ADNSU ilə Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında Əməkdaşlıq memorandumu imzalanıb.

 

İmzalanma mərasimində ADNSU-nun rektoru vəzifəsini icra edən dosent Vazeh Əsgərov, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və onu müşayiət edən nümayəndə heyəti, universitetin prorektorları və professor-müəllim heyəti iştirak ediblər.

 

Dosent Vazeh Əsgərov Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə əməkdaşlığın təkcə universitet üçün deyil, həm də ölkə üçün əhəmiyyətini vurğulayıb. O, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində yüksək ixtisaslı kadrların hazırlanmasının universitetin prioritet vəzifəsi olduğunu deyib.

 

Agentliyin direktoru Cavid Abdullayev ölkədə bərpa olunan və yaşıl enerjidən istifadə ilə bağlı görülən işlər, layihələr barədə məlumat verib. İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən istifadə ilə yanaşı, tikinti və abadlıq işlərinin həyata keçirildiyini vurğulayan C.Abdullayev ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, əməkdaşlığın elmi tədqiqat sahələrinin inkişafına, o cümlədən elmi-nəzəri və praktiki tədqiqatların aparılmasına, tədris-metodiki vəsaitlərin hazırlanmasına, tədris prosesinin təkmilləşdirilməsinə töhfə verəcəyini bildirib.

 



18.10.2023 | 11:36