Uşaqlardan maraqlı tamaşa sərgi kompozisiyası

Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində müvəqqəti məskunlaşan uşaqlar Beynəlxalq Qızlar Günü münasibətilə "Kaman səsi" tamaşa sərgi kompozisiyası təqdim ediblər.

 

Tamaşa "Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

 

Kompozisiyanın əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və müxtəlif növ zorakılığa məruz qalan uşaqların incəsənətə maraqlarının artırılması, potensiallarının ortaya çıxarılması, onların bilik və bacarıqlarına uyğun istiqamətlərə yönəlməsinin və təhsil almalarının əhəmiyyətli olmasını vurğulamaqdan ibarətdir.

 

Tədbirdə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin baçısının müavini Sevinc Süleymanova, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və digər müvafiq qurumların nümayəndələri iştirak edib.

 

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə qonaqları salamlayıb və  kompozisiya barədə ətraflı məlumat verib. Kompozisiya məişət zorakılığına düçar olmuş qızlar, gənclər və yeniyetmələrin öz səsini valideynlərə, ailələrə və cəmiyyətə çatdırması üçün ciddi mesajdır.  

 

Mehriban Vəliyeva qızların nümayiş etdirdikləri tamaşanın bu kateqoriyadan olan uşaqların səsini duyurmaq baxımından əhəmiyyətliliyinə toxunub, yaradıcı fəaliyyətlərin uşaqların öyrənmə marağını daha da artırdığını vurğulayıb.

 

Tamaşanın yekununda iştirakçı qızlar sertifikatlar və hədiyyələrlə təltif edilib.

 

 



12.10.2023 | 13:15