Qazax Müəllimlər Seminariyası/ADA Universiteti Qazax Mərkəzində təhsil və mədəniyyətin vəhdəti mövzusunda konfrans | |
ADA Universiteti Qazaxda “Təhsil və mədəniyyətin vəhdəti: nümunələr və yeni missiya” mövzusunda konfrans keçirib. Konfrans Beynəlxalq Müəllimlər Gününü və Qazax Müəllimlər Seminariyasının bərpası üçün imzalanan Niyyət sazişinin ildönümü münasibətilə təşkil edilib.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, konfrans maarifpərvərlər torpağı olan Qazaxda bir müəllimin və bir sahibkarın manifestinə yeni səhifələr əlavə etmək üçün xeyriyyəçi tərəfdaşlarını, müəllim və tələbələrini, təhsil və mədəniyyət xadimlərini bir araya gətirib. Konfransda xeyriyyəçiliyin ictimai əhəmiyyəti, nəcib əməlləri ilə tarixi dəyərlərimizi canlandıran sahibkarların keçmişlə bu gün arasında qurduğu əlaqə və bu əlaqənin elmdəki, mədəniyyətdəki və müəllimlərin yetişdirilməsi prosesindəki təzahürü müzakirə edilib.
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şəhidlər xiyabanında onların məzarı önünə gül dəstəsi qoyulub.
Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov Şəki rayonunun İbrahimkənd tam orta məktəbinin direktoru və Vətən Müharibəsi Qəhrəmanı Cəlal Bayramova milli marş fonunda Azərbaycan Bayrağını təhvil verib. Beləcə, Vətənin müstəqilliyinin əsgərin əzmi, müəllimin isə biliyi ilə qorunduğu simvolik olaraq nümayiş etdirilib. Daha sonra Dövlət Himnimiz səsləndirilib. Tədbirə Qazax şəhidlərinin övladları Nigar Nəsibova, Fəqan Veyisli, Jalə Veyisli və Niyazi İsmayılov dəvət edilib.
Qonaqları salamlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dövlətimizin inkişafında müəllimlərin rolundan bəhs edib. O deyib: “Qəlbi öyrətmək eşqi ilə döyünən bu müəllimlər sayəsində Qazax Müəllimlər Seminariyasının varisi olan ADA Qazax Mərkəzində bir əsr sonra təlim-tədris ənənələri davam etdirilir”.
ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında “Qəhrəman ordumuz öz missiyasını yerinə yetirdi. İndi isə məharətli gənclərimiz və tarixi dərindən bilən ziyalılarımızla birgə həqiqətlərimizi dünyaya çatdırırıq”, - deyə ifadə edib. Rektor Paşayev torpaqlarımızın işğaldan azad edilməsindən sonra qələbəmizin qorunub saxlanılmasının yalnız elm və təhsillə mümkün olacağını vurğulayıb.
Diqqətə çatdırılıb ki, ADA Universiteti Seminariyanın önündə yerləşən Müəllimlər evinin açılışını məhz Beynəlxalq Müəllimlər Günündə həyata keçirməklə bu günü daha da yaddaqalan edib. Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmməd çıxışında bildirib: “Ərazisi işğaldan azad edilən, qələbə qazanan xalqın nümayəndələrinə təhsil indi hər zamankından daha çox önəm daşıyır, həyati əhəmiyyət kəsb edir. Təhsil milli mənlik şüuruna yiyələnməyin mühüm vasitələrindəndir. Məhz bu səbəbdən Seminariyanın yeni kurrikulumu, burada verilən təhsil azərbaycançılıq məfkurəsindən irəli gələn milli maraqlarımızı, milli ruhumuzu əks etdirir. Burada milli-mənəvi və bəşəri dəyərlər düşüncəsində, kimliyini, köklərini bilən nəsillər yetişdirilir. Onların dünənini, bu gününü və sabahını burada — təhsildə varisçilik ənənəsinin təcəssümü olan Seminariyada qururuq”.
Qeyd edilib ki, irsə sahib çıxmağı özünün missiyasına çevirən ADA Universiteti Qazaxda yerləşən İsrafil ağa hamamını İncəsənət mərkəzinə çevirəcək. Bu bölgədə kollec tipli məktəb təsis edərək, Vətənimizə zəkası ilə xidmət edəcək istedadlar yetişdirəcək. Həmin o istedadlar isə öz növbəsində sələflərinin izi ilə gedərək genetik yaddaşımızdakı xeyriyyəçilik dəyərlərini fəaliyyətlərinin əsas prinsipinə çevirəcəklər.
Konfrans panel müzakirələrlə davam edib.
İlk panel ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Vəfa Kazdalın moderatorluğu ilə baş tutub. Paneldə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev iştirak ediblər. Onlar müəllimlik missiyasının keçmişini və indiki dövrünü, “Bir müəllimin manifesti” ideyası əsasında öyrətmək, məslək sahibi etmək bacarıqlarının mahiyyətini müzakirə ediblər. Təhsil ekspertləri ilə birgə müəllimlərin peşəkar inkişafı üçün atılan addımlardan və ərazilərimizin işğaldan azad edilməsi fonunda müəllimlərin önündə duran yeni çağırışlardan bəhs edilib. Panel müzakirədə iki məslək sahibinin, ömür-gün və missiya yoldaşının – Badisəba ana və Firudin bəy Köçərlinin həyat və fəaliyyətini əks etdirən video nümayiş etdirilib.
Tədbirdə - “Bir müəllimin manifesti”nin (BMM) ikinci qrupunun 19 regionu təmsil edən 21 məzununa diplomları, 2023-2024-cü tədris ilinə yenicə qəbul edilmiş 23 regional məktəbin müəllim və direktorlarına isə ADA medalları elm və təhsil nazirinin müavini Firudin Qurbanov və ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən təqdim edilib. Bu medallar vasitəsilə onlara çatdırılıb ki, müəllimlik şərəf və ləyaqət peşəsidir və bu keyfiyyətə malik olanlar yalnız bir insanı, bir fərdi deyil, bütöv bir cəmiyyəti yetişdirirlər. Buna görə də onların etdiyi əməl məhz belə adlandırıla bilər – Cəmiyyət quruculuğu!
Tədbirdə, həmçinin BMM Məzunlar Assosiasiyasına seçilən sədrlərin adları açıqlanıb.
Xatırladaq ki, “Bir müəllimin manifesti” Qazax Müəllimlər Seminariyasında tədris olunan ilk ixtisasartırma proqramıdır. Bu proqram ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən müəllim və məktəb direktorlarının peşəkar inkişafına dəstək verir, onlara qabaqcıl və beynəlxalq təlim-tədris praktikası qazandırır. Məhz buna görə də proqramın coğrafi marşrutu Qazax-Bakı-Vaşinqtondur.
Konfransın ikinci paneli ADA Universitetinin xarici əlaqələr və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilib. Panel öncəsi ADA Universitetinin missiyasını, eləcə də Seminariyanın bərpası istiqamətində sahibkarlarla olan birgə fəaliyyəti əks etdirən qısa film nümayiş etdirilib.
Paneldə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Şamil Əzizov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “NEQSOL Holding”in Baş icraçı direktorunun müavini İsrail Asəliyev, “PMD Group” MMC-nin Baş icraçı direktoru Ruslan Mikayılov və ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev çıxış ediblər. Onlar Seminariyanın bərpası ilə təhsildə və mədəniyyətdə xeyriyyəçilik ənənələrinin yenidən canlanmasından, “Bir sahibkarın manifesti” konsepti fonunda Universitet-özəl sektor əməkdaşlığından söhbət açıblar. Qeyd edilib ki, cəmiyyətin bütün sahələrində fəaliyyət göstərən peşəkarları yetişdirən müəllimlərdir - xeyriyyəçini də müəllim yetişdirir, sahibkarı da. Məhz elə buna görə də sahibkarlarımız da öz növbələrində müəllimlərin yetişdirilməsinə dəstək göstərirlər. Bu yolla onlar həm vaxtilə məktəblər açan xeyriyyəçilərimizin yolunu davam etdirirlər, həm də dəyərlərimizə sahib çıxaraq, cəmiyyətin inkişafına xidmət göstərirlər. Budur, öyrədənlə öyrənən arasındakı tarixi bağlılıq və minnətdarlığın ifadəsi!
Təltifetmə mərasiminin davamı olaraq Seminariyanın təmir və bərpasında Universitetlə çiyin-çiyinə verən xeyriyyəçi tərəfdaşlara - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “NEQSOL Holding”, Heydər Əliyev Fondu, "PMD Group” MMC və Amerika-Azərbaycan Cəmiyyətinə təşəkkürnamə təqdim edilib. Sahibkarlara alicənab azərbaycanlıların izi ilə getdikləri və yeni nəsil müəllimlərin, intellektualların yetişdiriləməsinə verdikləri töhfə üçün minnətdarlıq ifadə edilib.
Konfransda mədəniyyət nazirinin müavini Murad Hüseynov da iştirak edib.
Tədbir Xalq artisti Yeganə Axundovanın direktoru, Əməkdar artist Fuad İbrahimovun baş dirijoru olduğu Bakı Kamera Orkestrinin konserti ilə başa çatıb. Xalq artistləri Nəzakət Teymurova, Gülnaz İsmayılova və əməkdar artist Anar Şuşalının ifasındakı xalq mahnıları dinləyənlərin zövqünü oxşayıb.
|
|
18.10.2023 | 12:37 | |
|
|
|