|
|
18.10.2023 | 18:56 | |
|
|
|