QIZLAR TƏHSİL ALSIN Kİ...

Fəridə Əkbəri 621 balla Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə ingiliscə təhsil alır. O, Zaqatala rayonunun Sümayli kəndindəndir. Ailədə 4 uşaqdırlar və Fəridə son beşikdir: “Məndən böyük qardaşım həqiqi hərbi xidmətdən yeni qayıdıb. Digər qardaşım Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura səviyyəsində təhsil alır. Bacım isə Bakı Mühəndislik Universitetində Sənaye mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsidir”.

 

Fəridə deyir, o da qardaşı kimi magistraturada oxuyacaq, özü də xaricdə: “Xaricdə magistratura təhsili aldıqdan sonra qayıdıb ölkəmizdə müvafiq vəzifələrdə çalışmaq istəyirəm”.

 

Telefonuna gələn ismarıcla öyrənib ki, artıq  təqaüdçüdür: “Təqaüd anidən gəldi həyatıma. Hələ bu vəsaitlə bağlı plan qurmamışam. Hər halda təhsilimə, özümü inkişaf etdirməyə, xarici dil biliyimi artırmağa yönəldəcəyəm”.

 

Söhbət “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı 2023”-dən gedir. Fəridə Əkbərinin də daxil edildiyi 54 nəfərlik təqaüdçülər siyahısında müxtəlif universitetlərdə təhsil alan aztəminatlı ailələrdən olan qızlar var.

 

Təqaüd proqramının təqdimatında

 

Oktyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”-ün təqdimatı keçirilib. Mərasimdə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, millət vəkilləri Bəxtiyar Əliyev və Ceyhun Məmmədov iştirak ediblər.

 

Birgə əməkdaşlığın uğurlu nəticəsi

 

“Bu əhəmiyyətli layihə gələcəyin qurucuları kimi qalib Azərbaycan gənclərinin, savadlı, bilikli, hüquqlarını və öhdəliklərini bilən şəxsiyyət kimi formalaşmasına töhfə verir”, - deyən Bahar Muradova qızların təhsilinə dəstək çağırışına ilk olaraq qadın sahibkarların səs verdiyini, daha sonra bu sıraya digər iş adamları, qurumlar, müxtəlif təşkilat və birliklərin qoşulduğunu və artıq bu istiqamətdə sistemli bir iş görüldüyünü söyləyib.

 

B.Muradova ölkəmizin ən şərəfli və qürurlu anlarının yaşandığını, dünyada hələ də münaqişələrin baş verdiyi çətin bir zamanda Azərbaycanın regionda sülhə nail olmağı bacardığını qeyd edib. İndi isə işğaldan azad olunan ərazilərə qayıdacaq gənclərin savadlı və peşəkar olmaları, ölkəmizin hər bir guşəsinə inkişaf və çiçəklənmə apara bilmələri üçün çalışmalıyıq. Onun sözlərinə görə, ötən il Dövlət Komitəsi ilə Elm və Təhsil Nazirliyi arasında imzalanan niyyət protokolu, Təhsilin İnkişafı Fondu ilə imzalanan fəaliyyət planı əsasında qurulan əməkdaşlığın davamı kimi şəffaf, açıq və nəticəyönümlü işlər görülür. Komitə sədri cəmiyyətə çağırış edərək, hamını bu layihəyə qoşulmağa dəvət edib.

 

“Çalışmalıyıq ki, daha çox qız, daha çox qadın təhsil alsın”

 

Elm və təhsil naziri Emin Əmrullayev bir çox sahədə olduğu kimi, qadınların təhsil alması məsələsində də ilkə imza atan ölkə kimi Azərbaycanın istər Şərq, istərsə də müsəlman ölkələri sırasında xüsusi yer tutduğunu bildirib.  “Şərti olaraq son 100 ildən bir az artıq müddəti götürsək, bu dövrdə qadının Azərbaycan təhsili, Azərbaycan cəmiyyəti, mədəniyyəti, Azərbaycan ictimai, siyasi, sosial həyatındakı rolu köklü şəkildə dəyişib. Ancaq bu dəyişiklik fonunda xalqın dəyər təşkil edən  formulasının dəyişməməsi çox vacib məsələdir. İnkişaf prosesində milli kimliyimizi saxlamışıq. Belə dövlətlər, belə cəmiyyətlər çox azdır ki, insanlar dini inancını, milli kimliyini saxlamaqla həm də müasirliyə doğru ciddi və əsaslı addımlar ata bilirlər” - deyən nazir maarifçilik və xeyriyyəçilik ənənələrimizə diqqət çəkib, Şərqdə ilk qızlar məktəbinin ölkəmizdə fəaliyyətə başlamasını xalqımız üçün böyük dəyərlərdən biri kimi qiymətləndirib.

 

E.Əmrullayev qızların təhsilə cəlb edilməsi və bu prosesə dəstək göstərilməsinin prioritet vəzifələrdən olduğunu vurğulayıb, qadınların təhsilli, geniş dünyagörüşlü olmasının gələcəyimizə təsir edəcəyini, gələcək nəslin tərbiyə və təhsilinin formalaşmasına səbəb olacağını bildirib: “Bir qızın təhsilindən danışırıqsa, bir ailənin təhsilindən, bir nəslin təhsilindən danışırıq. Anaların təhsili uşaqların oxu bacarıqlarına, riyazi bacarıqlarına müsbət təsir edən olduqca vacib amildir. Ona görə çalışmalıyıq ki, daha çox qız, daha çox qadın təhsil alsın”.

 

Təqaüd proqramlarının əhəmiyyətindən söz açan nazir bildirib ki, bu proqramın şəffaflaşması və institutlaşması vacib məsələlərdəndir. O, layihənin qızların təhsilinə, gələcək inkişafına töhfə baxımından vacib və simvolik rol oynadığını qeyd edib: “Azərbaycanda gənclərin təhsilinə dəstək məqsədilə yaradılan ümumilikdə 100 təqaüd belə yoxdur. Halbuki əcnəbi universitetlərin hər birində bir neçə yüz təqaüd proqramı var. Başqalarına kömək etmək istəyən biri bunu ali təhsil müəssisələri vasitəsilə edir və vəsaitin bir adama yox, bir neçə adama getməsinə nail olur. Universitetlər həmin vəsaitin bölünməsini, daha ədalətli, daha rəqabətli olmasını təmin edir.  Bu mədəniyyət bizim üçün vacib dəyişiklikdir və bundan sonra daha çox adlı təqaüd görəcəyik”.

 

Bu ənənənin davamlı olmasına ümid edən nazir adlı təqaüd alan gənclərin bunun bəxş etdiyi qüruru unutmayacağına əmindir: “Bu təqaüd nailiyyətlərinə görə fərqlənən xanımlara təqdim edilir. Bu gün tələbəsinizsə, 10-15 il sonra ixtisasınız üzrə peşəkar fəaliyyətdən qazanc və gəlir əldə edən peşəkarlara çevriləcəksiniz. Əminəm ki, hər biriniz 2-3 insanın daha yaxşı təhsil alması üçün əlinizdə olan imkanlardan istifadə edəcəksiniz”.

 

Qızlara göstərilən dəstək cəmiyyətin dayanıqlı inkişafının əsasıdır

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bu il üçün təqaüd alan gəncləri təbrik edərək, növbəti illərdə sayın daha da artacağına ümidini ifadə edib. Bu gözəl təşəbbüsə bütün təşkilatların, sahibkarların qoşulması, dəstək göstərənlərin sayının artması çox  önəmlidir. Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən söz açan millət vəkili, bu layihələr çərçivəsində gənclərin dövlət qayğısı ilə əhatə olunduğunu söyləyib. B.Əliyev qadınlara Avropada ilk seçim haqqı verən ölkə kimi, tarixən Azərbaycanda qadınların cəmiyyətdə aparıcı rola malik olduğunu diqqətə çatdırıb, bu gün qızlara göstərilən dəstəyin cəmiyyətin dayanıqlı inkişafının əsası olduğunu qeyd edib.

 

Nailiyyətləri ilə seçilənlərə təqaüd

 

“Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı”nın bir ilinin tamam olduğunu vurğulayan Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqaüd alan qızların əksəriyyətinin yüksək bal topladıqlarını bildirib. Bu layihə çərçivəsində ötən il həyata keçirilən fəaliyyətə diqqət çəkib. Ötən il  BDU, ADPU, ATU və başqa ali təhsil müəssisələrinə 600-dən yuxarı balla qəbul olunublar: “Layihə çərçivəsində gənclərə,  sadəcə təqaüd verilmir, həm də onların bacarıqlarının inkişafı, şəxsi və peşəkar inkişafları, karyera planlamaları və başqa sahələrdə davamlı təlimlər keçirilir. Ötən il layihəyə cəlb edilən 25 qızdan biri, Bakı Dövlət Universitetinin tələbəsi Təhsilin İnkişafı Fondunda hüquq sahəsi üzrə təcrübə keçir”.

 

E.Nəsibov Fondun bugünədək həyata keçirdiyi layihələrdən, təqaüd proqramlarından söz açaraq bu sahədə əməkdaşlıqların genişləndirildiyini, yeni qurum və təşkilatların bu işə cəlb olunduğunu vurğulayıb: “Qızlarımızın təhsili çox vacibdir, çünki bu, həm iqtisadiyyatımıza, həm sosial həyatımıza, həm də təhsilimizə və digər sahələrə müsbət təsir edən amildir. Ona görə hamını bu sahədə əməkdaşlığa dəvət edirik”.

 

Təqaüdçülər arasında Vətən müharibəsinin şəhid qəhrəmanlarının ailə üzvləri var

 

Təqdimat mərasimində layihəyə dəstək göstərən təşkilatların təşəbbüskarlığı qiymətləndirilib. “BP”, “Neqsol Holding”, “İnci Group” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürnamələr, dəstək göstəriləcək 54 tələbəyə isə sertifikatlar təqdim edilib.

 

Həmin 54 tələbə arasında şəhid ailələrinin üzvləri də var. Onlar 4 nəfərdir: şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli (Xəzər Universiteti, Təsviri incəsənət müəllimliyi), şəhid çavuş Rahib Fətəliyevin qızı Tavat Fətəliyeva  (Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialı, Riyaziyyat müəllimliyi), şəhid baş leytenant Orxan Əsgərovun qızı Aysu Əsgərli (Bursa Uludağ Universiteti Diş həkimliyi) və şəhid əsgər Elçin Süleymanovun həyat yoldaşı Aminə Ələkbərova (Bakı Dövlət Universiteti, menecment).

 

Şəhid Elçin Süleymanovun həyat yoldaşı Aminə Ələkbərova bu təqaüdün 6 yaşlı qızı ilə həyatına dəstək olacağını deyir: “Çox ağrılı-acılı günlər yaşadıq. Amma qızım üçün ayaqda durmalıydım”.

 

1999-cu ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olan tələbə uşaqlıqdan bəri oxumağa olan böyük həvəsindən danışıb: “Məktəbi bitirəndə ailəm icazə vermədi oxumağıma. 2017-ci ildə 18 yaşımda olarkən ailə qurdum. Elçin də bilirdi oxumağı çox sevdiyimi. Amma ailə qurduqdan sonra bu barədə heç danışmamışdıq. Oxumağı çox arzulamışdım. Təbii ki, bu arzum başqa şəraitdə reallaşsa, Elçin yanımda olsaydı, daha çox ürəyimcə olardı, amma olmadı. Ağır günlərdən azca başım açılan kimi, oxumaqdan başqa yolum olmadığını, bu xəyalımı gerçəkləşdirməyin vaxtı çatdığını anladım. Şəhid ailəsinin üzvü kimi iş təklif olunurdu, amma mən oxumaq xəyalımı gerçəkləşdirməyə qərar verdim. 2 il balaca qızımla hazırlaşdım. Çox çətin idi, qızım oxumağa qoymurdu. Çətinliyə baxmayaraq, 267 balla BDU-nun menecment fakültəsinə qəbul olundum. Universiteti bitirib işləmək və 6 yaşlı qızımla gözəl günlər yaşamaq diləyi ilə ağır illərimizi geridə qoymağa tələsirəm”.

 

Təhsil aldığı ixtisas üzrə yaxşı mütəxəssis, işinin peşəkarı olmaq istəyir Aminə xanım: “Özüm də bilmədim bu təqaüdə necə düşdüm. Gecə zəng edib universitetə neçə balla qəbul olunduğumu soruşdular. Sonra dedilər ki, məni də bu təqaüdə salacaqlar. Yalnız onda bildim ki, belə bir təqaüd var və mən də bu təqaüdü alacağam”.

 

Ruhiyyə DAŞSALAHLI

 



13.10.2023 | 09:46