Valideyn-müəllim-məktəb əməkdaşlığı

Tədqiqatlar göstərir ki, valideyn-məktəb arasında sıx əlaqələnin qurulması daha yaxşı şagird davranışı, yüksək akademik nailiyyətlər və təkmilləşdirilmiş sosial bacarıqlar üçün vacibdir.

 

Milli Təhsil Assosiasiyasının  (NEA) saytında dərc edilən məqalədə qeyd olunur ki, valideynləri məktəbləri ilə fəal şəkildə əlaqədə olan şagirdlər adətən yüksək qiymətlər və test balları əldə edirlər; yüksək sosial bacarıqlar, daha yaxşı davranışlara malikdirlər; məktəbə daha asan adaptasiya olurlar; onların ali təhsilə davam etmək ehtimalı daha yüksəkdir. (mənbə: https://www.nea.org/nea-today/all-news-articles/eight-ps-parent-engagement )

 

Valideyn - məktəb arasında kommunikasiya

 

Valideyn - məktəb arasında güclü əlaqənin qurulması bir neçə yolla əldə edilə bilər. Bu zaman effektiv ünsiyyət, davamlılıq, düzgün kommunikasiya kanallarının seçilməsi köməyə çatır.

 

Məsələn, valideynin övladını məktəbə gətirəndə, yaxud məktəbdən götürəndə müəllimlər və digər heyətlə salamlaşmağı hər iki tərəfdə müsbət təəssürat yarada bilər. Valideynin müəllimlərdən övladı haqqında rəy soruşması, övladının məktəbdən kənarda iştirak etdiyi yarışlar, müsabiqələr, qazandığı nailiyyətlər haqqında məlumatı müəllimlə paylaşması, onun məktəb cəmiyyətində fəal iştirakı və dəstəyi müsbət dəyərləndirilir. Həmçinin bunlarla yanaşı, valideyn məktəbin daxili nizam-intizam qaydaları ilə də yaxından tanış olmalıdır.

 

Təhsil araşdırmaçıları qeyd edirlər ki, bu məsələdə də balans mütləqdir. Valideynlər istədikləri zaman və istədikləri qədər məktəb həyatına təsir etməli deyillər, lakin onlar övladlarına məktəbin ailələri üçün vacib və dəyərli olduğunu hiss etdirməlidirlər.

 

Müəllimin rolu

 

Müəllim ailələr və məktəblər arasında möhkəm əlaqə yaratmaqda mühüm rol oynayır. Müəllimlər valideynlərlə münasibətdə hörmətli, mehriban və dözümlü olmalı, eyni zamanda onlara övladının hansı dərsləri keçdiyini izah etməli, valideynlərə bu barədə istiqamət verməyə çalışmalıdırlar. Müəllimlər valideynlər və pedaqoqlar arasında güclü əlaqələr qurmağa müvəffəq olduqda, bu, şagirdlərin daha yaxşı akademik dəstək alma ehtimalını, eləcə də məktəbdəki performansını artırır.

 

“Ailəm və məktəbim”,  “Valideynlər üçün yay məktəbi”

 

Bakı şəhəri 193 nömrəli tam orta məktəbin direktoru Nihal Hacıyeva deyir ki, valideynlərimiz hər zaman məktəblə sıx əlaqədədirlər, çünki bu, şagirdin uğur qazanması üçün ən ümdə şərtlərdən biridir: “Keçən tədris ilinin sonunda “Valideynlər üçün yay məktəbi” layihəsi təşkil etdik. Təbii ki, bu yay məktəbi hər il şagirdlər üçün nəzərdə tutulurdu. Bu il isə biz məsələyə bir az fərqli tərəfdən yanaşdıq və valideynlər üçün üç günlük, maraqlı formatda yay məktəbi təşkil etdik.

 

Məktəbdə, həmçinin “Ailəm  və məktəbim” layihəsi həyata keçirilir. Həftəsonları müxtəlif peşə sahibləri olan valideynlərin şagirdlərlə görüşü olur, onlar peşələri ilə bağlı məlumatlar verir, təcrübələrini bölüşürlər”.

 

Nihal xanım vurğulayır ki, bu zaman valideyn himayəsindən məhrum şagirdlərə xüsusi yanaşırlar:  “Biz də bir ana, bir təhsil işçisi, pedaqoq olaraq həmin şagirdlərə əlimizdən gələn dəstəyi əsirgəmirik”.

 

 

Məktəbdə psixoloji mühitin valideyn-məktəb münasibətinə təsiri

 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, məktəblərdə təhsil alanlar haqqında məlumatın olması məktəb mühitinin sağlamlaşdırılmasında mühüm rol oynayır: “Elə uşaqlar var ki, natamam ailədəndirlər, tərəflər boşanıblar. Elə uşaqlar var ki, problemli ailədən gəlir, ata-ana arasında münaqişə var. Bunlar uşağın həm də təhsil prosesinə, davranışına, ətrafı ilə ünsiyyətinə təsir göstərir.

 

Biz məktəb mühitini sağlamlaşdırmaq istəyiriksə, birinci növbədə, valideyn-məktəb -şagird üçbucağına fokuslanmalıyıq. Məktəb rəhbərliyi, eyni zamanda, məktəb psixoloqu ilə birgə əməkdaşlıq şəraitində məktəbdə müsbət dinamika yaratmaq olar.

 

Ona görə də məktəb mühitini sağlamlaşdırmaq istəyiriksə, burada maarifləndirmə, profilaktik və diaqnostik işlər aparılmalıdır. Beləliklə də, psixoloji konsultasiyaya ehtiyacı olan şagirdlərin də sayı azalacaq. Çünki bu işlər aparılanda, valideynlə məktəb arasında bir bağ yaranacaq. Bu da məktəb mühitini sağlamlaşdıracaq”.

 

 

ABŞ-də yaşayan azərbaycanlı ailənin valideyn-məktəb münasibətlərində yaşadığı təcrübə

 

 

Hazırda ABŞ-də yaşayan və üç övlad anası olan,  kouç və pozitiv disiplin təlimçisi Ceyran Eyvazzadə bir valideyn olaraq məktəbin həm məzmun, həm akademik,  həm də təşkilati, maddi-texniki təminatında rolunu məhz Amerika Birləşmiş Ştatlarında yaşadığı 8 ay ərzində daha fərqli tərəfdən gördüyünü bildirir: “Valideynlər  “PTA”, yəni Valideyn-Müəllim Assosiasiyası mənasına gələn birliklərdə könüllü əsaslarla fəaliyyət göstərirlər.

        

Valideynlər, müəllimlər, digər məktəb heyətindən ibarət olan bu təşkilat məktəbi dəstəkləmək, təhsilalanlar üçün təhsil, təlim təcrübəsini zənginləşdirmək və hamı üçün əlçatan etmək məqsədilə çox dəyərli nəticələri birlikdə qazanırlar.

 

Hər uşaq üçün fonda 30 dollar dəyərində üzvlük haqqını ödədikdən sonra hər bir valideyn PTA üzvü ola bilər və “room parent” - sinif valideyni seçilə bilər, ya da könüllü olaraq təşkil olunan tədbirlərdə iştirak edə bilər”.

 

C.Eyvazzadə həmçinin bildirib ki, məktəbə ianə etmək Valideyn-Müəllim Assosiasiyası üçün başlıca məqsədlər sırasındadır: “Valideyn iştirakçılığını artırmaq, müəllimlərə dəstək göstərmək – ad günlərində və xüsusi bayramlarda sinif adına hədiyyə, müəllimin təhsil ili ərzində nailiyyətlərini mükafatlandırmaq, müəllimin professional inkişafı üçün fürsətlər təqdim etmək, məktəbi və müəllimi dəstəkləyən fəaliyyətlər və tədbirlər həyata keçirmək, ianə toplamaq – məktəb ehtiyaclarını ödəmək üçün müntəzəm aralıqlarla könüllü ianə aksiyaları təşkil etmək, sinif ləvazimatları, uşaqlar üçün parta, müəllim masası, yazı stolu və maddi vəziyyəti kifayət olmayan ailələrin uşaqlarına dərs ləvazimatlarının təmənnasız təminatı, yaxud donor aksiyaları üçün dəstək olmaq, təşkilatlanmaq – müxtəlif milli, irqi və dini mənsubiyyətə malik olan fərqli mədəniyyətlərdən gələn insanları bir araya gətirmək üçün bütün valideynləri, qəyyumları və müəllimləri ilə tanış etməyi məqsədləyən partilər, yığıncaqlar, musiqili-əyləncəli tədbirlər təşkil etmək, ianə toplamaq -  PTA-nun ən təməl fəaliyyətlərindən biri də uşaqların maraq və hüquqlarının qorunması və təminatı üçün məktəb rəhbərliyi və daha yuxarı instansiyalarla görüşmək, valideynlərin etirazlarını peşəkar və sistemli qaydada təhsili idarəedənlərə çatdırmaqdır.  Bütün bu fəaliyyətlər ərzində PTO – rəhbərliyinin seçilməsi və fəaliyyəti bütün üzvlərin iştirakı ilə şəffaf seçki əsasında aparılır.

 

Təcrübə və maliyyə savadlılığı, təşkilati işlərin həyata keçirilməsində aktivlik və çeviklik kimi göstəricilər təşkilata qoşulmağa kömək edir. Maliyyə hesabatları həm ilin əvvəlində və həm də yazılı müraciət əsasında istəyə uyğun hazırlanıb üzvlərə təqdim olunur. Daha çox köçürmə və qəbz yolu ilə, az hallarda nağd əsaslarla vəsaitlər qəbul edilir. Təşkilatın fonduna köçürülən maddi vəsaitin idarə olunması tamamilə PTA,  yəni valideyn təşkilatının səlahiyyətindədir. İl ərzində plandan kənar qaydada təhsilverən tərəfindən əlavə hər hansı sinif vəsaitinin alınması nəzərdə tutulsa, bu, xüsusi çağırılan yığıncaqla müzakirədən sonra səsvermə nəticəsində qərarlaşdırılır: ya qəbul, ya da rədd edilir; yaxud  bunu təmin etmək üçün könüllü valideyn üçün sorğu verilir. PTA – təşkilatın qaydalarına əməl etməyən üzvləri kənarlaşdırmaq hüququnu özündə saxlayır”.

 

Gülnarə İLHAM

 



16.10.2023 | 15:00