Rektor qalib tələbələrlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudov "Azərkosmos" ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə tələbələr arasında keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsinin “Ən yaxşı mühəndislik həlli” nominasiyası üzrə qalibi “Dragon of Space” komandasının üzvləri ilə görüşüb. 

 

Qalib tələbələri təbrik edən professor Xalıq Yahudov bildirib ki, "CanSat Azərbaycan 2018" müsabiqəsi milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazda ilk peyki olan Azərbaycan dövlətinin kosmik sənayenin inkişaf etdirilməsi yönümündə apardığı siyasətə diqqət çəkən rektor əvəzi qeyd edib ki, tələbələrin tədqiqatlarının dərinləşdirilməsi istiqamətində universitet olaraq hər cür köməklik göstəriləcək. Professor Xalıq Yahudov bildirib ki, komanda üzvlərinə qazandıqları müvəffəqiyyətə görə universitet tərəfindən mükafat da təqdim olunacaq. 

 

Daha sonra komanda üzvləri ümumilikdə müsabiqə, komandalar arası yarışların detalları, həmçinin layihələrlə bağlı gələcək planları haqqında  ətraflı məlumat veriblər.

 

Qeyd edək ki, “Dragon of Space” komandası 11 universitetin tələbələrindən təşkil olunan 31 komanda arasından seçilərək ilk 10-luğa düşüb. Müsabiqədə əsasən mexanika və kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və sair texniki ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər. 



16.10.2018 | 17:10