“Qeyri-akademik transkript” layihəsinin müzakirəsi aparılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qeyri-akademik transkript” layihəsi ilə bağlı növbəti müzakirələr dövlət və özəl qurumların nümayəndələri ilə aparılıb.

 

Rektor professor Ədalət Muradov regionda ilk dəfə olaraq, UNEC-də tələbələrin yumşaq bacarıqlarını əks etdirən “Qeyri-akademik transkript” layihəsinin hazırlandığını deyib. Layihənin metodoloji müzakirələrinin ölkənin tanınmış təhsil mütəxəssisləri ilə aparıldığını diqqətə çatdıran rektor, transkriptin təkmilləşdirilməsi məqsədilə işəgötürənlərlə müzakirələrin aparılmasının vacibliyini vurğulayıb. Ə.Muradov qeyri-akademik transkriptdə iş dünyasının tələb etdiyi meyarların əsas götürüldüyünü bildirib: “Düşünürəm ki, iş dünyasında qeyri-akademik transkript akademik transkriptdən daha üstün tutulacaq. Sürətlə dəyişən dünyada dəyişməyən bacarıqlara fokuslanmaq daha önəmlidir”.

 

Professor Ədalət Muradov yumşaq bacarıqların qiymətləndirilməsinin 4-cü kurs tələbələri arasında könüllülük prinsipi əsasında həyata keçiriləcəyini deyib. O, UNEC-də karyera planlaması kafedrasının yaradıldığı və kefadranın müəllimləri tərəfindən “Karyera planlaması”, “Yumşaq bacarıqlar” və “Sərt bacarıqlar” fənlərinin tədris olunduğunu bildirib.

 

Sonra karyera planlamas kafedrasının müəllimi Asəf Zeynalov qeyri-akademik transkriptin mahiyyəti, qiymətləndirmə meyarları barədə təqdimatla çıxış edib.

 

Məruzəçi tərəfindən suallar cavablandırıldıqdan sonra iş dünyasının nümayəndələri layihənin vacibliyindən söz açıblar. Tələbələrdə yumşaq bacarıqların formalaşdırlmasının, eləcə də bu bacarıqları əks etdirən transkriptin məzunların işə qəbulunda mühüm rol oynayacağını qeyd edib, bu istiqamətdə UNEC-lə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıblar.

 

Qeyd olunub ki, layihə iş dünyası və universitetlərin qarşılıqlı əməkdaşlığının qurulması və daha da genişləndirilməsi istiqamətində mühüm addım olacaq.

 

Müzakirələrdə Elm və Təhsil , İqtisadiyyat, Maliyyə, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, SOCAR, KOBİA,  Azərbaycan İnsan Resursları Assosiasiyasının, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və AzerGold QSC-nin, ATİB,  BP Azərbaycan şirkətinin, Pasha Holdinqin, Kapital Bank, Beynəlxalq Bank, RabitəBank, Bank Respublika, Yelo Bank, Veysəloğlu Qrup MMC, Boston Consulting Group,  “Azerlotereya” ASC, “McDonald”s Azərbaycan, Deloitte&Touch, “EY Azərbaycan”, KPMG və AmCham, “Azercell Telekom” MMC-nin işəgötürənləri iştirak ediblər.



18.10.2023 | 10:00