Prezident İlham Əliyev Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı

 

Prezident İlham Əliyev: Salam-əleyküm.

 

Sakinlər: Xoş gəlmisiniz. Sizi görməyimizə çox şadıq.

Şəhid bacısı: Salam, xoş gəlmisiniz.

Kişi sakin: Təbrik edirik, cənab Prezident. Var olasınız. Allaha şükür ki, Füzulidə də görüşə bildik.

Prezident İlham Əliyev: Əlbəttə. Sağ olun.

Qadın sakin: Təşəkkür edirik, Sizi xoş gördük.

Prezident İlham Əliyev: Salam. Siz də xoş gəlmisiniz.

Sakinlər: Hər şey üçün minnətdarıq. Qürurumuzsunuz.

Kişi sakin: Salam, cənab Prezident, xoş gəlmisiniz.

 

Prezident İlham Əliyev: Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.

 

Sakinlər: Çox sağ olun, cənab Prezident, təşəkkür edirik. Sağ olun.

 

Prezident İlham Əliyev: Arzu edirəm ki, Füzulidə - doğma Vətəndə rahat yaşayasınız, firavanlıq, rifah içində yaşayasınız.

 

Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.

 

İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq.

 

Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır.

 

Onu da bildirməliyəm ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik. Düzdür, laçınlılar füzulililərdən bir qədər tez öz doğma yurduna qayıtmışlar. Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri sadəcə olaraq bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur.

 

Füzulinin timsalında, eyni zamanda, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür.

 

Mən bunu dəfələrlə demişəm, indi bir çoxları bunu bilir, bir daha demək istəyirəm, Füzuli azad olunanda bir salamat bina tapa bilmədik ki, Bayrağımızı qaldıraq, bir hərbi hissədən başqa. Onun da həyətində dirəkdə Bayrağımızı ucaltdıq və buraya ilk dəfə gələndə, vallah, hər bir azərbaycanlı kimi adamın ürəyi ağrıyırdı, məəttəl qalırdı, dəhşətə gəlirdi insan ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?! Axı biz ermənilərə nə etmişdik?! Biz onlarla yanbayan yaşamışdıq. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu, infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq, görünür, onların ürəyində olan o qara ləkələr idi. Biz onu bilməmişik o vaxt. Biz bir növ sadəlövh olmuşuq. Ona görə mən deyirəm, biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün bu məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb. İnanıb ki, bu gün gələcək, biz burada durub sizinlə bu bayram gününü qeyd edəcəyik.

 

Füzuli indi tamamilə yenidən qurulur. Dünən burada olarkən bir neçə önəmli obyektin təməlini qoyduq. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu. Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər. Məsələn, mən həm Zəngilanda, həm Laçında uşaqlarla söhbət əsnasında maraqlanırdım. Yəni, Bakıda doğulmuş, böyümüş, necə deyərlər, böyük şəhərin ab-havasına öyrəşmiş uşaq, yeniyetmə gəlib indi bir qədər uzaqda yerləşən şəhər və kənddə necə yaşayır? Onlar ürəkdən deyirdilər ki, bu, böyük xoşbəxtlikdir. Bu, o cümlədən sizin, yəni, böyük nəslin tərbiyəsidir. Çünki onlar evlərdə də, məktəblərdə də bu tərbiyəni görüblər. Ona görə məktəb və ailə bizim buraya qayıtmağımızın vacib amilidir. Çünki qoymadıq ki, gənclər unutsun. Qoymadıq ki, Qarabağ mövzusu silinsin. Halbuki bunu bizə aşılamaq istəyən bir çox ölkələr, qüvvələr var idi, yəni, barışmaq lazımdır, Ermənistanla əməkdaşlığa başlamaq lazımdır. Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı! Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir.

 

İndi isə qalıb ki, insanlar burada rahat yaşasınlar. Onu da bildirməliyəm ki, biz bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetiririk. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın. Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır.

 

Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da, onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi Zəfər çalıblar. Biz Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq.

 

Bir daha demək istəyirəm ki, biz hər zaman, onlara borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır. Onların qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir. Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər.

 

Əziz bacılar, qardaşlar, dostlar, bir daha təbrik edirəm. Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük.

 

Təbrik edirəm, cansağlığı arzulayıram, uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, Vətənə bağlı olsunlar, bizim qəhrəmanlar kimi olsunlar, şöhrətimizi göylərə qaldırsınlar. Sağ olun.

x x x

 

Sonra dövlətimizin başçısı tədbir iştirakçıları ilə söhbət etdi, xatirə şəkilləri çəkdirdi.

 

 



17.10.2023 | 12:13