Uorvik Universitetinin nümayəndələri ADNSU-da | |
Böyük Britaniyanın Uorvik Universitetinin Xüsusi Layihələr üzrə rəhbəri Qaret Roberts və onun proqram direktoru doktor Fil Lyuis Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
Nümayəndə heyəti ilə görüşdə ADNSU-nun rektoru vəzifəsini icra edən dosent Vazeh Əsgərov, elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və UFAZ-ın Təhsil şöbəsinin müdiri Lətifə Nəsibova iştirak ediblər.
Dosent V.Əsgərov qonaqlara universitetin beynəlxalq əlaqələri və ikili diplom proqramları haqqında məlumat verib. Dövlətin təhsilə göstərdiyi diqqətdən, ikili diplom proqramlarına, xüsusən də xarici universitetlərlə əməkdaşlığa dəstəyindən danışan V.Əsgərov ADNSU ilə bir çox xarici ali təhsil müəssisələri arasında əməkdaşlığı xüsusi vurğulayıb. O, müasir çağırışlara cavab verərək Uorvik Universiteti ilə bərpa olunan enerji üzrə ikili diplom proqramının birgə həyata keçirilməsinin vacibliyini qeyd edib.
Uorvik Universitetinin Xüsusi Layihələr üzrə rəhbəri cənab Qaret Roberts hər iki universitetin sürətlə inkişaf edən bərpa olunan enerji sahəsində yeni nəsil mütəxəssislərin hazırlanması üçün geniş imkanlara malik olduğunu qeyd edib və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Proqramdan irəli gələn məsələlərin müzakirə olunduğu iclasda hər iki ali təhsil müəssisəsinin iştirakı ilə reallaşdırılacaq konkret hədəflər qeyd olunub.
Daha sonra qonaqlar ADNSU-nun AzII Elektron Kitab Evinə, laboratoriyalarına, Mineralogiya muzeyinə baş çəkib, tədris otaqları ilə yaxından tanış olublar.
|
|
17.10.2023 | 09:55 | |
|
|
|