Sumqayıt Dövlət Universitetində “Horizon Avropa” layihəsi barədə infosessiya | |
Sumqayıt Dövlət Universitetində (SDU) gənc tədqiqatçılar üçün Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Proqramı olan “Horizon Avropa” üzrə təlimlər keçirilib.
Universitetin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə baş tutan təlimlərdə Rəqəmsal, Sənaye və Kosmos, Cost, MSCA üzrə təmsilçilər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan universitetin rektoru Rüfət Əzizov təlimlərin Avropa İttifaqının Tədqiqat və İnnovasiyanı maliyyələşdirən “Horizon” proqramı ilə bağlı olduğunu bildirib, təlim iştirakçılarına proqram barədə məlumat verib. Dünyanın ən böyük proqramı “Horizon” büdcəsinin 2014-2020-ci ildə 80 milyard avro, 2020-2027-ci ildə isə 95.5 milyard avro təşkil etdiyini qeyd edən R.Əzizov proqramın Avropanın dünyadakı rəqabət qabiliyyətini təmin edən maliyyə vasitəsi olduğunu xatırladıb: “Tədqiqatı və innovasiyaları dəstəkləyən “Horizon-2020” proqramı 3 istiqamətdə fəaliyyət göstərir: Qabaqcıl elm, Sənaye liderliyi, Sosial çağırışlar. Hamı üçün açıq olan proqram bürokratik prosedurlardan qaçan praktika kimi cəlbedicidir”.
“Horizon-Avropa” layihəsi kimi beynəlxalq layihələrə qoşulmağın universitetin reytinq cədvəllərində yer tutmasına təsirini qeyd edən R.Əzizov SDU-nun belə layihələrdə iştirakda maraqlı olduğunu söyləyib: “Sumqayıt Dövlət Universiteti olaraq düşünürük ki, bu layihə elmi-potensialın güclənməsi və gənc alimlərin tədqiqatçılıq ruhunun güclənməsində müstəsna rola malikdir”.
Rəqəmsal, Sənaye və Kosmos üzrə təmsilçi Məmməd Həşimov təlim proqramının hədəfləri, yeniliklər, yeni çağırış mexanizmləri, proqrama qoşulma yolları və maliyyə imkanları haqqında ətraflı məlumat verib.
Avropa Tədqiqatları Mərkəzi və COST Action üzrə təmsilçi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Departament direktoru İlham Hümbətov Avropanın elm, texnologiya və ictimai çağırışlarına cavab vermək qabiliyyətini artırmaq məqsədilə tədqiqatçılara şəbəkələşmə imkanları təqdim etməyin COST proqramının əsas vəzifələrini təşkil etdiyini bildirib. Məruzəçi bu proqramın Azərbaycan alimlərinin Avropanın digər ölkələrinin alimləri ilə əlaqələr qurması üçün böyük imkanlar açdığını deyib.
MSCA üzrə təmsilçi Zaur Həsənov proqramın imkanları, “Horizon Avropa” çərçivəsində yeniliklər, ayrılmış büdcə, maliyyə mexanizmləri, doktorant və postdoktorant səviyyəsində fərdi və kollektiv mübadilə qrantları, onlara müraciət yolları haqqında danışıb.
Təlimin sonunda “Horizon Avropa” çərçivəsində gerçəkləşən layihələr barədə fikir mübadiləsi aparılıb.
|
|
06.10.2023 | 13:02 | |
|
|
|