“BSU 2030” Strateji İnkişaf Proqramı | |
Bakı Slavyan Universiteti ölkəmizin özünəməxsus ənənələrə malik ali təhsil müəssisələrindən biridir. Bu ali təhsil müəssisəsi öz pedaqoji və elmi potensialı ilə daima seçilib, hazırda cənubi Qafqaz regionunda slavistika üzrə aparıcı ali məktəb kimi tanınmaqdadır. Ulu Öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixində imzaladığı Fərman ilə keçmiş Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunun bazasında profili genişləndirilərək yaradılan Bakı Slavyan Universiteti bir sıra slavyan dillərinin tədrisi üzrə regionda yeganə ali təhsil müəssisəsi olaraq kadr hazırlığını həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali təhsilin və elmin inkişafına göstərdiyi böyük dəstəyin və qayğının nəticəsidir ki, digər ali təhsil müəssisələri kimi, Bakı Slavyan Universitetinin də davamlı inkişafı üçün geniş imkanlar mövcuddur. Ali təhsilin və elmin inkişafını hədəfləyən dövlət strategiyaları və proqramları XXI əsrdə yüksək potensiallı, əmək bazarının tələblərinə uyğun və səriştəəsaslı kadr hazırlığı prosesinin təşkilində mühüm baza rolunu oynayır.
Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” kimi strateji sənədlər ali təhsil müəssisələrinin qarşısında həlli zəruri olan vəzifələr qoyur və bununla da kadr hazırlığı prosesini iqtisadiyyatın və cəmiyyətin inkişafına, eləcə də ölkəmizin beynəlxalq inkişaf səviyyəsinə uyğunlaşdırmaq məqsədilə əmək bazarının və sənayenin tələbləri əsasında səriştəəsaslı kadr hazırlığının aparılması, rəqabətədavamlı və beynəlxalq tələblərə cavab verən təlim mühitinin formalaşdırılması tələb olunur. Dövlətimiz tərəfindən yaradılmış bu imkanlar bütün digər ali təhsil müəssisələri kimi, Bakı Slavyan Universitetinin də gələcək inkişafının əsasını təşkil edir, qarşıya qoyulmuş tələblərə uyğun fəaliyyətin təşkili istiqamətində vəzifələr müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasından sonra yaranmış yeni reallıqlar kontekstində və əzəli ərazilərimizə “Böyük Qayıdış” fonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalar da daxil olmaqla bütün sahələrdə işləyəcək gələcək yüksəkixtisaslı kadrların hazırlanması sahəsində də ali təhsil müəssisələrinin, o cümlədən Bakı Slavyan Universitetinin üzərinə mühüm vəzifələr düşür.
Hazırda Bakı Slavyan Universitetində 600 nəfərdən çox peşəkar mütəxəssis 5000-ə yaxın təhsilalanın müxtəlif ixtisaslar üzrə, o cümlədən müxtəlif slavyan dillərinin və digər dillərin öyrənilməsi vasitəsilə kadr hazırlığı həyata keçirilir. Universitetin nüfuzu burada təklif edilən təhsil proqramlarına olan marağı ilbəil artırır. Təkcə 2023-2024-cü tədris ili üzrə universitetdə təklif edilən 15 ixtisas və 44 ixtisaslaşma üzrə 1318 gənc bakalavriatura səviyyəsinin birinci ilində təhsil almağa başlayıb. Bu rəqəm universitet tarixində tələbə qəbulunun ən yüksək nəticəsidir. İlk dəfə olaraq 2021-2022-ci tədris ilində BSU-da tələbə qəbulunun 1000 nəfər və daha çox dinamikasına nail olunub, bu rəqəm 2021-2022 və 2022-2023-cü tədris illərində müvafiq olaraq 1000 və 1108 nəfər təşkil edib. Magistraturaya isə 2023-cü ildə 130 nəfər qəbul edilib ki, bu rəqəm də beş il əvvəllə müqayisədə 27 nəfər artıb, 112 nəfər olub. Başqa sözlə, qəbul üzrə statistikamız yüksələn xətlə inkişaf edir. Cari tədris ilində universitet üzrə qəbulun nəticələri ötən illə müqayisədə 210 nəfər (qeydiyyatdan keçmiş tələbələrin sayı) və ya ümumi olaraq 20%-dək çox təşkil edib ki, bu da qarşımızda daha böyük idarəetmə və təhsilin təşkili hədəflərini müəyyən edir.
Bakı Slavyan Universitetinin Elmi Şurası 2021-ci ilin oktyabr ayında universitetin 2022-2025-ci illər üzrə strateji inkişaf hədəflərini müəyyən edib. Bu hədəflər təhsil, tədqiqat va idarəetmənin tələbəyönümlü, səriştəəsaslı və səmərəli təşkilini əsas götürür. Universitetin dəyərləri və gələcəyə baxışı yüksəkixtisaslı kadr hazırlığında peşəkarlıq, tədqiqat və akademik etika və dürüstlük, Avropa ali təhsil məkanının tələblərinə uyğunlaşmaq istəyi, millilik və dövlətçilik dəyərlərinə sadiqlik əsasında formalaşıb. Qeyd olunan strateji hədəflərin bazasında 2023-cü ilin sentyabrında Bakı Slavyan Universitetinin 2023-2030-cu illəri əhatə edən “BSU 2030” Strateji İnkişaf Planı təsdiq edilib. “BSU 2030” universitetin dəyərləri, missiyası və gələcəyə baxışını aydın müəyyən edən və ölçülə bilən fəaliyyətləri ehtiva edəcək idarəetmə fəlsəfəsi və idarəetmənin konseptual sənədidir. “BSU 2030” üç mühüm hissədən ibarət olmaqla universitetdə təhsil və öyrənmə, tədqiqat və resursların səmərəli və şəffaf idarəetmə mexanizmlərinin kompleks icrasını nəzərdə tutur.
Cəmiyyətin tələbləri, milli və bəşəri dəyərlər nəzərə alınmaqla, hər kəsə əlçatan və keyfiyyətli öyrənmə və tədqiqat prosesinin həyata keçirilməsi missiyasını daşıyan “BSU 2030” Strateji İnkişaf Proqramı Bakı Slavyan Universitetinin 2030-cu ildə universitetin profilinə uyğun olaraq dillərin öyrənilməsi, tədqiqatı və bu sahədə pedaqoji kadrların hazırlanması üzrə Avropanın ən aparıcı universitetlərindən birinə çevrilmək, həmçinin Azərbaycanın ali təhsil və tədqiqat məkanında yüksək rəqabətədavamlı və arzuolunan iş (çalışma) məkanlarından biri olmaq məqsədini daşıyır.
“BSU 2030” Strateji İnkişaf Sənədi ali təhsil proqramlarının məzmun inkişafını, BSU-da təklif edilən ixtisasların universitetin profilinə uyğun əhatəsinin genişləndirilməsini nəzərdə tutur. İxtisaslar və tədqiqat sahələri üzrə şaxələndirmə ali təhsilin hər üç səviyyəsini əhatə edir. Bu zaman əsas üstünlük BSU-nun pedaqoji və dillərin öyrənilməsi mərkəzi olmaqla rolunun qorunması və daha da inkişaf etdirilməsinə verilir. Öyrənmə prosesinin bilinqual va interdisiplinarlıq elementləri mühüm alətlərdən hesab edilir. “BSU 2030” çərçivəsində ali məktəbin slavyan dilləri və digər dillərin öyrənilməsi və tədqiqatı üzrə mühüm mükəmməllik mərkəzinə çevrilməsi əsas məqsədlərdəndir. Bu müddət ərzində, əmək bazarının sürətli və dəyişən tələbləri fonunda, BSU çevik və yerində öyrənməni təmin edə biləcək peşəkar inkişaf mərkəzi rolunu da uğurla icra edəcəkdir.
“BSU 2030” SİP-nin bütün hədəflərinin bərabər imkanlar və əlçatanlıq şəraitində, istər təhsilalanlar, istərsə də təhsilverənlərin fərdi inkişafı və öyrənməsi kontekstində baş verməklə, BSU və onun bütün maraq qruplarının iştirakını təmin edəcəkdir. “BSU 2030” SİP-nin yekununda BSU-da həyata keçirilən tədris prosesinin tamamilə inklüziv təhsil və öyrənmənin tələblərinə uyğun şəkildə həyata keçirilməsi nəzərədə tutulur. İdarəetmə, tədris, tədqiqat və bütün digər fəaliyyətlərin müasir tələblərə uyğun şəkildə rəqəmsallaşmış, beynəlxalq keyfiyyət göstəricilərinə uyğun təşkili hədəflənir.
Ömürboyu öyrənmə konsepsiyası strategiyamızın əsasını təşkil edir. Ömürboyu təhsil üzrə Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ-nin) 6,7 və 8-ci səviyyələri ilə yanaşı, AzMKÇ-nin 5-ci səviyyəsində də təlimin və tədrisin təşkili üzrə mexanizmlərin yaradılması və icrası nəzərdə tutulur.
“BSU 2030” Strateji İnkişaf Proqramı təhsil və tədqiqatın təşkilinin geniş məsələlərini əhatə etməklə, müasir dövrün tələblərinə uyğun çevik idarəetmə sisteminə malik, keyfiyyətli təhsil və təlim mühiti ilə fərqlənən ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyir. Yüksəkixtisaslı kadr hazırlığı, o cümlədən əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun olaraq ali təhsil proqramlarının və müvafiq təlim nəticələrinin çevik şəkildə yenilənən məzmunu əsasında təhsilin təşkili mühüm zərurətdir. Bakı Slavyan Universitetinin fəaliyyətinin kökündə duran dəyərlər sırasında öyrənmədə və tədqiqatda bərabər imkanlar və əlçatanlıq asasında tələbəəsaslı öyrənmənin təşkili əsas iş prinsipidir.
Səriştəəsaslı təhsil, daxili keyfiyyət sistemi və təhsil prosesinin rəqəmsallaşması
Səriştəəsaslı təhsil proqramlarının tətbiqi müasir kadr hazırlığı prosesinin mühüm elementidir. Bütün təhsil proqramları üzrə bilik və bacarıqların öyrənilməsinə xidmət etməlidir. Universitetdə kadr hazırlığı həyata keçirilən təhsil proqramlarının əmək bazarı və cəmiyyətin müvafiq peşələrə olan tələblərinin təlim nəticələrində öz əksini tapması təmin edilməli, təhsilalanların nəyi bilib və bacarmasına dair ixtisasın tələbləri aydın müəyyənləşdirilməlidir.
Universitetin bütün strukturları üzrə keyfiyyət mədəniyyətinin formalaşdırılması, eləcə də daxili keyfiyyət sisteminin qurulması istiqamətindəki fəaliyyətlər əsas hədəflərdəndir. BSU-da təhsil və öyrənmə prosesinin daxili və xarici keyfiyyətin təminatı mexanizmləri vasitəsilə təmin edilməsi, resursların, bacarıqların və idarəetmənin keyfiyyət idarəetməsinə, akademik dürüstlük və şəffaflıq meyarlarına uyğun inkişaf etdirilməsi fəaliyyətimizin əsas hissəsini təşkil edir. Təhsildə keyfiyyət mexanizminin qurulması və monitorinqi məqsədilə 2023-2024-cü illər üzrə fəaliyyət planına uyğun olaraq Rəqəmsallaşma və Keyfiyyətin Təminatı Mərkəzi yaradılıb.
Daxili və xarici keyfiyyət standartları əsasında həyata keçirilən təhsil prosesi, idarəetmə, biliyin qiymətləndirilməsi, resurslar və onlara əlçatanlığın təmin olunması kimi məsələlərin rəqəmsal tətbiqlər üzərindən həyata keçirilməsi vacibdir. Tədris və öyrənmə prosesinin rəqəmsal tətbiqlər üzərindən qurulması SİP-nin və Bakı Slavyan Universitetində təhsil prosesinin rəqəmsallaşması üzrə siyasət sənədinin tələbləri əsasında reallaşdırılacaqdır.
Ömürboyu öyrənmə, inklüziv təhsil və təhsildə inklüzivlik
XXI əsrdə öyrənmə artıq hər hansı bir təhsil proqramının normativ müddəti ərzində baş tutan proses olmadığı üçün ali təhsil müəssisələrinin fəaliyyətinin təşkili ömürboyu öyrənmə və fasiləsiz təhsil imkanlarının yaradılması əsasında həyata keçirilməlidir. Ömürboyu öyrənmə Bakı Slavyan Universitetinin vizyonu və dəyərləri kontekstində əsas çərçivələrdən birini müəyyən edir. İstər təhsilalanlar, istər məzunlar, istərsə də əməkdaşlar və digər maraqlı tərəflər üçün ixtisaslar və daha geniş kontekstdə bilik və bacarıqların verilməsi imkanlarını nəzərdə tutur. Universitetin Yüksək Təhsil Mərkəzi və Karyera xidməti şöbəsində müvafiq bacarıqlar üzrə peşəkar və innovativ inkişaf layihələrinin icrası nəzərdə tutulub. Qeyd etmək yerinə düşər ki, cari tədris ilindən etibarən təhsilalanları hədəfləyən iki layihəyə, “Sahibkarlıq bacarıqlarının tətbiqi vasitəsi ilə BSU-da innovativ ekosistemin qurulması” və “Qlobal təhsilin çağırışları: dünya standartları üçün müəllimlər” layihələrinə start verilir.
Artıq ikinci ildir ki, Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (BSU İTİC) adlı layihə həyata keçiririk. Layihənin məqsədi ali təhsil müəssisəsi olaraq inklüziv təhsilin təşkili üzrə üzərimizə düşən funksiyaların icrasından ibarətdir. Ötən dövr ərzində inklüziv təhsilin təşkili məsələləri “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı konfransda (aprel, 2022), eləcə də regional təhsil idarələrinin nümayəndələri və təhsil işçilərinin iştirakı ilə “İnklüzivliyə doğru növbəti addım" adlı dörd regional “dəyirmi masa”da (aprel-iyun, 2023) müzakirə edilib. Növbəti böyük şəbəkələşmə konfransına hazırlıq prosesləri yekunlaşmaq üzrədir. “BSU 2030” SİP-nin yekununda bütün təhsil proqramlarımızda inklüziv təhsilin təşkili tələblərin nəzərə alınması, universitetimizin inklüziv təhsilalma və iş (çalışma) məkanına çevrilməsi hədəflənir.
Təhsilin məzmunu və beynəlmiləlləşməsi
Təhsil və öyrənmə prosesinin yuxarıda qeyd edilən mühüm hədəfləri müvafiq məzmunun yaradılması, bu məzmunun əmək bazarı, elm və cəmiyyətin tələblərinə uyğun olaraq çevik şəkildə yenilənməsi, eləcə də müvafiq resursların yaradılması və əlçatanlığı olmadan mümkün deyildir. Bununla yanaşı, tədris prosesinin ali təhsil müəssisəsində aparılan tədqiqatla əlaqələndirilməsi, ikincinin məzmun yaratma prosesi ilə sıx əlaqəliliyi də mühüm faktorlardandır.
Təhsilin beynəlmiləlləşməsi, beynəlxalq təhsil proqramlarının, müxtəlif ikili diplom, bilinqual təhsil proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə akademik, tədqiqatçı və tələbə mübadilələrinin sayı sürətlə artırılmalı, universitetdə təhsil alan əcnəbi tələbələrin nisbəti yüksəldilməlidir. Qeyd etmək yerinə düşər ki, artıq BSU-da çalışan əcnəbi müəllimlərin sayı artmağa, əcnəbi tələbələrin coğrafi arealı genişlənərək Cənubi Koreyadan İsveçrəyədək daha geniş məkanı əhatə etməyə başlamışdır. Universitet bu sahədə olan işlərini daha da genişləndirməyi, 2030-cu ilə qədər təhsil alan əcnəbi tələbələrin sayının ümumi universitet üzrə olan tələbələrin sayının 2%-dən 15%-ə çatdırılmasını hədəfləyir.
Tədqiqat, biliyin innovasiyaya çevrilməsi və innovasiya ekosistemi
BSU-da tədqiqatın akademik və elm sahələrinin ehtiyacları üzərindən təşkili, elmi jurnalların beynəlxalq standartlara uyğun yenidən təşkilinin həyata keçirilməsi planlaşdırılır. Tədqiqat nəticələrinin və tədqiqatçıların beynəlxalq əlçatanlığının və əhatəliliyinin genişləndirilməsi, müxtəlif innovasiya və açıq məkanlara çıxışların təmin edilməsi, kitabxana fəaliyyətinin rəqəmsal tətbiqlər əsasında təşkili zəruridir. Elmi tədqiqatların dəstəklənməsi və rəqabətli maliyyələşməsi mexanizminin yaradılması mühüm hədəfləri müəyyən edir.
“BSU 2030” SİP-nin digər prioritet hədəflərindən biri isə gənc tədqiqatçıların dəstəklənməsi vasitəsilə “elmin gəncləşməsini” təmin etmək və tədqiqat nəticələrinin kommersiyalaşması istiqamətindəki fəaliyyətlərdən ibarətdir.
Universitetdə bilik yaratma prosesi innovativ bacarıqların qazanılması ilə paralel aparılmalıdır. Qeyd edildiyi kimi, Yüksək Təhsil Mərkəzi BSU-da sahibkarlıq bacarıqlarının tətbiqi vasitəsilə innovativ ekosistemin qurulması layihəsini təqdim edib. BSU-da universitet innovasiya ekosisteminin yaradılması, burada yarana biləcək başlanğıc ideyaların startap layihələrə çevrilməsi və universitetin gələcəkdə tərcümə, dillərin öyrənilməsi, inklüziv təhsilin tətbiqi, jurnalistika və s. üzrə müxtəlif innovativ tətbiqləri əhatə edəcək potensial layihələrin akselerasiya məkanına çevrilməsi prioritet məsələlərdəndir.
Tədqiqat nəticələrinin səmərəliliyi və beynəlmiləlləşməsi
Tədqiqatın beynəlmiləlləşməsi və əhatililiyi məsələsi “BSU 2030” SİP-nin mühüm məqsədlərindən birini təşkil edir. Bu məqsədlə müxtəlif beynəlxalq layihələrdə, o cümlədən regional və Avropa tədqiqat layihələrində iştirak zəruridir. Tədqiqatçıların beynəlxalq elmimetrik bazalarda nəşrinin stimullaşdırılması və beynalxalq impakt-faktorlu jurnallarda məqalə sayının artırılması vasitəsilə tədqiqat nəticələrinin daha geniş auditoriyalara çatdırılması, BSU tədqiqatçılarının istinad səviyyəsinin yüksəldilməsi kimi nəticələr universitetin beynəlxalq imici, keyfiyyətin təminatı, beynəlxalq reytinq sıralamalarında yeri və tədqiqatların beynəlmiləlləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədqiqat prosesi yalnız akademik prosesə deyil, eləcə də ali təhsil müəssisəsinin səmərəli idarə olunmasına, həmçinin cəmiyyətin inkişafında mühüm vasitədir. Bu baxımdan idarəetmənin şəffaflığı və səmərəliliyi, eləcə də yerli icma və digər maraqlı tərəfdaşların inkişafı baxımından tədqiqat nəticələrinin kommersiyalaşa bilən və tətbiqi xarakterli olması mühüm əhəmiyyət daşıyır. Başqa sözlə, tədqiqat nəticələrinin yalnız bilik və elm yaratma proseslərində deyil, eləcə də idarəetmənin səmərəliliyinin kökündə durduğuna inanır və fəaliyyətimizi müvafiq qaydada qurmağı planlayırıq.
İnsan resursları
“BSU 2030” SİP-ın digər mühüm sütunu olan Resursların inkişafı hissəsi insan resurslarının, eləcə də digər resursların inkişafı və yaradılması vasitəsilə BSU-nun inkişafını təmin etməyi hədəfləyir.
İnsan resursları siyasəti universitetin rəqabətədavamlı ali təhsil müəssisəsinə çevrilməsinin qarantı olacaq yüksəkixtisaslı kadrların davamlı inkişafı, eləcə də ölkə üzrə aparıcı mütəxəssislərin BSU-da fəaliyyətə cəlb edilməsindən ibarətdir. BSU-nun ölkənin ali təhsil sistemi daxilində ən arzuolunan iş (çalışma) məkanlarından birinə çevrilməsi qarşıda duran mühüm prioritetlərdəndir.
BSU-nun insan resursları siyasətinin kökündə universitetin professor-müəllim heyətinin peşəkar inkişafı məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi, onların peşə və yumşaq bacarıqlarının davamlı inkişafı üçün addımların atılması planlaşdırılır. Müəllimlərin inkişafı və beynəlxalq mobilliyi, BSU-nun professor-müəllim heyətinin tərkibinin əcnəbi müəllimlərin hesabına daha da genişləndirilməsi, tədris ili müddətində fəaliyyət göstərən əcnəbi müəllimlərin müxtəlif mübadilə proqramları və layihələr vasitəsilə çəkisinin artırılması hədəflənir.
Təlim mühiti və rəqəmsal BSU
Təhsil proqramlarının və səriştəəsaslı tədrisin təşkilinin tələblərinə uyğun olaraq maddi-texniki bazanın, təlim mühiti və öyrənməyə xidmət edən infrastrukturların, o cümlədən İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi təmin ediləcəkdir. BSU-nun tələbə əlçatanlığı, məmnunluğu və beynəlmiləlləşməsi məqsədilə müasir tələblərə uyğun fəaliyyətlər təşkil ediləcəkdir.
BSU-nun rəqəmsallaşması strategiyasının tələblərinə uyğun olaraq maddi-texniki bazanın uyğunlaşdırılması, infrastrukturun müvafiq tələblər əsasında inkişaf etdirilməsi həyata keçiriləcək. Bütün əməkdaşlar və təhsilalanların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi sayəsində tədris və idarəetmə prosesində İKT-nin tətbiqi təmin ediləcək. Bu müddət ərzində “Rəqəmsal BSU” layihəsinin müvafiq mərhələsi uğurla yekunlaşacaqdır.
Yuxarıda qeyd olunan məsələlər Bakı Slavyan Universitetinin qarşıdakı illər üçün müəyyən etdiyi hədəflərdir. Dövrlər üzrə həyata keçirilən illik fəaliyyət planları qarşıda duran vəzifələrin icrasını təmin edəcəkdir. Bu məqsədlə, oktyabr 2023 dekabr 2024-cü illəri əhatə edən fəaliyyət planı BSU Elmi Şurasında təsdiq edilib. Əvvəldə qeyd edildiyi kimi, məqsədimiz slavyan və digər dillərin öyrənilməsi və bu istiqamətdə pedaqoji kadr hazırlığında rəqabətədavamlı ali təhsil müəssisəsi olaraq, Avropanın aparıcı universitetləri sırasında yer almaqdan ibarətdir.
Anar NAĞIYEV, Bakı Slavyan Universitetinin rektoru
|
|
13.10.2023 | 10:43 | |
|
|
|