Çeçenistan Dövlət Pedaqoji Universitetində Azərbaycan Multikulturalizmi ilə bağlı mühazirə

Çeçenistan Dövlət Pedaqoji Universitetinin Azərbaycan Mədəniyyəti Mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri, Azərbaycan Dillər Universitetinin dosenti İrina Kuninanın “Azərbaycan multikulturalizmi modeli” mövzusunda açıq mühazirəsi keçirilib. 


Onlayn formatda təşkil olunan mühazirədə Çeçenistan Dövlət Pedaqoji Universitetinin elmi və beynəlxalq fəaliyyət üzrə prorektoru dosent Tamara Atayeva, rus dili kafedrasının müdiri dosent Raisa Buralova və universitetin professor-müəllim heyəti iştirak ediblər. 


İrina Kunina Azərbaycanın tarixi, əhalisinin etnik tərkibi, mültikultralizm siyasəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

 

Mühazirəni maraqla dinləyən müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb. Onlar Azərbaycan Mədəniyyəti Mərkəzinin qarşıdan gələn tədbirlərində iştirak etməyə hazır olduqlarını bildiriblər.
 

Qeyd edək ki, Çeçenistan Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzi 2023-cü ilin iyun ayında yaradılıb. Mərkəzin yaradılmasında məqsəd elm və təhsil sahəsində qarşılıqlı faydalı əməkdaşlıq proqramlarının həyata keçirilməsidir. Mərkəzdə Azərbaycan multikulturalizmi ilə bağlı silsilə açıq mühazirələr təşkil olunur.

 



18.10.2023 | 12:11