Əcnəbi tələbələrlə görüş | |
Naxçıvan Dövlət Universitetində (NDU) əcnəbi tələbələrlə görüş keçirilib. Görüşdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada tolerant mühitin formalaşması, xarici vətəndaşlara xüsusi diqqətlə yanaşmanın nəticəsi olaraq əcnəbi tələbələrin sayı hər il artmaqdadır. Universitetdə xarici tələbələr üçün yaradılan şəraitdən söz açan rektor diqqətə çatdırıb ki, NDU-da təhsil alan yerli tələbələrlə yanaşı, əcnəbi tələbələrin də təhsil keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. Bu il universitetdə təhsil alan əcnəbi tələbələrin sayının 2000 nəfərə yaxın olduğu vurğulanıb. Bildirilib ki, həmçinin xarici tələbələr universitetin ictimai-mədəni işlərində də fəallıq nümayiş etdirir, müxtəlif tədbirlərin, konsert proqramlarının hazırlanmasında yaxından iştirak edirlər.
Universitetin prorektoru Xəyal Camalov isə çıxışında deyib ki, Naxçıvan Dövlət Universitetində təhsilin beynəlmilləşməsi istiqamətində islahatların aparılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması, dünyanın bir sıra aparıcı universitetləri ilə ikili diplom proqramları üzrə kadr hazırlığının həyata keçirilməsi yönündə ciddi addımlar atılıb. Eyni zamanda, tədris prosesinin təkmilləşdirilməsi, bu işdə yeni metod və texnologiyaların tətbiqi, NDU-nun dünyanın məhşur reytinq siyahılarında yüksək göstəricilərə malik ali təhsil müəssisələri arasında yer alması universitetdə oxumaq istəyən əcnəbi tələbələrin sayının artmasına səbəb olub. Vurğulanıb ki, muxtar respublikaya təhsil almaq üçün gələn tələbələr, həmçinin ölkədə müvəqqəti yaşamaq hüququna malik olurlar. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər də tətbiq olunur.
Sonra universitetdə əcnəbi tələbələrlə bağlı keçirilən tədbirlərin videoçarxı nümayiş olunub.
Sonda əcnəbi tələbələrin sualları cavablandırılıb.
|
|
13.10.2023 | 10:46 | |
|
|
|